Səfiyar Behbudov

 

Birinci Qarabağ savaşında, istərsə də Vətən müharibəsində ərazi bütövlüyümüzün qorunması uğrunda vətənpərvərlik borcunu ləyaqətlə yerinə yetirərək şəhidlik zirvəsinə yüksələn cəsur oğullardan biri də Səfiyar Abuzər oğlu Behbudov olub. Onun qəhrəmanlığından döyüş yoldaşları, Bərdə sakinləri fəxrlə danışırlar.

Səfiyar Behbudov 18 iyun 1967-ci ildə yurdumuzun dilbər guşələrindən birində - Bərdə rayonunun Mollalı kəndində dünyaya göz açmışdır.

O, 1984-cü ildə Bərdə şəhər orta məktəbini bitirmiş, bir ildən sonra əsgəri xidmətə çağırılmışdır. Orduda olarkən dəfələrlə komandanlıq tərəfindən valideynlərinin ünvanına razılıq məktubu göndərilmişdir. Hərbi xidmətdən sonra Səfiyar zabitlik kursuna getmiş, ona kiçik leytenant rütbəsi verilmişdir. Sonralar o, azadlıq hərəkatına qoşulmuş, Bərdədə "Soy" adlı Demokratik Gənclər Təşkilatı yaradaraq, rayon gənclərini öz ətrafında toplamışdı.

Xocalı soyqırımından bir həftə sonra Səfiyar tərəddüd etmədən Bərdə özünümüdafiə batalyonuna daxil olmuş və bölmə komandiri təyin edilmişdir. Səfiyar Tərtər bölgəsində bir neçə uğurlu əməliyyat keçirdikdən sonra, onun bölməsi Ağdam istiqamətində erməni quldurları ilə gedən ağır döyüşlərə göndərilir.

...11 mart 1992-ci ildə düşmən Əsgəran yaxınlığındakı postumuzu mühasirəyə alır. Səfiyar döyüş tapşırığını uğurla yerinə yetirir, düşmənin müqavimətini qıraraq mühasirədə olan döyüşçülərimizi xilas edərək Əsgərana doğru irəliləyir. Qaraqaya deyilən yerdə Səfiyar düşmənin böyük qüvvəsi ilə üz-üzə gəlir. Lakin geri çəkilmir, irəliləməkdə davam edir. Erməni quldurlarına qan udduran cəsur döyüşçü ağır yaralanır. Səfiyarı ermənilər əsir götürürlər. Əsir saxlandığı 10 gün ərzində o, ağır işgəncələrə mətanətlə dözür, öz zabit andına sadiq qalır, amansız, faşist xislətli erməni quldurlarına heç bir sirr vermir.

Erməni daşnakları Səfiyar Behbudovun ayaqlarını məftillə bağlayaraq, üstünə neft töküb yandırırlar. Belə bir faciəni isə ermənidən başqa heç bir millət törətməzdi. Gənc zabitin yanmış cəsədini 21 mart 1992-ci ildə çox çətinliklə almaq mümkün olur.

Səfiyar Behbudov Bərdə rayonunun Mollalı kəndində dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Behbudov Səfiyar Abuzər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Oxuduğu 6 saylı orta məktəb Səfiyar Behbudovun adını daşıyır.

 

Qədir ASLAN

 

Respublika  2022.- 18 iyun.- S.11.