Famil İsgəndərov
...Murovdağ
uğrunda qızğın döyüşlər gedirdi. Erməni
quldurlarının tutduqları mövqedən
sıxışdırılıb çıxarılması üçün Azərbaycan əsgərləri
hücumu davam etdirir, düşmən həm canlı
qüvvə, həm də texnikadan itkilər
verirdi. Famil İsgəndərov
səngərdən-səngərə sıçrayır, ermənilərin
başına od ələyirdi. Bu ağır döyüşlərdə Familin yaxınlığındakı igid əsgərlərdən biri
yaralandı. Onu ölümün
pəncəsindən xilas etmək
lazım idi. Famil özünü itirmədi. Yaralı əsgəri
döyüş meydanından
çıxardı.
Yenidən
geri qayıdıb digər yaralıya köməklik göstərdi.
Bu çətin məqamda
düşmən gülləsi sağ
ayağına tuş gəldi. Al-qana boyanmışdı. Ancaq
Famil ruhdan düşmədi,
özünü ələ alıb irəli
süründü. İndi
isə onun köməyinə digər
yoldaşları gəldi...
Cəsur
döyüşçü Famil İsgəndərov bir
müddət Hərbi hospitalda müalicə olunduqdan sonra hərbi
hissəyə qayıtdı. Bu dəfə
o, “N” saylı hərbi hissədə xidmətini
davam etdirdi. Ancaq fikri-zikri Murovdağda, döyüş
yoldaşlarının yanında idi.
Famil İsgəndər oğlu İsgəndərov 15 may 1975-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. 157 saylı orta məktəbdə təhsil alarkən həmişə öz çalışqanlığı ilə şagird yoldaşlarından fərqlənir, çalışırdı ki, elmi biliklərlə mükəmməl silahlansın. O, məktəbdə hərbi vətənpərvərliklə bağlı keçirilən tədbirlərdə yaxından iştirak edirdi.
Famil
orta məktəbi bitirdikdən sonra 6 ay Gəmi Təmiri
Zavodunda işləmiş, əmək fəaliyyəti
hamını razı salmışdır. Famil
1993-cü ildə Binəqədi Rayon Hərbi
Komissarlığı tərəfindən əsgəri xidmətə
çağırılmışdır. O, 6 ay
Qusar rayonundakı hərbi hissədə təlim
keçdi. Bu, o vaxtlar idi ki, mənfur
düşmənlərimiz erməni quldurları ərazilərimizə
hücuma keçmişdilər,
günahsız insanlar intensiv
atəşə məruz qalırdı. Vətənin
ağır, dar günündə Famil İsgəndərov silaha
sarılaraq cəbhəyə yola düşdü.
Famil
İsgəndərov Ağdərə və Tərtər
bölgələrində gedən ağır
döyüşlərdə şəxsi igidlik göstərmişdir.
1995-ci ilin mart ayı
idi. Torpaqlarımızın bir hissəsini
itirdiyimiz çətin
bir vaxtda bir qrup vəzifə
mənsəb, hakimiyyət
hərisi dövlətçiliyimizə
qarşı hədə-qorxu
gəlirdi. Bunun qarşısı
tez bir zamanda
alınmalı idi.
Dövlət çevrilişinə cəhd edənlərə
bir neçə dəfə silahı yerə qoymaq, təslim olmaq tələb olundu. Lakin heç bir nəticə alınmadı.
Milli Ordunun əsgərləri əməliyyata başlamalı
oldu. Bu qarşıdurmada
Famil İsgəndərov
da iştirak edirdi. Famil İsgəndərov 1995-ci il martın 17-də öz döyüş yoldaşını xilas edərkən baş nahiyəsindən ağır
yaralanmış və
qəhrəmanlıqla həlak
olmuşdur. Son mənzili isə Bakıdakı Şəhidlər
xiyabanıdır.
Azərbaycan Respublikası Prezidentinin
4 aprel 1995-ci il
tarixli Fərmanı ilə İsgəndərov
Famil İsgəndər
oğlu ölümündən
sonra "Azərbaycanın
Milli Qəhrəmanı"
fəxri adına layiq görülmüşdür.
Oxuduğu 157 saylı orta məktəb onun adını daşıyır. Məktəbdə büstü qoyulub, yaşadığı binanın
önünə xatirə
lövhəsi vurulub.
Dağıstan Respublikası Qasımkənd
rayonunun Uluqadağ kəndindəki orta məktəbə də Azərbaycanın Milli Qəhrəmanı Famil İsgəndərovun adı
verilmişdir.
Q.ASLAN
Respublika .- 2022.- 15 may - S.11.