Kərəm Mirzəyev
Müqəddəs
torpaqlarımız uğrunda gedən ölüm-dirim
savaşında mərdliklə, şücaətlə
döyüşən Milli qəhrəmanlarımızdan biri də
Kərəm Ərşad oğlu Mirzəyevdir. Kərəm
Mirzəyev 1960-cı il may
ayının 20-də Qubadlı rayonunun
Xanlıq kəndində dünyaya göz açıb. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra
bir il rayonda Yol İstismar İdarəsində
çalışır.
1978-ci
ildə qəbul imtahanlarını müvəffəqiyyətlə
verərək, Azərbaycan Dövlət İnşaat Mühəndisləri
İnstitutuna daxil olur. 1983-cü ildə su qurğuları tikinti
mühəndisi fakültəsini bitirərək, doğma yurdu Qubadlıya
qayıdır.
1983-1985-ci
illərdə Kərəm Sovet Ordusu sıralarında Arxangelsk
və Murmansk şəhərlərində tank qoşun hissələrində
hərbi xidmət keçir. Ordudan tərxis
olunduqdan sonra -
1990-cı ilə qədər 21 saylı Tikinti
İdarəsində müxtəlif vəzifələrdə
çalışır. O, bacarıqlı mütəxəssis
kimi tanınır. Daha
sonra öz istəyi
ilə polis orqanlarında
çalışmaq üçün
müraciət edir.
1990-cı
ildə Kərəm Qubadlı rayon Polis Şöbəsində
sahə müvəkkili kimi işə başlayır. Çox keçmədən ona
baş leytenant
rütbəsi verilir. Sonra
arzusunu nəzərə alaraq,
Daxili İşlər Nazirliyi
gənc polis zabitini Kalininqrad Ali Hüquq Akademiyasına göndərir. Fərq
imtahanlarını müvəffəqiyyətlə verdiyinə
görə Akademiyanın ikinci kursuna qəbul edilir.
1987-ci
ilin sonlarından Ermənistan Qarabağın dağlıq hissəsini
özünə birləşdirmək məqsədilə Azərbaycana
qarşı təcavüzkar fəaliyyətlərə
başlayır. 1991-ci ilin
sonunda və 1992-ci ilin
əvvəlində silahlı əməliyyatlar və Ermənistanın
Azərbaycana qarşı hücumları intensivləşirdi.
Kərəm də vəziyyətin gərginləşdiyi ilk günlərdən torpaqlarımızın
toxunulmazlığı yolunda vuruşmaq üçün
silaha sarılır.
Qubadlı
rayonunun müdafiəsində onun müstəsna xidmətləri
olmuşdur. Rayonun Novlu,
Seytas, Yuxarı və Aşağı Cibikli, Əyin, Əliquluuşağı və
başqa sərhəd kəndlərində
gedən şiddətli döyüş əməliyyatlarında
fəal iştirak edir.
O, 1991-ci ildə polis yoldaşları ilə
birlikdə düşmənin Gorus rayonunun Şurnuxu kəndində
yerləşən beş strateji
postunu sıradan çıxarır. Bu döyüşdə düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası
məhv edilir. "Laləzar" əməliyyatında
da Kərəmin böyük
xidmətləri olur. 1992-ci ilin aprelində keçirilən bu əməliyyatda erməni
quldurlarının başçısı Karenin
dəstəsi məhv edilir.
1992-ci
ilin oktyabr ayının əvvəlində Laçın
rayonunun Mazutlu kəndində iki gün davam edən
döyüş nəticəsində Milli Ordumuzun əsgərləri
düşməni geri çəkilməyə məcbur
etmişdi. Ermənilər əlavə qüvvə alaraq, yenidən mövqelərimizə hücumu nəticəsində polis
əməkdaşlarımız mühasirəyə
düşürlər. Kərəm vəziyyətin cox təhlükəli olduğunu
görüb yoldaşlarına geri çəkilməyi əmr edir, özü isə bir polis yoldaşı ilə
erməni yaraqlılarının qarşısını kəsir.
Polis işçilərindən ibarət böyük bir dəstəmiz
mühasirədən çıxsa da Kərəm
özü qəhrəmancasına şəhid
olur. K.Mirzəyev Qubadlı rayonu, Xanlıq kəndində dəfn edilmişdir. Xanlıq kənd orta
məktəbi onun adını
daşıyır. Bir oğlu
yadigar qalıb. Azərbaycan Prezidentinin 11 may 1993-cü
il tarixli Fərmanı
ilə Mirzəyev Kərəm Ərşad oğluna
ölümündən sonra Azərbaycanın
Milli Qəhrəmanı adı verilmişdir.
Milli
qəhrəmanın oğlu Cahandar Milli Aviasiya
Akademiyasının Hüquq fakültəsində təhsil
alıb. Atasının üzünü
görməyən Cahandar Mirzəyev:
"Milli Qəhərəman övladı
olmaq böyük
şərəfdir. Çalışıram ki,
bu ada layiq
olum. Atam şəhid olandan sonra biz
anamla əmimin və babamın himayəsində
yaşamışıq. Onlar bizə hər
cür dəstək olublar.
Əmim mənə atamın yoxluğunu heç zaman hiss etdirməyib. Onun mənim
şəxsiyyət kimi
formalaşmağımda çox böyük rolu olub. Atamla hər zaman fəxr eləmişəm. Onun göstərdiyi
şücaətə görə mən bütün
dostlarımın yanında həmişə başıuca gəzirəm.
Anam da rəhmətə
gedəndə mən 4-cü sinifdə oxuyurdum.
Atasızlıq və heç gözləmədiyimiz
anda anamın dünyasını dəyişməsi
mənim üçün çox
ağır idi. Zaman
keçdikcə anamın yoxluğunu daha çox hiss edirəm. Anam rəhmətə
gedəndən sonra babamla
yaşamağa başladım. Sevincimi, kədərimi paylaşmaq
üçün valideynlərimin
yanımda olmağını çox istərdim.
Təəssüf ki... Arzum
ata yurdunda Vətənə
xidmət etməkdir".
Bu gün müstəqil Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuz işğal altında olan torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Kərəmin uğrunda şəhid olduğu torpaqlar öz sahibinə qovuşub. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Şübhəsiz ki, bu möhtəşəm Qələbə xalqımız tərəfindən böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə mətinliyini, mübarizliyini göstərdi. Artıq şəhidlərimizin ruhu şaddır. Vətən uğrunda şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
M.MİRZƏ
Respublika .- 2022.- 20 may.- S.9.