Amid Heydərov

 

44 günlük Vətən müharibəsi Ermənistanın işğalçılıq siyasətinə, düşmənin avantürist düşüncə tərzinə elə bir zərbə vurdu ki, o, uzun illər həmin zərbənin təsirindən xilas ola bilməyəcək. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qısa müddət ərzində itirilmiş torpaqlarımızı geri qaytardı, faşist xislətli daşnaklara sarsıdıcı zərbələr endirdi. "Məğlubedilməz erməni" mifi alt-üst edildi.

Vətən müharibəsində rəşadətli döyüş yolu keçən, idarə etdiyi tankla düşmənin müdafiə xəttini yararaq onların mövqelərini darmadağın edən cəsur zabitlərimizdən biri mayor Amid Rəbbil oğlu Heydərov olmuşdur. Bu cəsur, qorxmaz Vətən oğlu iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov məktəbinin layiqli davamçısı olmaqla bu peşəyə dərindən yiyələnmiş, öz qəhrəmanlığı ilə erməni quldurlarının başına od ələmiş, sübut etmişdir ki, savaş meydanında Azərbaycan əsgərinin qarşısında durmaq qeyri-mümkündür.

Amid Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində dünyaya göz açmışdır. Uşaqlıqdan Həzi Aslanovu örnək seçən Amidin böyüyəndə general olmaq arzusu onu Cəmşid Naxçıvanski adına hərbi məktəbə gətirib çıxarır. Daha sonra təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbində davam etdirir, hərbi sənətin sirlərinə mükəmməl yiyələnərək tankçı olmaq arzusunu reallaşdırır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsinə qoşulur. İlk dəfə Cəbrayılın, Füzulinin azad olunması uğrunda gedən ağır döyüşlərdə iştirak edir.

Amid Heydərov oktyabrın 3-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlir.

Amid Heydərov ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən müharibəsi qəhrəmanı" adına layiq görülmüşdür.

Atası Rəbbilin dediyinə görə, Amid Aprel döyüşlərində Lələtəpəyə qalxan ilk tankçı olmuşdur, 32 yaşında hərbi hissə komandiri təyin edilmişdir.

Amid Rəbbil oğlu Heydərov "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Qüsursuz xidmətə görə", "Azərbaycan Ordusunun 100 illiyi", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və digər medallara layiq görülmüşdür.

Amid Rəbbil oğlu Heydərovun adı 44 günlük Vətən müharibəsi tarixinə qızıl hərflərlə yazılmışdır. Onun xatirəsi xalqımızın, xüsusilə leriklilərin qəlbində daim yaşayacaq...

 

Qədir ASLAN

 

Respublika .- 2022.- 20 may.- S.9.