Ruslan Muradov

 

Respublikamızda, Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsinə daim hörmətlə yanaşılır, onların ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir. Tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Müstəqilliyimizin ilk illərində canlarını Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda, qəhrəman oğullarımız silaha sarılaraq Vətənin müdafiəsinə qalxdı. Ölkəmizin ərazi bütövlüyüsuverenliyi uğrunda xalqımızın qeyrətli, mübariz oğulları "Təki vətən sağ olsun" deyib canlarını fəda etdilər.

Vətən torpaqlarının bütövlüyü uğrunda düşmənlə üzbəüz mövqedə şücaətlə döyüşərək, şəhadətə qovuşan Ruslan Muradov 27 iyun 1973-cü ildə Mingəçevir şəhərində doğulmuşdur. 1990-cı ildə burada 10 saylı məktəbi bitirmişdir. Vitebsk şəhərində ali məktəbə daxil olsa da, orada təhsilini davam etdirməmiş, doğma Mingəçevirə qayıtmışdır. Atasının işlədiyi Mingəçevir Texniki Rezin Məmulatı Zavodunda işə düzəlmişdir.

1988-ci ildə Ermənistanın ölkəmizə qarşı ərazi iddiası başlayanda Ruslan televizorun qabağında oturub həyəcanla cəbhə xəbərlərini izləyirdi. Acı xəbərlər Ruslanın qəlbini göynədirdi. Öz ata-baba yurdlarından zorla qovulan soydaşlarımızın acı taleyi onun yuxusunu ərşə çəkmişdi. Orduya çağırılacağı günü səbirsizliklə gözləyirdi. O, 1992-ci il yanvarın 22-də Milli Ordu sıralarına daxil olur. Daxili qoşunlarda xidmət edir. Bir neçə ay hazırlıq keçdikdən sonra, 1992-ci il aprelin 14-də Ağdamın Papravənd kəndinə göndərilir. Həmin gün tərk edilmiş kənd uğrunda ağır döyüşlər gedirdi. Ruslanın xidmət etdiyi bölmə yerli özünümüdafiə batalyonunun əsgərləri ilə birlikdə bir sıra uğurlu əməliyyatlar keçirir. Kənd camaatı yenidən öz ev-eşiyinə qayıdır. Bu əməliyyatların həyata keçirilməsində bir kəşfiyyatçı kimi Ruslanın böyük zəhməti olmuşdur. Onun düşmən haqqında dəqiq məlumatları mühüm əhəmiyyət kəsb edirdi.

1992-ci ilin avqustunda düşmən ərazisində Azərbaycan silahlı qüvvələrinə məxsus bir təyyarə vurulur. Ruslan təyyarəçini xilas etmək üçün bir neçə yoldaşı ilə birlikdə keçirilən əməliyyatda iştirak etməli olur. Onlar mühasirəyə düşdülər. İki gün davam edən ağır döyüşlər nəticəsində mühasirəni yarırlar.

Ruslan Muradov 1992-ci il avqustun 22-də, Ağdam rayonunun Gülyataq kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.

Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Muradov Ruslan Həmid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Vaxtilə oxuduğu orta məktəb indi onun adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuz işğal altında olan torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Ruslanın uğrunda şəhid olduğu torpaqlar öz sahibinə qovuşub. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Bu möhtəşəm Qələbə xalqımız tərəfindən böyük qürur, sevincruh yüksəkliyi ilə qarşılandı. Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşməklə mətinliyini, mübarizliyini göstərdi. Artıq şəhidlərimizin ruhu şaddır.

 

 M.CƏFƏROV

Respublika .- 2022.- 26 iyun.- S.8.