Ənvər Fərəcov
Birinci Qarabağ savaşında Goranboy rayonu ərazisində erməni təcavüzkarlarına qarşı uğurlu döyüş əməliyyatları aparılmış, qəhrəman Azərbaycan oğulları düşmənə sarsıdıcı zərbələr endirmişlər.
Goranboyda
erməni faşistlərinə qarşı ağır
döyüşlərdə Ənvər Səyyad oğlu Fərəcov
igidlik göstərmiş, hər qarış Vətən
torpağı uğrunda mərdliklə vuruşmuş, polis əməkdaşı
kimi üzərinə düşən vəzifəni ləyaqətlə
yerinə yetirmiş və şəhidlik zirvəsinə
ucalmışdır.
Ənvər
Fərəcov 28 iyun 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində
dünyaya göz açmışdır. Ənvər lap uşaqlıqdan idmana böyük maraq göstərir,
idman yarışlarında fəal iştirak edirdi.
O,
1968-ci ildə Sarov kənd orta məktəbini müvəffəq
qiymətlərlə bitirmiş, sonra isə Azərbaycan Kənd
Təsərrüfatı Akademiyasına daxil olmuşdur. Ənvər 1974-cü ildə akademiyanın mexanizasiya fakültəsini bitirmiş
və Goranboy rayonunun
"Azərbaycan" kolxozunda baş mühəndis kimi əmək
fəaliyyətinə başlamışdır. O, 1981-ci
ildən daxili işlər orqanlarında
çalışmağa başlayır.
Sonralar
Ənvər Fərəcov Türkmənistanın Bezmin şəhərində
xüsusi komendaturanın müəssisədənkənar
mühafizə şöbəsində növbətçi kimi
çalışır. Sonra sahə
müvəkkili vəzifəsinə təyin olunur.
1990-cı ildə Özbəkistan Milis
Akademiyasını bitirərək Azərbaycan DİN-in
Sərəncamına göndərilir. Gəncə şəhər
DİŞ-də rəis köməkçisi işləyir.
1991-ci ildə doğma rayonlarına
qayıdır və bir müddət sonra Todan Polis
bölməsinin rəisi təyin edilir.
18 avqust 1991-ci il... Ənvər yoldaşlarını
mühasirədən çıxarmaq üçün
qeyri-bərabər döyüşə girir
və yoldaşlarını azad edirlər.
Bu uğurlu əməliyyata görə bölmə
rəisi Ənvər Fərəcov DİN tərəfindən
mükafatlandırılır. Ənvər Goranboya
gəldiyi gündən erməni yaraqlılarına
qarşı döyüşlərdə qüvvə və
bacarığını əsirgəmir, Vətən
torpağının hər qarışının
müdafiəsində cəsarətlə dayanır. Belə ki, onun
sayıqlığı sayəsində düşmənin 5 nəfər
canlı qüvvəsi əsir götürülür,
xeyli hərbi sursat ələ
keçirilir.
11
sentyabr 1991-ci ildə Goranboyda qızğın
döyüşlər gedirdi. Erməni quldurları böyük qüvvə ilə Erkəç,
Mənəşli, Buzluq kəndlərinə
hücum etmişdilər.
Döyüşdə Azərbaycan polisi sayca az olsa
da, kəndlərin müdafiəsində
sayıqlığı əldən vermirdi.
Qeyri-bərabər döyüşdə ermənilər xeyli itki verdilər, geri çəkilməyə məcbur oldular. Bu, Ənvərin sonuncu döyüşü
oldu.
Azərbaycan
Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 214 saylı fərmanı
ilə Fərəcov Ənvər Səyyad oğluna
ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı"
fəxri adı verilmişdi
Qəhrəman
döyüşçünün Goranboy rayonunda büstü
qoyulmuşdur.
Q.ASLAN
Respublika .- 2022.- 26 iyun.- S.8.