İxtiyar Qasımov

 

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı törədilən bir sıra cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Onların bu igidlik və rəşadəti xalqımızın qəlbində əbədi bir məşələ çevrilərək gələcək nəsillərin yolunu işıqlandırır.

 

Doğma yurd yerlərimiz uğrunda yüzlərlə igid oğullarımız canlarını fəda edib, ən yüksək zirvəyə, şəhidlik zirvəsinə yüksəlir. Onlardan biri də Qasımov İxtiyar Qasım oğludur. İxtiyar 22 mart 1970-ci ildə Ağdam rayonunun Salahlı kəndində anadan olub. Natamam orta təhsilini doğma kənddə almış, sonra Bakıda kimya-biologiya təmayüllü məktəbdə oxumuşdu. Orta təhsilini uğurla başa çatdırdıqdan sonra aqronom olmaq arzusu ilə Gəncə Kənd Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) daxil olmuşdu. Burada da özünün biliyi, bacarığı ilə tələbə yoldaşları arasında fərqlənirdi. Lakin Qarabağda erməni quldurların iğtişaşlara başlaması onun da gələcək arzularının qarşısına sədd çəkdi.

 

O, Ağdam özünümüdafiə batalyonunun bazasında təşkil edilmiş “N” saylı hərbi hissənin üçüncü batalyonunda xidmətə başladı. Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyevin komandir olduğu bu hərbi hissə Qarabağ müharibəsində daim ön xəttə olmuş, çoxsaylı döyüş əməliy­yatları keçirmişdir. İxtiyar kəşfiyyatçı idi, savadlı və geniş dünyagörüşlü, hərbi işdən xəbərdar bir gənc kimi əməliyyat planlarının hazırlanmasında iştirak edirdi. Ağdamın Kolanı obaları üçün təhlükə mənbəyi olan Qazançı kəndində erməni quldurlara qarşı düzgün əməliyyat planını qurmağı bacaran İxtiyarın şücaəti nəticəsində düşmən ağır itki vermişdi. Ermənilərin üç PDM-i, bir zirehli maşını və onlarla canlı qüvvəsi məhv edilmişdi. Rayonun Abdal-Gülablı kəndinə düşmən basqınının qarşısının alınmasında da İxtiyar xüsusi fərqlənmişdi. İ.Qasımov Ağdamın və Ağdərənin əksər kəndlərində gedən qanlı döyüşlərin iştirakçısı olmuşdur. 1991-ci il mart ayında  döyüş yoldaşı Habil Mirzəyevlə  Vəng kəndinə getmiş və erməni faşistlərinin gözətçi məntəqəsindən iki nəfəri  əsir götürüb  gətirmişlər. Onlardan vacib olan döyüş koordinatlarını ətraflı öyrənmişlər.

 

1992-ci il yanvar-fevral aylarında Ağdərə və Ağdam bölgələrində Azərbaycanın milli ordusu erməni quldurlarının böyük maneəsi ilə qarşılaşır. Həmin vaxt İxtiyar komandirlik etdiyi bölmə üzvləri ilə birlikdə böyük əhəmiyyətə malik olan bir neçə mövqelərin gözətçi məntəqələrində düşmən əsgərlərini məhv edərək milli ordumuzun 15 km-ə qədər irəliləməsinə və 40-a yaxın kəndimizin azad edilməsinə nail olmuşdular. İyul ayının 14-də səhər tezdən İxtiyar bir neçə döyüş yoldaşı ilə kəndin ərazisində düşmən olub-olmadığını yəqin etmək üçün reydə çıxır. Lakin ermənilər evlərin çardaqlarından İxtiyarın dəstəsinə şiddətli atəş açır. İxtiyar döyüşərək düşməni, 17 nəfər ermənini məhv edərək qəhrəmancasına həlak olur. Salahlı kənd qəbiristanlığında dəfn edilir. Vaxtilə oxuduğu Salahlı kənd orta məktəbi qəhrəman şəhidin adını daşıyır.

 

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Qasımov İxtiyar Qasım oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

M.MİRZƏ

 

Respublika .- 2022.- 20 mart.- S.8.