Cəsur kəşfiyyatçı

 

Vətən müharibəsi şəhidi Sehran Nizami oğlu Vəliyev 23 fevral 1993-cü ildə Biləsuvar rayonunun Nəsimi kəndində anadan olub. 2011-ci ilin aprelində hərbi xidmətə çağırılır və Dövlət Sərhəd Xidmətində qulluğa başlayır. 2012-ci ildə hərbi xidmətini müvəffəqiyyətlə başa vurduqdan sonra doğma kəndinə qayıdır.

 

Sehranın hərbi sahəyə marağı onu yenidən bu çətin və məsuliyyətli işə qaytarır. Etdiyi müraciət razılıqla qarşılanır və 2016-cı ildə ona gizir rütbəsi verilir. Sonra kəşfiyyat manqasının komandiri kimi məsuliyyətli bir tapşırılır. O, Silahlı Qüvvələrin təlim və tədris mərkəzində (TTM) iki aylıq "fəaliyyət göstərən qoşun kəşfiyyatı taqım komandirinin müavini-qrup komandiri" kursunu bitirirərək "N" saylı hərbi hissəyə təyinat alır və kəşfiyyat manqasının komandiri işləyir. Burada üç il xidmət etdikdən sonra əldə etdiyi nailiyyətlərə görə onu kəşfiyyat taqımının komandiri vəzifəsinə təyin edirlər.

 

27 sentyabr 2020-ci il. Sehran Füzuli, Ağdərə, Qubadlı istiqamətindəki əməliyyatlarda və döyüşlərdə iştirak edir.

 

Sehranın döyüş yoluna və yoldaşlarının xatirələrinə nəzər salaq. Sehranla birlikdə döyüşərək dörd güllə yarası alan cəlilabadlı Niyaməddin Əzizov danışır: "Sentyabrın 26-da döyüş əmrinə hazırlıqla bağlı Sehrana döyüş tapşırığı verilir. Gizir Sehran Vəliyev bu tapşırığı öz kəşfiyyat taqımına çatdırdı. Taqım yüksək döyüş hazırlığı keçdiyindən tam hazır idi. Müharibənin ilk günü aldığımız tapşırığı layiqincə yerinə yetirib cəmləşmə rayonuna qayıdandan sonra bizim artilleriyamız verdiyimiz koordinatları atəşə tutdular. Elə bunun ardınca həm 1-ci taqım, həm də biz döyüş mövqeyinə çıxdıq. Axşama doğru gizir Sehran Vəliyevin taqımı düşmənin əsas döyüş postlarından birini ələ keçirdi. Sehranın özünün necə igidlik və məharətlə vuruşması onu taqımının üzvlərini də ruhlandırırdı və hər kəs özünü ona oxşatmaq istəyirdi. Sentyabrın 28-də gecə saat təxminən iki olardı ki, biz dayandıq. Artilleriyamız düşməni vurmağa başladı. Düşmənin artilleriya atəşi dayandıqdan sonra tam heyətlə irəli getdik. Düşmən tərəf çox itki verdi. Səhəri gün Sehranı bizim yenidən əvvəlki qrupa qaytardılar.

 

Cəbrayıl istiqamətində yaxın təmasda döyüş gedirdi. Erməni hərbi hissəsinə hücuma keçdik. Biz 30 nəfər idik, onlarsa 100-dən çox idi. Ən öndə Sehran özü gedirdi. Xüsusilə sağ cinahdan fəallıq hiss olunurdu. Sehran o hissəyə gedərək 20-dən çox düşməni məhv etdibununla da hərbi hissənin ələ keçirilməsini təmin etdi. Oktyabrın 1-də Füzulidən çıxıb Cəbrayıl istiqamətində döyüşürdük. Bizə göstəriş verdilər ki, xüsusi təyinatlı dəstəni vurublar, yaralılar var. Onların döyüş mövqeyindən təxliyəsini həyata keçirmək üçün ora getdik. Ayın 2-də Sehran bizə yaralıları çıxarmağı tapşırdı, özü isə döyüşə girdi. Düşmən yaralılar istiqamətini intensiv atəşə tuturdu, biz ora girə bilmirdik. Sehran döyüşə girərək bizim yaralıları çıxarmağımıza şərait yaratdı. Bir də baxdım ki, onun bizə istiqamət verən səsi gəlmir. Biz yaralıları çıxarmışdıq, ona köməyə gedəndə isə o artıq şəhid olmuşdu".

 

Başqa bir döyüş yoldaşının xatirəsi: "Sehran cəsur, qorxmaz ürəyi olan döyüşçü idi. Həm yoldaşlıqda, həm də işində yerini bilən bir qardaş idi. Müharibənin ilk günlərində bizə su, sursat, yemək gələn yolları düşmən artilleriyası vururdu. Birgörürdün Sehran lazım olan bu vacib şeyləri kisəyə yığıb gətirdi. Oktyabrın 1-i axşam yüksəkliyi uğurla aldıq, səhərə kimi artilleriyadan qorunmaq üçün mövqe qazdıq. Sabahısı isə tapşırığı başqa istiqamətə verdilər. Orada digər qüvvələrimizə kömək lazım idi. Biz bunu bacardıq, amma təəssüf ki, igid olduğu qədər də yumşaq ürəyi olan gözəl döyüş yoldaşımızı və komandirimizi itirdik".

 

Şəhidlik zirvəsinə ucalan Sehran Vəliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin  sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Sehran ailəli idi, 3 övladı əmanət qaldı. Üçüncü övladının  isə üzünü görmədi.

 

Müşfiq MİRZƏ

 

Respublika  2022.- 6 mart.- S.11.