Mehrab Niftəliyev
Xüsusi Təyinatlı
Qüvvələrin şəhid baş giziri, kəşfiyyatçı-istehkamçı
Mehrab Söhrab oğlu Niftəliyev 1985-ci il
mayın 13-də Quba rayonunun
Qamqam kəndində anadan
olub. 2003-cü ilin iyulunda müddətli hərbi xidmətə
yollanıb. Elə hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələrin kursundan keçən Mehrab
ümumilikdə 2005-ci ildən 2020-ci ilə qədər Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü kimi Vətənə xidmət edib.
“Qafqaz qartalı” və EFES kimi çətin hərbi təlimləri uğurla tamamlayaraq kəşfiyyatçı-istehkamçı
kimi ixtisaslaşmışdı.
Xidməti
dövründə müxtəlif hərbi əməliyyatlarda
uğurla iştirak edib. Mehrab Niftəliyev 2016-cı il Aprel
döyüşlərində də yüksək şücaət
göstərib. Qüsursuz xidmətlərinə və
şücaətlərinə görə dəfələrlə
medal və diplomlarla təltif olunub. Vətən müharibəsinin
ilk günündən ön cəbhədə olan Mehrab
Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd,
Hadrut qəsəbəsi, Şuşa uğrunda gedən
döyüşlərdə böyük qəhrəmanlıq
nümunələri göstərib. O, düşmənin xeyli
sayda canlı qüvvəsini məhv edib və texnikalarını
sıradan çıxarıb, hərbi qənimət kimi ələ
keçirib.
Aprel
döyüşlərindən sonra Qamqam kəndinə su
çəkdirib. Vətən müharibəsindən əvvəl
ailə üzvlərinə kənddə məscid tikdirmək
arzusunda olduğunu deyib. Lakin ömrü bu arzusunun gerçəkləşməsi üçün vəfa etməyib.
Mehrab
Niftəliyev noyabrın 7-də Şuşa uğrunda gedən
döyüşlərdə artilleriya qəlpəsi yarası
alıb. Noyabrın 8-də isə şəhadətə
yüksəlib. Noyabrın 11-də Sumqayıt Şəhər
Şəhidlər Xiyabanında torpağa
tapşırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin
9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə
ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”
adına layiq görülüb, o cümlədən “Vətən
uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın
azad olunmasına görə”, “Füzulinin azad olunmasına
görə” medalları ilə təltif olunub.
Həmişə
üstündə bayraq gəzdirən kəşfiyyatçımız Cəbrayılda bayrağı ilə
düşmən hərbi hissələrinə ilk girənlərdən
biri olub. Şəhid qəhrəmanın
xanımı Vüsalə Niftəliyeva həyat yoldaşı haqqında
qürurla danışır: “Mehrabla 12 il çox xoşbəxt
bir ailə həyatım oldu. Mehrabla bir-birimizi sevib ailə
qurmuşduq. Onunla ailə quranda bilirdim ki, 2005-ci ildən
Xüsusi Təyinatlı Qüvvələrin giziridir. Mehrab
döyüş üçün yaranmışdı.
Heç bir zaman heç nədən qorxmadı. O qədər
güclü idi ki, bizi də güclü görmək istəyirdi.
Bizim də hər zaman hər şeyə hazır
olmağımıza çalışırdı. O, bizə
çox soyuqqanlı, iradəli olmağı, heç nəyin
fikrini çəkməməyi, hər şeyi olduğu kimi qəbul
etməyi öyrətdi. Çünki özü də elə
idi. Fiziki cəhətdən də, psixoloji cəhətdən
də hər şeyə hazır idi. Mən onu hər zaman
güclü gördüyümdən ölümsüz
olacağını təsəvvür edirdim. Həqiqətən
də ölümsüz oldu... Mən bir şəhid
xanımı kimi fəxr edirəm ki, ərazi
bütövlüyümüzün bərpasında, məcburi
köçkünlərin torpaq həsrətinə son
qoyulmasında Mehrabın da böyük əməyi var. O
torpaqların hər qarışı şəhidlərimizin
qanı ilə yoğrulub. Şəhidlərin
xanımlarına səslənirəm ki, biz güclü
olmalıyıq. Çünki bizim həyat
yoldaşlarımız çox güclü idi. Ayaqda durub
övladlarımızı atalarının istədiyi kimi
böyütməliyik. Xalqımız sağ olsun, şəhidlərin
əmanətlərini unutmurlar. Sonuncu dəfə
sağollaşıb gedəndə aşağı düşmək
üçün liftin düyməsini basdı və sonra əlini
çəkib geri qayıtdı. Heç vaxt kövrəlməmişdi.
Bu dəfə kövrəldi. Dedi, mənə söz ver ki, necə
güclü olmusansa, elə də güclü olacaqsan.
Gözü doldu və getdi. Hər dəfə mənə
deyirdi ki, özündən muğayat ol, uşaqlara
yaxşı bax, övladlarımız sənə əmanətdir.
Mən şəhid olacağam, amma sən heç vaxt
ağlama. Deyirdi şəhid qardaşlarımıza görə
məyus olmayın, onlar ən ali zirvəyə yüksəliblər.
Mən təkcə həyat yoldaşımı deyil, ən
yaxın və sadiq dostumu da itirmişəm. Bu itki,
ayrılıq cisməndir. O ruhən hər zaman mənimlədir.
Bilirəm ki, yanımızdadır. Tez-tez yuxularıma gəlir.
Mehrab elə bir insan idi ki, 35 illik ömrünə hər
şeyi sığdırdı. Onun qismətində şəhidlik
var imiş. Mən Mehraba adi ölüm
yaraşdırmırdım. Allah ona ölümlərin alisini
nəsib etdi. O, ən yüksək zirvəyə ucaldı.
Şuşanı çox arzulayırdı, muradına
çatdı. Şuşa Zəfərini yaşayaraq əbədiyyətə
qovuşdu".
Döyüş
yoldaşları onun qəhrəmanlıqlarından
ağızdolusu danışırlar. Onlara Mehrab kimi
silahdaşı itirmək çox çətindir. Bildirirlər
ki, dağa dırmaşanda Mehrab üstündə ərzaq
yox, ancaq silah götürürmüş və yorulmadan
qisasını alırmış.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Quba şəhəri Texniki təmayüllü liseyə Vətən Müharibəsi Qəhrəmanı Mehrab Söhrab oğlu Niftəliyevin adı verilib.
Mehrab
Niftəliyevin ən böyük arzusu işğal altında
olan torpaqlarımızı azad etmək və Xocalı faciəsinin
qisasını düşməndən almaq idi. O, bu amal
uğrunda qəhrəmancasına vuruşaraq arzusuna
çatdı...
M.MİRZƏ
Respublika .- 2022.- 14 may - S.11.