“Sorma nədən
Vətən yaxşıdır..."
Döyüşlərdə
şücaətilə seçilən şəhid Xudayar
Yusifzadə gülər üzü, həm də xoş
avazı ilə yaddaşlarda qaldı
44 gün davam edən Vətən müharibəsi bizə nə qədər qəhrəman, igid oğullarımızın olduğunu bir daha göstərdi. Onlar arasında ölümü ilə dastan yazanlar, dillər əzbərinə çevrilənlər də oldu, məhz Xudayar Yusifzadə kimi.
Mayın
28-də Bakıda ilk dəfə keçirilən "TEKNOFEST
Azərbaycan" Aerokosmik və texnologiya festivalında
çıxışında Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
"Badi-Kubədən, yəni, küləklər şəhəri
gözəl Bakıdan Nuru Paşanın komandanlıq etdiyi
Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla
birlikdə mübarizə apardığı torpaqların hər
qarışına, Natəvanın qəzəlinin
eşidildiyi ovalıqlara, şəhidimiz Xudayar
qardaşımın mahnı oxuduğu diyarlara, Gəncəyə,
Şuşaya, Füzuliyə, Laçına, Azərbaycanın
hər bölgəsinə salam və sevgilərimi göndərirəm",
- deyə söylədi.
Vətən
müharibəsinin gülərüz və özünəməxsus
ifa tərzilə könüllərdə özünə yer
tapan şəhidi Xudayar barədə çox yazıldı. Onun ifası dillər əzbəri oldu. Təbəssüm dolu
siması onu dərdsiz, heç
zaman acı çəkməyən bir şəxs kimi
tanıtdı bizlərə.
Bəli,
onu hamımız gözəl ifası ilə tanıdıq. "Şair, sorma
nədən Vətən yaxşıdır, adı gəlcək
könlüm dastana döndü" deyərək, 44 günlük Vətən müharibəsində
özü də dastana
döndü. Xudayar
Yusifzadə ölümündən 2 gün
əvvəl, 2020-ci il oktyabrın 20-də
döyüş zamanı Əliağa Vahidin "Vətən yaxşıdır"
şeirinə yazılan eyniadlı mahnını ifa etmiş və bunu telefon vasitəsilə
lentə almışdır. Həmin video
qısa müddət ərzində sosial medialarda paylaşılaraq trendə çevrildi. Onun şəhid olmasından sonra isə
həmin video daha geniş yayıldı və Xudayar
həmin mahnı ilə daha çox tanındı. Xudayarın ifasında
təsnif xalq arasında "Xudayar təsnifi" olaraq
məşhurlaşmışdı. Təsnifin bəstəkarı
xanəndə Əlibaba Məmmədovun təşəbbüsü
ilə "Xudayar təsnifi"
adlandırılmışdır. Əlibaba müəllim
Xudayarın ifası haqqında deyirdi:
"Mən yüzlərlə bu cür vətənpərvər musiqinin müəllifiyəm. O təsnifi böyük qəzəlxan Əliağa Vahidin sözlərinə bəstələmişəm.
Şəhid Xudayar Yusifzadənin videosunu izlədim, çox
gözəl səsi var imiş,
heyif o səsdən. Bir tərəfdən təsnifin dillər əzbəri
olması məni sevindirir, digər tərəfdən
isə Xudayarın vaxtsız itkisi məni
çox kədərləndirir. O
görüntülər hamıdan çox
mənə təsir etdi. Nə deyim, Vətən sağ olsun!".
Xudayar
kiçik yaşlarından Ağdamın sənət
adamlarının ifasını dinləməyi
xoşlayarmış. Bəzən, Səxavət
Məmmədovun "Azad bir
quşdum" mahnısını
özünəməxsus bir şəkildə
ifa edərmiş. Səsinin məlahətli
və çəkici olduğunu görən
hər kəs onun gələcəkdə
məşhur bir xanəndə
olacağını deyirdi. Elə ailə
üzvləri də bu niyyətlə onu Bərdə şəhər 1 saylı musiqi məktəbində xanəndəlik
sinfinə aparır. Məktəbə qəbul üçün
seçim turlarında uşaqların
hamısına "Şuşanın dağları"
mahnısını öyrənmək
tapşırılır. Bir neçə gün sonra seçimə
qatılan Xudayar "Azad
bir quşdum",
arxasınca isə "Şuşanın dağları"
mahnısını ifa edir.
Xudayarın ifasından sonra müəllimlər
ondan niyə tapşırılmayan "Azad bir quşdum"
mahnısını ifa etdiyini
soruşurlar. O,
hazırcavablığı ilə "Müəllim,
Şuşanın başı dumanlı dağlarını
görmək üçün azad bir quş
olmaq lazımdır. Amma
o da gənc
yaşında torpağa düşür"
cavabını verir.
Məşhur
"Vətən yaxşıdır" mahnısı əsasında,
sənətçilərimiz tərəfindən Xudayarın
şərəfinə "Xudayar təsnifi" hazırlanaraq
yayıldı. Cəsurluğu, mərdliyi, qəhrəmanlığı
ilə yazdı dastanını şəhid Xudayar.
Azərbaycan
Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar
Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan
Silahlı Qüvvələri tərəfindən Ermənistan
işğalı altında olan ərazilərin azad edilməsi
və Azərbaycanın ərazi bütövlüyünün
bərpa olunması üçün başlanan Vətən
müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd
məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın
və Zəngilanın azadlığı uğrunda gedən
döyüşlərə qatılıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan
döyüşləri zamanı Ağbənd istiqamətində
şəhid olub. Bərdə şəhərinin
Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycanın
ərazi bütövlüyünün təmin edilməsi
uğrunda döyüş əməliyyatlarına qatılan və
hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirdiyi üçün
Prezident İlham Əliyevin sərəncamlarına əsasən
Xudayar Yusifzadə ölümündən sonra "Azərbaycan
Bayrağı" ordeni, "Vətən uğrunda",
"Zəngilanın azad olunmasına görə"
medalları ilə təltif edilib. Təhsil
aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində
büstü qoyulub.
Anası
Radə Yusifzadənin xatirələrindən: "Mən onun
döyüşlərdə olduğunu bilmirdim. Bizə demirdi. Hər dəfə gülə-gülə
danışırdı, deyirdi, bizi döyüşə aparmırlar. Təlimlərdəyəm.
Bircə dəfə arxadan güllə səslərini
eşidəndə dedim o
nə səsdi? Cavab verdi
ki, Zəngilanı almışıq, əsgərlər
atəşfəşanlıq edirlər. Biləndə ki, döyüşdədir, ancaq
xeyir-dua verdim. Balaca dayısına demişdi
ki, döyüşə gedirəm".
Şəhidimizin
nənəsi Tovuz Məmmədova: "Xudayarın şəhid
xəbərini gətirən dostları dedilər ki,
düşmən mühasirəsində qalmış
yoldaşlarından birinə deyib, qorxma, gəlib səni xilas
edəcəm. Dostunu mühasirədən
çıxarıb sağ-salamat
qayıtmışdı. Biz dostları gəlib
danışana qədər bilmirdik ki, Xudayar Füzuli,
Hadrut, Zəngilan, Kəlbəcər,
Qubadlı uğrunda qaynar
döyüşlərdə iştirak edib. Mən balamla fəxr
etmişəm həmişə. Yenə fəxr edirəm. Çünki oğul
böyüdəndə bilirik ki, o, vətən üçün böyüyür".
Təəssüf ki, müharibə Xudayarın arzularını ürəyində qoydu. Özündən geriyə yadigarı qalmasa da, bütün Azərbaycan onu özünə övlad bilir, gözəl səsi, nurlu siması, gülüşləri ilə yaddaşlara həkk olunub. Bir də heç vaxt xanəndə olmayan gizir elə bircə mahnı ilə xanəndə kimi də tanındı. Adı dillər əzbəri olan şəhidimiz Xudayar Yusifzadənin və onun silahdaşlarının qəhrəmanlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Xudayar Yusifzadə Zəfər tariximizin bir parçası olaraq daim yaddaşlarda yaşayacaqdır.
M.MİRZƏ
Respublika .-2022.- 12 iyun.- S.7.