Yavər Əliyev

 

Qəlbimizdə kök salmış, yaddaşlarımızda iz qoymuş layiqli Vətən oğullarından biri də Yavər Yaqub oğlu Əliyevdir. Yavər 27 iyun 1956-cı ildə Bakı şəhərində, neftçi ailəsində anadan olub. Pirallahı adasında 235 saylı orta məktəbdə təhsili başa çatdıqdan sonra Kremençuq Mülki Aviasiya Uçuş Məktəbinə daxil olmuş və 1977-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. Yavər pilot uçuşlarına 1977-ci ildə Zabrat aviabirliyində başlayır. Mi-2, daha sonra Mi-8 helikopterinin ikinci dərəcəli pilotu kimi xidmət edir, sonradan həmin helikopterin komandiri olur. Yüksək peşəkarlıq və müsbət şəxsi keyfiyyətlərinə görə, Zabrat Aviasiya dəstəsinin uçuş heyətinin komandiri təyin edilir.

Öz təşkilati və döyüş qabiliyyətinə, yüksək peşəkar hazırlığına görə Yavər hərbi helikopterlərin birinci eskadrilyasının komandiri təyin edilir. O, qısa müddət ərzində ən yaxşı Mülki Aviasiya pilotlarını cəlb etməklə vahiddöyüş kollektivini toplayır. Yavər Zakir Yusifov, Zakir Məcidov, Xanlar Səttarov, Firuz Cəlilov, Faiq Məmmədov və başqaları ilə birgə Azərbaycanın hərbi aviasiyasının tezliklə formalaşması üçün fədakarcasına çalışırlar.

1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı Yavər Əliyevin rəhbərliyi altında uçuş heyəti dağlıq rayonların əhalisinin təxliyyəsində, Ağdam və Şuşa kəndləri arasında hava körpüsünün yaradılmasında iştirak etmiş, döyüş uçuşları da həyata keçirmişdir. Yavər Qarabağda Mi-24 helikopterində bir neçə döyüş uçuşu yerinə yetirirərək düşmənin mövqelərinə aşağı hündürlükdən zərbələr endirir.

1991-ci ilin axırları idi. Xocalıda körpələr göylərdə uçan şahinləri izləyirdi, Bu zamanlar Kərkicahanda vəziyyət gərginləşmişdi. Kərkicahana yerüstü əlaqənin yolları təhlükələr içindən keçirdi. Bu dözümlü kəndə, məhrumiyyətə düçar olmuş insanlara ərzağı və silah-sursatı, ancaq vertolyotlar apara bilirdi. Pilot qrupu Kərkicahana sarı uçuş istiqaməti götürür. Erməni yaraqlıları vertolyotlarımızın uçuşunu izləyir.

 Düşmənin PDM-ləri vertolyotlarımızı atəşə tutur. Hər atdığının hədəfə dəydiyini güman edən ermənilər ordusunun psixoloji durumunu yüksəltmək üçün bu atışın da "türkün ürəyinə dağ çəkdiyini" tez-tələsik bəyan edir. Mərmilərdən biri pilotumuzun idarə etdiyi vertolyotu zədələyir.

Yavər Əliyev 1992-ci il yanvarın 22-də dəhşətli bir xəbər alır. Yoldaşlarının idarə etdiyi Mİ-8 vertolyotu düşmən tərəfindən vurulur. Azərbaycanın cəsur oğulları Viktor Seryogin, Ərəstun Mahmudov, Səfa Axundov həlak olmuşdular. Vəziyyətin gərgin olmasına baxmayaraq, igid şahin Yavər Şuşaya gələrək, düşmən atəşi altında onların cəsədlərini götürə bilir.

Yavər Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaranmasında da böyük işlər görmüşdür. 1992-ci il fevralın 14-də MDB hərbi hissələrindən Azərbaycana bir neçə Mİ-24 hərbi vertolyotunun göndərilməsində onun böyük xidməti olmuşdur.

Dağlıq Qarabağda növbəti döyüş tapşırığını yerinə yetirərkən 29 fevral 1992-ci ildə şəhid olur. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Əliyev Yavər Yaqub oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. İki övladı atasının yolunu davam etdirir. Pirallahı adasında oxuduğu 235 №-li tam orta məktəb onun adını daşıyır.

Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimiz kimi Yavər Əliyevin ömür yolu da hamımıza örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolunu öyrənməlidir. Vətəninin uğrunda şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Yavər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi qalacaqdır.

 

Müşfiq MİRZƏ

 

Respublika .- 2022.- 26 iyun.- S.8.