Rövşən Abdullayev
Şəhidlik ən uca zirvədir. Xalqını, Vətənini böyük məhəbbətlə sevən, mərd, cəsur, qeyrətli, qartal vüqarlı oğullar ancaq bu uca zirvəyə yüksəlirlər. Yaşadıqları ömür payı olduqca ləyaqətli, şərəfli və əbədidir. Şəhid polis zabiti Rövşən Abdullayevin 23 illik qısa, dəyərli və mənalı ömrü kimi.
1969-cu il yanvar ayının 16-da əzəmətli dağlar diyarı - Lerik rayonunda ziyalı ailəsində dünayaya göz açıb. Atası Əbdülhüseyn Abdullayev təkcə cənub bölgəsində deyil, respublikamızda sayılıb-seçilən, təcrübəli, tanınmış, nüfuzlu hüquqşünas olub. Uzun illər respublikamızın daxili işlər orqanlarında çalışıb. Ömrünün yarıdan çoxunu məsul vəzifələrdə, 24 il fasiləsiz Lerik və Astara rayon polis şöbələrinin rəisi vəzifəsində işləyib.
Rövşən ailənin sonbeşiyi, üç qardaş və üç bacının, valideynlərinin, doğmalarının əzizi, sevimlisi idi. Atasının xidməti işi ilə əlaqədar ailə Astara şəhərinə köçüb. Rövşən birinci sinifdən M.Ə.Sabir adına Astara şəhər 1 nömrəli tam orta məktəbdə oxuyub. Əlaçı, nümunəvi şagird kimi yaşıdlarından fərqlənib. İdmançı olub. Məsul idman yarışlarında çoxlu nailiyyətlər qazanıb.
Atası onun hüquqşünas olmasını istəyir, parlaq gələcəyinə inanırdı.1987-ci ildə imtahanları yüksək qiymətlərlə verib keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhərindəki Ali Siyasi Məktəbə daxil oldu. Təhsilini uğurla başa vurub Rostov şəhər daxili işlər şöbəsinə təyinat aldı.
1991-ci ildə Azərbaycan DİN-in Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yeləşən "N" saylı hərbi hissəsində siyasi şöbənin rəisi vəzifəsinə təyin olundu. Əsgərlərə təlim keçir, onları döyüşə hazırlayırdı. Aylarla şəxsi heyətlə cəbhə bölgəsinə ezam olunur, kəndlərimizi, dinc əhalini erməni hücumlarından qoruyurdular.
Düşmənin məkrli planlarını həmişə alt-üst edib döyüş və kəşfiyyat əməliyyatlarını əsl hərbçilərə məxsus peşəkarlıqla yerinə yetirirdi. Rövşən Abdullayevin rəhbərliyi altında gedən döyüşlərdə düşmən çox ağır itkilərə məruz qalırdı.
1992-ci ilin
iyun ayı idi. Rövşən Abdullayev 70 nəfərlik
şəxsi heyətlə
Zəngilan rayonuna ezam olundu. Həmin dövrdə rayonun kəndləri cəbhənin
ən qaynar nöqtəsinə çevrilmişdi.
Mühüm strateji əhəmiyyətə malik
olan Qazançı kəndində post qurub əraziyə nəzarət
edirdilər. Düşmən bu kəndi alsaydı, Zəngilan və Qubadlı rayonlarını çox asanlıqla işğal edəcəkdi. Məqsədləri də strateji əhəmiyyətli Qazançı
kəndini ələ keçirmək idi. Düşmən posta rəhbərlik
edən təcrübəli,
bacarıqlı, qorxmaz
komandir haqqında müəyyən kəşfiyyat
məlumatları da əldə etmişdi.
Sentyabr ayının 12-də növbəti
dəfə ərzaq, silah gətirmək üçün Rövşən
6 əsgərlə Şayıflı
kəndinə gedib. Düşmən texnika və xeyli canlı qüvvə ilə Qazançı postuna hücum edir. Komandirə bu haqda ratsiya
ilə məlumat çatan kimi təcili geri qayıtmalı olur. Gündüz
saat 15 radələrində
ermənilərin pusqu
qurduğu yerdən keçərkən düşmən
onları avtomat və iriçaplı silahlarla fasiləsiz atəşə tutur.
İgid komandir maşınlarının
vurulduğunu görüb
əsgərlərə yolun
aşağı hissəsində
çaya enməyi və su borularında
gizlənməyi əmr
edir. Özü mövqe seçib
düşmənlə təkbaşına
döyüşür. Sərrast atəşlə bir neçə erməni yaraqlısını məhv
edir.
Sonra döyüşü ayaqüstə
davam etdirir. Düşmən mərmisi sağ ayağının bud hissəsini
və sağ qolunu ağır zədələyir. Əsgərlər cəsur komandiri qan içində döyüş meydanından
çıxarırlar. Yolda çoxlu qan itirdiyindən gözlərini
əbədi yumur.
Lakin bu, adi bir
ölüm deyildi.
Rövşən düşmənlə qeyri-bərabər döyüşdə
əsl qəhrəmanlıq,
şücaət göstərir.
Altı əsgərin həyatını
xilas edib mərd, mübariz bir qəhrəman kimi əbədiyyətə
qovuşur.
Qardaşı, Lənkəran
şəhər-rayon polis şöbəsinin
əməkdaşı, polis polkovnik-leytenantı Azad Abdullayev
deyir: "Rövşənlə
iki yaş fərqimiz olub. Məktəbə, idman məşğələlərinə
bir yerdə gedirdik. Çox ünsiyyətcil, dostcanlı idi, saf, təmiz ürəyi vardı.
İdmanla ciddi məğul
olduğundan fiziki cəhətdən güclü
idi. Qorxu nə olduğunu
bilmirdi. Atam Rövşənə
çox ümid bəsləyir, gələcəyinə
inanırdı. Deyirdi ki,
Rövşən harada
işləsə ad-san, hörmət,
nüfuz qazanacaqdır.
Üstündən 30 il keçsə də ölümünə
bu gün də inanmırıq. Yaxın vaxtlarda qardaşımın
döyüşdüyü, şəhadətə qovuşduğu
Cəbrayıl rayonunun
Qazançı kəndinə
gedib o yerləri ziyarət edəcəyəm.
Uğrunda canını qurban
verdiyi o kəndin torpağından gətirib
qəbrinin üstünə
səpəcəyəm. Qoy ruhu sevinsin ki,
torpaqlarımız işğaldan
azad edilib. Qarabağ Azərbaycandır!".
Rövşən 23 yaşında - həyatının
ən parlaq dövründə şəhidlik
zirvəsinə yüksəlib. Ümummilli
lider Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli
sərəncamı ilə
Azərbaycan Respublikasının
ərazi bütövlüyünün
qorunub saxlanılmasında
müstəsna xidmətlərinə
və döyüş
tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə
görə Rövşən
Əbdülhüseyn oğlu
Abdullayev ölümündən
sonra Azərbaycanın
Milli Qəhrəmanı
adına layiq görülüb.
Qəlbində sonsuz arzu və
istəkləri var idi. Lakin namərd düşmən,
amansız ölüm
cəsur komandirin arzularını yarımçıq
qoydu. Qardaşlarından
tibb üzrə fəlsəfə doktoru, respublikamızda tanınmış
travmatoloq Tofiq həkim, istefada olan polis polkovniki Rafiq, polis polkovnik-leytenantı
Azad, qardaşı oğlu,
polis kapitanı Elşən
və bacısı oğlu, polis mayoru Emil onun arzularını yaşadırlar.
Lənkəran şəhərinin mərkəzində
büstü ucalır. O, necə
də məğrur görünür! Büstünün ətrafında salınmış
park adını daşıyır.
Lənkəran və Astara
şəhərinin küçələrindən
birinə qəhrəmanın
adı verilib. Dünyaya göz açdığı
Lerik şəhərindəki
mədəniyyət evi
Milli Qəhrəman Rövşən Abdullayevin
adını daşıyır.
Görkəmli şair Şəkər Aslanın cəsur, igid polis zabiti haqqında yazdığı
"Elə yaşayaram"
poeması kitab şəklində çap
olunub. Hər il anım
günündə məktəblilər
büstünün önünə
gül dəstələri
qoyaraq qəhrəmanın
xatirəsini əbədi
yaşadacaqlarına, Vətəni
onun kimi sevəcəklərinə and içirlər.
Əlisəfa HƏSƏNOV
Respublika .-
2022.- 20 mart.- S.8.