Vüqar Hüseynov
Vətən
uğrunda şəhadətə yüksəlmək
böyük xoşbəxtlikdir. Bu xoşbəxtlik hər kəsə nəsib olmur, hər kəsin qismətinə düşmür. Vətən uğrunda, Qarabağ
savaşında namərd erməni gülləsinə tuş gələrək şəhidlik zirvəsinə
ucalmış, tanrı dərgahına qovuşmuş
qəhrəman oğullarımızın əziz xatirəsi
xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların şücaəti,
mərdliyi Azərbaycan gənclərinə örnək olmaqla yanaşı, həm də gələcək
nəslin formalaşmasında böyük
rol oynayacaq.
Adı
Azərbaycanın müharibə tarixinə qızıl hərflərlə
yazılan qəhrəmanlardan biri də Vüqar Tofiq oğlu
Hüseynovdur.
Vüqar
Hüseynov 20 iyun 1969-cu ildə Cəbrayıl rayonunun Daşkəsən
kəndində dünyaya göz açmışdır.
Hələ
kiçik yaşlarından mütaliəni sevmiş,
çalışqanlığı, elmə olan sonsuz həvəsi
müəllimlərinin, valideynlərinin diqqətindən
yayınmamışdı. Tarix fənninə böyük maraq göstərən Vüqar
Vətənin qəhrəman oğulları ilə fəxr edirdi.
Vüqar
orta təhsilini başa vurduqdan sonra Bakıdakı 14 saylı
texniki-peşə məktəbinə daxil olmuş, burada
elektrik qaynaqçısı ixtisasına yiyələnmişdi.
1987-ci
ildə hərbi xidmətə yollanan Vüqar Hüseynov xidmət
dövründə hərbi texnikanın sirlərini mükəmməl
öyrənmiş, dəfələrlə komandanlıq tərəfindən
mükafatlandırılmışdır. O, əsgəri
xidmətini başa vurduqdan
sonra Binəqədi Neft
və Qazçıxarma İdarəsində elektrik
qaynaqçısı kimi əmək fəaliyyətinə
başlamış, illər keçdikcə sevib-seçdiyi
peşəsinə ürəkdən bağlanmışdı.
1990-cı
ilin əvvəllərində mənfur erməni
daşnakları ərazilərimizə hücum edəndə
Vüqar heç cür rahatlıq tapa bilmədi, silaha
sarılıb torpaqlarımızın müdafiəsinə
yollandı. Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis
dəstəsinə yazılaraq Xocalıda, Goranboyda
erməni quldurlarına qarşı rəşadətlə
vuruşdu, döyüş
əməliyyatlarında yaxından iştirak
etdi.
Şəhid
jurnalist Salatın Əsgərovanın qatillərinin tapılmasında
Vüqar Hüseynovun böyük əməyi olmuşdu.
20
iyun 1991-ci ildə ermənilər böyük qüvvə ilə
Goranboy rayonunun Buzluq kəndinə hücuma keçmişdilər.
Bu ağır döyüşdə Vüqar neçə-neçə erməni quldurunu məhv etdi,
düşmənin xeyli sayda
canlı qüvvəsinin ələ keçirilməsində
yaxından iştirak etdi.
Bu döyüşdə Vüqar
və digər igid Azərbaycan
oğullarının misilsiz hünəri
sayəsində düşmən geri
çəkilməyə məcbur oldu.
Buzluq
kəndinə ermənilər yenidən hücum edəndə
Vüqarın sinəsi düşmən gülləsinə
tuş gəldi. Şəhidlik zirvəsinə ucalan Vüqar Hüseynovun son mənzili
Daşkəsən kəndindəki qəbiristanlıq oldu.
Azərbaycan
Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı
ilə Vüqar Tofiq oğlu Hüseynov ölümündən
sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri
adına layiq görülmüşdür.
Təhsil
aldığı kənd orta məktəbi onun adını
daşıyır.
Qədir ASLAN
Respublika .- 2022.- 19 iyun.- S.9.