Anatoli Davidoviç

 

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşlərdə azərbaycanlılarla yanaşı, digər xalqların övladları da şəhidlik zirvəsinə ucalıb və adları Azərbaycanın şanlı qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanın Milli Qəhrəmanı, mayor Anatoli Nikolayeviç Davidoviçin xalqımız qarşısında göstərdiyi igidliklər heç vaxt unudulmayacaq. Onun qısa, lakin şərəfli ömür yolu gələcək nəsillərə örnək kimi nümunə göstəriləcək.

 

 Anatoli Davidoviç 28 mart 1965-ci ildə Belarus Respublikasının Minsk vilayətinin Kapıl rayonunun Skabin kəndində hərbçi ailəsində dünyaya göz açmışdır. Sonra ailələri ilə birlikdə Slutsk şəhərinə köçən Anatoli burada 10 saylı orta məktəbi bitirib. 1989-cu ildə Ukraynadakı Sumı Ali Hərbi Artilleriya Məktəbinə daxil olur, SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda, Zaqafqaziya hərbi dairəsində qulluq edir. O, əvvəl Gəncə şəhərindəki SSRİ, sonra isə Rusiya Federasiyasının Silahlı Qüvvələrinə məxsus artilleriya alayında qərargah rəisi vəzifəsinə təyin edilir.

 

 1992-ci ilin fevralında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı - Xocalı faciəsindən sonra Anatoli özünə gələ bilmir, evlənməsindən heç bir il də keçməməsinə, uzaq Belarusda onu doğmalarının gözləməsinə baxmayaraq o, könüllü olaraq müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın Silahlı Qüvvələrinə daxil olurMilli Ordumuzun yaranmasında, formalaşmasında, peşəkar artilleryaçıların hazırlanmasında köməyini əsirgəmir.

 

 Dərin biliyə malik olan belaruslu zabit Azərbaycan Silahlı Qüvvələrinin möhkəmlənməsinə böyük töhfələr verir, topçu mütəxəssislər hazırlanmasında özünün bilik və təcrübəsini əsirgəmir. O, əsl hərbçi idi.

 

 1992-ci il iyunun 9-u Ağdam rayonunda qanlı döyüşlər gedirdi. Mayor Anatoli Davidoviç bacarıqlı komandir kimi döyüşçülərə nümunə göstərir. Döyüşlərin birində düşmən gülləsi ondan yan keçmir. Anatoli ağır yaralanır. Çoxlu qan itirir. Həkimlərin səyi isə nəticə vermir. Anatoli 1992-ci il iyunun 13-də Bakı Şəhər Mərkəzi Hospitalında gözlərini əbədi olaraq yumur. Belarus Respublikasının Slutsk şəhərində dəfn edilir. Bir oğlu yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli 24 saylı fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviçə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

 

 Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş belaruslu Anatoli Davidoviçin anadan olmasının 50 illiyi ilə əlaqədar xatirəsinin əbədiləşdirilməsi məqsədilə Gəncədə küçələrdən birinə adı verilmiş, həmin küçədə barelyefi qoyulmuşdur.

 

 Torpaqlarımızın azad olunması uğrunda fədakarlıq göstərən və şəhid olan Anatolinin adı hər bir kəs üçün əzizdir. Anatoli Davidoviç əslən belaruslu olsa da, Azərbaycan xalqı onu öz ovladı kimi qəbul edir və Gəncə şəhərində küçələrdən birinin onun adına verilməsi də məhz bu məqsədi daşıyır. 2015-ci ildə Milli Qəhrəmanın həyat yoldaşı Tatyana Mixaylovna Davidoviç çıxışında Anatolinin xatirəsinə göstərdiyi ehtirama görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Həmçinin "Biz Davidoviçlər ailəsi olaraq Anatoliyə göstərilən böyük sevgiehtirama görə şəhər rəhbərliyinə, gəncəlilərə dərin minnətdarlığımızı bildiririk" - deyə söyləyib.

 

 M.MİRZƏ

 

Respublika  2022.- 20 mart.- S.8.