Malik Əsədov
…Dağlar
qatı dumana bürünmüşdü.
Şuşanın Nəbilər kəndi uğrunda
qızğın döyüşlər gedir,
hər tərəfə güllə yağışı
yağır, erməni daşnakları dinc
əhalini vəhşicəsinə qırır, geri çəkilmək istəmirdilər.
Əlverişli mövqe tutmuş Azərbaycan polisinin igid, cəsur oğulları düşmənin
hücumlarının qarşısını cəsarətlə
alır, sayca az olsalar da, ermənilərin
müqavimətini qırırdılar. Qəlbində daşnak quldurlara dərin
nifrət bəsləyən Malik Əsədov
da düşmənə qarşı ara vermədən atəş açır, ermənilərin
Nəbilər kəndinə girməsinə imkan
vermirdi.
Malik
Hamil oğlu Əsədov 27 iyun 1962-ci ildə Yevlax rayonunun
Havarlı kəndində dünyaya göz
açmışdır.
O,
1979-cu ildə orta məktəbi müvəffəq qiymətlərlə
başa vurmuş, sonra isə Mingəçevir şəhər
45 saylı Müstəqil Hərbiləşdirilmiş
Yanğından Mühafizə Hissəsində əmək fəaliyyətinə
başlamış, get-gedə təcrübəsini
artıraraq püxtələşmişdi.
Birinci Qarabağ müharibəsi başlayanda, Vətənin müdafiəsinə yollananlardan biri də Malik Əsədov oldu. Odlu səngərlərə yollanan, yağı düşmənə qarşı igidliklə vuruşan Malik Əsədov Xocalı, Əsgəran, Ağdam və Şuşada gedən ağır döyüşlərin iştirakçısı oldu. Çox keçmədən bölmə komandiri təyin edildi. Göstərdiyi xidmətlərə görə bir neçə dəfə DİN-in fəxri fərmanlarına və mükafatlarına layiq görüldü. O, Şuşanın Daşaltı kəndinin yaxınlığında misilsiz şücaət göstərdi, düşmənə sarsıdıcı zərbələr endirdi.
1992-ci il yanvarın
18-i idi. Şaxta adamı bıçaq
kimi kəsirdi. Hər yan ağ örpəyə
bürünmüşdü. Şuşanın kəndi uğrunda
qızğın döyüşlər
gedirdi. Yaraqlılar sayca çox
idi. Polis işçiləri isə
cəmi 6 nəfər
idi. Bu çətin
məqamda Malik sayıqlığını itirmir,
düşmənə layiqli
cavab verirdi. Bu çətin döyüşlərdə
cəsarətlə vuruşan
Malik Əsədov şəhidlik zirvəsinə
yüksəldi. Son mənzili isə Havarlı kəndindəki
qəbiristanlıq oldu.
Yurdunda isə 3 övladı qaldı.
Azərbaycan Respublikası Prezidentinin
8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğlu
ölümündən sonra
"Azərbaycanın Milli
Qəhrəmanı" fəxri
adına layiq görülmüşdür.
Təhsil aldığı Havarlı
kənd orta məktəbi Malik Əsədovun adını
daşıyır. Həmin məktəbdə
və Mingəçevir
şəhərində qəhrəmanın
büstü qoyulmuşdur.
Qədir TƏYYAROĞLU
Respublika .- 2022.- 26 iyun.- S.8.