FAİQ CƏFƏROV

 

Faiq Cəfərov 1 may 1974-cü ildə Cəlilabad rayonunun Şiləvəngə kəndində doğulmuşdur. 1982-ci ildə Şiləvəngə kənd orta məktəbinin birinci sinfinə getmiş, 1991-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə də Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1992-ci il oktyabrın 18-də Vətənə sədaqət andı içərək Milli Ordu sıralarında hərbi xidmətə başlamışdır. Naxçıvan sərhəd dəstəsinin ilk sərhədçilərindən biri də Faiq Cəfərov Şərur rayonundakı 3-cü zastavada 3 il Vətənə xidmət etmişdir. Bu illər ərzində erməni qəsbkarlarının Naxçıvan Muxtar Respublikası üzərinə hücumlarının dəf edilməsində mərdlik göstərmişdir.

1995-ci il 13-17 mart hadisələri... Dövlətçiliyimizin azadlığı və müstəqilliyin qorunub saxlanması, inkişaf etməsi bir sıra çətin yollar hesabına başa gəldi.

Bu ağrılı-acılı yolda xalqımızın bir çox ləyaqətli övladları ölkəmizin müstəqilliyi, onun yenidən itirilməməsi uğrunda öz canlarından keçdilər. Lakin müstəqilliyimizin əldən verilməsi üçün tək xaricdən yox, daxildən də canfəşanlıq edənlər mövcud idi. Bu olaylarla əlaqədar ulu öndər Heydər Əliyev 1995-ci il martın 15-də Azərbaycan dövlət televiziyası və radiosu ilə xalqa etdiyi tarixi müraciətində demişdir: "Müstəqilliyimizə qarşı olan təzyiqlər təkcə ayrı-ayrı dairələrin təzyiqləri deyil. Təəssüf ki, Azərbaycanın öz içərisindən çıxan adamların, vəzifə hərislərinin də dövlət müstəqilliyimizə zərbə vurmaq cəhdlərinin şahidlərisiniz".

Sağlam düşüncəli, xalqa və millətə, Vətənə və torpağa sədaqətli olan adamlar, hər zaman olduğu kimi, bu dəfə də ulu öndərimiz Heydər Əliyevin ətrafında sıx birləşdilər.

Vətənə xəyanət edən cinayətkar ünsürlərin həbs olunmasını, törətdikləri bəd əməllərə görə cəzaya layiq görülməsini istədilər. Nəticədə, respublikamızın müstəqil dövlətçiliyinə qəsd etmək xülyasına düşənlərin, qanlı-qadalı yola uyanların gözündə qaldı. Qəsdin qarşısı vaxtında və qətiyyətlə alındı. Bu qanlı olaylardan uzun illər keçsə də, yaddan çıxmır, unudulmur. Çünki bu arzuolunmaz olaylar Vətənin bütövlüyünü, onun müstəqilliyini arzulayıb sevənlərin və bu müqəddəs amal uğrunda mübarizə aparanların ürəklərində bir yaddaş nümunəsi kimi qalıb. Çünki bu olaylarda qaragüruhçu qüvvələr tərəfindən müasir dövlətçilik tariximizə vurulan qara ləkədir, dövlətçiliyimizə namərdcəsinə endirilən xəyanət idi.

O günlərin həyəcanı heç vaxt yaddan çıxmaz. Həyəcan siqnalı ilə ayağa qaldırılan bir neçə hərbi hissənin əsgərləri qanunsuz silahlı dəstələrin tərk-silah edilməsi üçün təhlükəli zonaya göndərildi. Həmin gün Naxçıvan sərhəd dəstəsinin könüllülərdən ibarət bölməsi də paytaxta göndərilmişdi. Dövlət çevrilişinə cəhd etmək istəyən qüvvələrin zərərsizləşdirilməsində iştirak edənlər sırasında Faiq də vardı. Martın 16-dan 17-nə keçən gecə Faiq yaralanaraq Sabunçu rayonundakı 3 saylı xəstəxanaya çatdırılır. O, həkimlərin səyi nəticəsində yenidən həyata qaytarılır. 1995-ci il iyunun 22-də sərhəd qoşunlarından ehtiyata buraxılır.

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 1995-ci il tarixli fərmanı ilə Cəfərov Faiq Əliqulu oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Həyatını xalqının, dövlətinin təhlükəsizliyinə həsr edən gənc qəhrəman bir ildən sonra yenidən sərhəd qoşunlarına qayıdır. O, Bakı Əlahiddə Nəzarət Buraxılış Məntəqəsində xidmət edir.

O, böyük arzularla yaşayırdı. Lakin 19 avqust 1999-cu ildə avtomobil qəzası nəticəsində onun arzularla dolu ürəyi vaxtsız dayandı. İki övladı vardı. Cəlilabad rayonunun Şiləvəngə kəndində dəfn edilmişdir.

Bu gün Faiqin canından keçdiyi, müstəqil və azad görmək istədiyi Azərbaycan bu yolda inamla addımlayır. Odur ki, ulu öndər Heydər Əliyevin bizə etibar etdiyi müstəqil Azərbaycan Respublikasında yaşamaq, yaratmaq, işləmək hər bir vətəndaşın hüququ olmaqla yanaşı, onun suverenliyini də göz bəbəyi kimi qorumaq şərəfli borcumuzdur.

 

M.MİRZƏ

 

Respublika .- 2022.- 1 may.- S.7.