Namiq Vahid oğlu Abdullayev
Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda, qəhrəman oğullarımız silaha sarılaraq Vətənin müdafiəsinə qalxdı. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda xalqımızın qeyrətli, mübariz oğulları “Təki vətən sağ olsun” deyib canlarını fəda etdilər.
Birinci Qarabağ müharibəsində Vətən torpaqlarının bütövlüyü uğrunda şücaətlə döyüşərək, şəhadətə qovuşan Azərbaycanın Milli Qəhrəmanı Namiq Vahid oğlu Abdullayev 10 may 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1991-ci ildə Avşar kənd orta məktəbini bitirən Namiq könüllü olaraq orduya getmək istədiyini bildirir. Lakin yaşı çatmadığına görə onu cəbhəyə göndərmirlər.
Nəhayət, 1992-ci ilin dekabrında cəbhəyə yollanaraq, Vətənimizin müdafiəsində iştirak edir. Namiq döyüş yoldaşları ilə birlikdə Xocalının müdafiəsinə qalxır. Vəziyyət getdikcə gərginləşirdi. Onlar dinc əhalinin təhlükəsiz yerlərə köçürülməsində, düşmən hücumunun qarşısının alınmasında rəşadətlə vuruşurlar. 1993-cü il fevralın 9-da Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə onlarla ermənini məhv edən Namiq son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır. Düşmənin zirehli texnikasını heyəti ilə birlikdə məhv edərək, özü də əbədiyyətə qovuşub. Fevral ayının 13-də Avşar kənd qəbiristanlığında dəfn edilir. Ölkə Prezidentinin 1994-cü il 16 sentyabr tarixli Fərmanı ilə ölümündən sonra Namiq Vahid oğlu Abdullayev “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. Vaxtilə təhsil aldığı Avşar kənd orta məktəbi hazırda qəhrəmanın adını daşıyır.
Milli Qəhrəmanın anası Gözəl Abdullayeva oğlu Namiqlə qürur duyduğunu bildirir: "Namiq çox vətənpərvər, cəsur, qorxmaz oğlan idi. Atası da, özü də cəbhəyə getdilər, vuruşdular. Namiq Vətən uğrunda şəhid olub. Belə bir qəhrəman oğul böyütdüyüm üçün fəxr edirəm. Düşmənə qalib gəldik. Torpaqlarımız azad oldu. Çox fərəhləndim, sevindim. Allah bütün şəhidlərə rəhmət eləsin, analarına səbir versin".
Torpaqlarımızın azad olunması uğrunda fədakarlıq göstərən və şəhid olan Namiqin adı hər bir kəs üçün əzizdir. Bu gün Namiqin ruhu şaddır. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar azad olunub.
Qürur və sevinc hissilə qeyd edilməlidir ki, müstəqil Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuz işğal altında olan torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Müqəddəs üçrəngli bayrağımız respublikamızın digər bölgələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
İllərlə həsrətində yaşadığımız, Namiq Abdullayevin həlak olduğu torpaq öz sahibinə qovuşub. Vaxtilə baş vermiş faciələrdə tökülən qanlar əbəs yerə axmayıb. Artıq Azərbaycan bütövdür. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Bu möhtəşəm Qələbə xalqımız tərəfindən böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə mətinliyini, mübarizliyini göstərdi. Bu gün artıq şəhidlərimizin ruhu şaddır. Vətəninin uğrunda şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
Namiq gənc yaşında bənzərsiz bir ömür yaşadı. Yaşasaydı, 48 yaşı olacaqdı... Namiq və onun kimi qəhrəmanlıqla döyüşən, şəhidlik zirvəsinə ucalan bütün igidlərimizin ömrü bu məmləkətdə nəsildən-nəslə insanlara ötürülən bənzərsiz bir örnəkdir.
M.MİRZƏ
Respublika 2022.- 8 may - S.13.