BÖYÜK MÜTƏFƏKKİR NİZAMİ
Dahi şairin
yaradıcılığının tədqiqi
Azərbaycan xalqı zəngin yazılı ədəbi
irsə malikdir. Bu ədəbi irsi bədii-poetik
yaradıcılığı ilə dünya
mədəniyyəti xəzinəsinə daxil
edən Nizami Gəncəvi fenomeni bədii sözün
nəhəngləri sırasında öndə gedərək
Azərbaycan xalqının özü qədər
qədim milli dəyərlərini "Xəmsə"si
ilə gələcək nəsillərə
çatdırmışdır. Yaxın Şərqdən Orta Asiyaya qədər olan geniş coğrafiyada elmin qüdrətini
təlqin edən dahi sənətkar bir mütəfəkkir simvoluna
çevrilmişdir. Dünya
ədəbiyyatında yeni dövr
açmış, Yaxın və Orta
Şərq xalqlarının fəlsəfi təfəkkür
tərzini zənginləşdirən dahi şairin yaradıcılığı müxtəlif
istiqamətlərdə tədqiq olunur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ilin
"Nizami Gəncəvi ili" elan edilməsi haqqında Sərəncam
vermişdir. Professor Mahirə Hüseynova yazır: "Bu çağırış Nizami
Gəncəvini, 800 ildən artıqdır ki,
təkcə Azərbaycan ədəbiyyatını deyil, xalqımızın ruhunu,
onun əxz etdiyi bəşəri
dəyərləri öz
yaradıcılığında ifadə edən, dünyada yayan böyük mütəfəkkiri kitab rəflərindən, internet
resurslarından hər bir azərbaycanlının
könlünə köçürmək
çağırışıdır". Ölkə Prezidentinin imzaladığı Sərəncam
N.Gəncəvi yaradıcılığının yeni tədqiqat sahələrini
araşdırmaq üçün stimul olmuşdur. Bu ali dövlət sənədi
bəşər sivilizasiyasına böyük
mütəfəkkirləri bəxş etmiş
milləti təsdiq edən sənəddir. Nizami
irsi uzun zamandan bəri dünya
elmi-ədəbi fikrinin diqqət mərkəzindədir.
Dahi şairin əsərləri
dəfələrlə nəşr olunmuş,
ədəbi irsinin öyrənilməsi və
tanıdılması istiqamətində mühüm
işlər görülmüşdür.
Lakin Nizami Gəncəvi
yaradıcılığının sistemli
şəkildə tədqiqata cəlb edilməsi, fundamental tədqiqatların aparılması Azərbaycan
filologiyasının qarşısında duran
mühüm vəzifələrdəndir. Nizami Gəncəvinin bəşəriyyətə
bəxş etdiyi sənət inciləri
elə bir xəzinədir ki,
neçə-neçə əsrlər elmi
araşdırmalar tələb edəcəkdir. Müasir
dövrün reallıqları "Xəmsə"
mətnlərinin təkcə ədəbi-bədii, fəlsəfi
yaradıcılıq meyarları müstəvisində deyil, eyni zamanda
kulturoloji, mifoloji, linqvistik və coğrafi areal baxımından tədqiqini zəruriləşdirir.
Bu baxımdan
professorlar Mahirə Hüseynova,
Elman Quliyev və Seyfəddin
Rzasoyun həmmüəllifliyi ilə
Türkiyədə nəşr edilən "Böyük
Azərbaycan mütəfəkkiri Nizami"
(Bursa-Türkiyə, 2022) kitabı bu
istiqamətdə aparılan mühüm fundamental tədqiqat əsəridir. Dahi şairin ədəbi irsi və onun
yaratdığı məktəbin aktual
problemləri müasir humanitar
düşüncənin tələbləri kontekstində öz tədqiqini aktuallaşdırır.
Xüsusilə, azərbaycançılıq məfkurəsi
işığında Şərq ədəbiyyatının fəlsəfi
fikrinin ən böyük
yaradıcılarından olan Nizami irsinin
araşdırılması bütün
ziyalılarımıza çağırışdır. Professor Mahirə Hüseynova
"Nizami Gəncəvi ili".
Gələcək üçün
çağırış" bölməsində N.Gəncəvi
yaradıcılığını tədqiq edən dünya alimlərinin əsərlərini təhlil
etmişdir. Nizaminin böyüklüyünün miqyasını təyin
etmək üçün V.Dəstəgirdi,
M.F.Köprülü, V.Bartold,
Y.Bertels kimi böyük şərqşünasların fəlsəfi
fikirləri təqdim edilmişdir. "Nizami və "Xəmsə" ənənəsi"
bölməsində Nizami ədəbi məktəbi,
şərq xalqları mədəniyyətinin
inkişafında və onun yeni istiqamətinin formalaşmasında rolu müəyyənləşdirilmisdir. Qeyd edildiyi kimi, onu dünyada şöhrətləndirən
ədəbiyyata tamamilə yeni bir poetik səs, nəfəs
gətirən "Xəmsə"si olmuşdur.
Əsərdə sözün qiymətini
bilən, onun ağırlıqları
altında poeziyanın yükünü
çəkən, nadir istedadın fitrəti
ilə adını dünya
ədəbiyyatının korifeyləri sırasına həkk
etdirən mütəfəkkirin ədəbi irsini
təhlil edərək M.Hüseynova
yazır: "Nizami adı, Nizami dühası Şərqə Azərbaycan-türk
şeirinin (geniş mənada
mədəniyyətinin) bədii-estetik, milli-fəlsəfi ecazkar nümunəsi tipində daxil
olmuş, Nizami adı
ətrafında formalaşan nə varsa Azərbaycan milli-mənəvi ruhunun daşıyıcısı təsirindən
uzağa getməmişdir".
Əlişir Nəvaidən gətirilən faktlarla Nizaminin Gəncə
əhlinə "incə mənalar" bəxş edən
mütəfəkkir şair siması təqdim
edilmişdir.
"Xəmsə"
dahi Nizaminin sənət aləmində ədəbi-bədii kəşfi
idi. XIII əsrdən başlayaraq
"Xəmsə"yə nəzirələrin
yazılması Azərbaycan-Şərq ədəbi-mədəni
əlaqələrinin genişlənməsinə geniş təsir etmişdir.
Nizami dühasından doğan
bu sənət onun hansı
coğrafiyada yaşamasından
asılı olmayaraq, orta
əsrlər ədəbi əlaqələrinin mühüm göstəricisi olmuşdur.
Nizami şeirinin tədqiqi
və fəlsəfi fikirlərinin açılışı,
onun bir fenomen olduğunu sübut edir. Sənətdə
istedad və cəsarəti ilə
seçilən N.Gəncəvinin yaradıcılıq
maraqları ilə üst-üstə düşən "Xəmsə"
nəfislər sırasında Əlişir Nəvainin xüsusi yeri qeyd edilir. Xüsusilə,
Ə.Nəvainin istər "Xəmsə"yə daxil olan, istərsə də
daxil olmayan əsərlərində
Nizami sənətinə verilən yüksək
qiymət geniş şəkildə
araşdırılmışdır. Qeyd olunduğu kimi, Ə.Nəvainin
əsərlərinin ayrı-ayrı hissələrində dahi Nizami
yaradıcılığının müxtəlif aspektlərdən
dəyərləndirilməsi onun Nizami sənətinə dərindən bələd
olduğunu təsdiqləyir. Nizaminin təsiri ilə yazılmış bütün "Xəmsə"lərdə Nizaminin üstünlüyü,
onun yaradıcılığının, mənəvi
sənət ecazkarlığı yüksək dəyərləndirilərək
yazılır: "Ə.Nəvai Nizaminin yalnız sirr yox, həm də dürr xəzinəsinin
yaradıcısı və sahibi kimi mövzu seçiminə,
hadisələri tarixi reallıqlarla bağlamaq səriştəsinə, yüksək
elmi-fəlsəfi mənalandırma bacarığına, sözün məna imkanlarını genişləndirmə
qabiliyyətinə və s. görə
sənət tacidarı və hikmət memarı
adlandırır".
Əsərdə Ə.Nəvainin möhtəşəm, əvəzolunmaz sənət memarı olan Nizami yaradıcılığına verdiyi dərin qiymət də təhlil edilmiş, "Fərhad və Şirin" poemasının ondan bəhrələnərək yazıldığı xüsusi vurğulanmışdır. Dahi Nizamidən təsirlənən Ə.Nəvai poemanı yazarkən Nizamiyə məxsus ənənələri, strukturu qoruyub saxlasa da Nizamidən fərqli olaraq hadisələrin mərkəzində Xosrovu deyil, Fərhadı saxlamışdır. Nizaminin "Xosrov və Şirin" poeması ilə Ə. Nəvainin yazdığı poema müqayisə edilmiş və şairin Fərhada tam fərqli müstəvidə yanaşması öz əksini tapmışdır.
Ə.Nəvainin digər əsərlərində olduğu kimi, "Yeddi səyyarə" əsərində də Nizaminin "Yeddi gözəl" poemasından bəhrələndiyi və onun təsiri ilə yazıldığı göstərilir. "Yeddi Gözəl" poemasının baş qəhrəmanı Bəhramın simasında ədalətli cəmiyyət, yeni insan və yeni ideyalar məsələlərinə Nizami Gəncəvi yaradıcılığında geniş yer verilmişdir. İnsan və cəmiyyət kontekstində dövlət, cəmiyyət, ədalətli idarəetmə və s. məsələlərə aydınlıq gətirilmişdir. Nizaminin irəli sürdüyü və həllinə çalışdığı insan və cəmiyyət ideyaları Ə.Nəvainin eyni süjetli "Yeddi səyyarə" poemasının ideyaları ilə üst-üstə düşür.
Əsərin "Müasir Qazax ədəbiyyatında Nizaminin özü və sözü" (Xalijan Bekxojin "Afaqnamə" poeması əsasında) hissəsi professor Elman Quliyev tərəfindən yazılmışdır. Xalijan Bekxojinin Azərbaycan-türk mədəniyyətinin, eləcə də Yaxın və Orta Şərq ədəbiyyatının inkişafında mühüm rol oynamış Nizami Gəncəvinin həyat yoldaşı Afaqın şərəfinə yazmış olduğu "Afaqnamə" (1970) tarixi poemasının Nizami irsinə böyük məhəbbətdən yazılması, yaradıcılığının dəyərləndirilməsi, təbliği və tərənnümü baxımından rolu araşdırılmışdır. Qeyd olunduğu kimi, Xalijan Bekxojinin "Afaqnamə" poeması dahi Nizaminin həyat yoldaşı Afaqın şərəfinə yazılsa da, Nizami ədəbi irsinə, Nizaminin özünün və sözünün obrazlaşdırıldığı, sənətinə, yaradıcılıq ənənələrinə dərin hörmət və ehtiramın nümunəsi kimi əhəmiyyətlidir. Çünki "Afaqnamə"nin əsas qayəsini, belə demək mümkünsə, Nizaminamə təşkil edir və poemada Nizami Gəncəvi xətti aparıcıdır. Poemada Şirvanşah Axsitanın əmri ilə onun görüşünə gedən Nizaminin Gəncədə olmaması, Gəncədə baş vermiş güclü zəlzələ nəticəsində Afaqın ölümü müəllif təxəyyülünün məhsulu olsa da poetik şəkildə qələmə alınmışdır. Qeyd olunduğu kimi, müəllif məqsədli olaraq Nizamini proseslərin mərkəzində saxlamaqla poemada onun aparıcı obrazını yaratmışdır. Nizaminin tərcümeyi-halı və şəxsiyyətinə, zəmanəyə və dövrün hakimlərinə, insanların əxlaq və davranışı, sənət və yaradıcılıq baxışları və s. məsələlərə tarixilik və müasirlik baxımından yanaşılmışdır. Bu səbəbdəndir ki, müəllif əsərdə "şeir mülkünün sultanı" hesab etdiyi Nizami obrazına qlobal müstəvidə yer verir. Hökmdarlarla qarşılaşdığı səhnələrdə Nizamiyə "Söz mülkünün sultanı" kimi önəm verilir və həmin hissələrdə şeir-sənət düşüncələri ictimai-siyasi baxışları üstələyir. Xalijan Bekxojin Nizaminin "Xosrov və Şirin" əsərindən "Afaqnamə"yə poemanın mövzusu ilə uzlaşan misralar daxil etmiş, Nizami sözünün bədii qüdrətindən faydalanmışdır.
Əsərin "Nizami Gəncəvinin "Yeddi Gözəl" məsnəvisinin əsas süjetinin folklor-mifoloji semantikası" professor Seyfəddin Rzasoy tərəfindən yazılmışdır. Müəllifin fikrincə, mətn şüurdakı dünya modelinin müxtəlif təsvir kodları ilə ifadə olunduğu, gerçəkləşdiyi obyektdir. Bu cəhətdən yanaşılaraq Nizami Gəncəvinin "Xəmsəsi"nin bədii-fəlsəfi informasiya sistemi kimi folklor-mifoloji semantikası müəyyənləşdirilir. Bu sistemdən çıxış edilərək milli və ədəbi kimliyi bütün dünya bədii-fəlsəfi düşüncə məkanı, milli kimliyin kodlarını özündə yaşadan etnoenergetik sistemi təhlil olunur və ümumən bəşəriyyətin etnokosmik yaşam gücü şərh edilir. Nizaminin adı, milli kimliyi və ədəbi mənsubiyyətlə bağlı mübahisələrə aydınlıq gətirilir. Azərbaycanda yaşayıb-yaratmış, onun təbiətini tərənnüm etmiş, türklüyü xüsusi bədii-estetik düşüncə konsepti kimi yaratdığı fəlsəfi düşüncə nüvəsinə yerləşdirilmiş Nizami haqqında bu mübahisələrə əsərdə son qoyulmuşdur. Əsaslandırılır ki, sovet nizamişünaslığının bütövlükdə mənsub olduğu siyasi məkanın ideoloji çərçivəsi şairin milli və ədəbi kimliyi məsələsini bütövlükdə həll etməyə imkan verməmişdir. Bu, nəzərə alınaraq Azərbaycan alimlərinin Nizaminin Azərbaycan xalqına və ədəbiyyatına məxsus olması, müxtəlif faktlarla gerçəkliyə çevrilməsi əsərdə öz təhlilini tapmışdır. Nizaminin azərbaycanlı olmaması haqqında İranda irəli sürülən fars şovinizminin müddəaları təkzib edilərək Nizaminin Azərbaycan xalqına və ədəbiyyatına mənsubluğu, milli və ədəbi kimliyi məsələsini aydınlaşdırmaq üçün metodoloji modelin formaları araşdırılmışdır. Bunun üçün milli kimlik və ədəbi kimlik terminlərinin məna sferası dəqiqləşdirilmişdir. Xüsusilə, akademik Marrın fikirlərinə istinad edilərək "İran alimləri farsca yazdığı üçün onu İran, fars şairi hesab etsələr" də "Nizaminin əsərlərindən türk iyi gəlir" deyərək, şairin yaradıcılığının türkün milli ədəbi maraqlarına uyğun olması təsdiq edilir. Professor Seyfəddin Rzasoy yazır ki, "Türklük Nizami üçün dərk olunmuş etnik özünün ifadə modelidir". Nizaminin əsərlərindən gətirilən faktlar əsasında türk-etnik mədəni varlığının, türk-mifoloji yaradılış modelinin ən mühüm ünsürləri şərh olunur. Nizaminin yaratdığı mürəkkəb obrazlar dərin, mifoloji, poetik ənənəyə söykənir. "Xəmsə" mətnində işlənən elmi fikirlərin zənginliyi, ədəbi mühiti, mənsub olduğu türk poeziyasının aktiv kontaktiv xüsusiyyətləri müəyyənləşdirilir. Nizami yaradıcılığının bu istiqamətdə araşdırılması yalnız ədəbiyyatşünaslığımız üçün deyil, ümumi mənəvi varlığımız üçün də maraqlı, səciyyəvi faktlar ortaya çıxarır. Tədqiqatdan aydın olur ki, dahi Azərbaycan şairi Nizami Gəncəvi dünya və ümumşərq mədəniyyəti incilərinə dərindən bələd olmuş, yeni istiqamətli poetik irsinin daha emosional, daha bədii-estetik zənginliklərə çatması üçün folklor qaynaqlarından, ümumən türk ədəbi mühitindən faydalanaraq bəşəriyyət qarşısında böyük xidmətlər göstərmiş, bədii sözlə fəlsəfi mənanı fenomenal şəkildə birləşdirərək fəlsəfi poeziyanın əsasını qoymuşdur. Azərbaycan filologiyasında əhatə dairəsi və yüksək elmliliyi ilə seçilən poliqrafik baxımdan da yüksək səviyyədə nəşr olunan bu əsər nizamişünaslıq üçün əhəmiyyətli bir əsərdir.
Sayalı SADIQOVA,
Azərbaycan Respublikası Nazirlər
Kabineti yanında Terminologiya
Komissiyasının sədr müavini,
filologiya elmləri doktoru,
professor.
Respublika .- 2022.- 11 iyun.- S.6.