Çətin günlərin dostları

 

Azərbaycan-Türkiyə münasibətləri gələcək nəsillərə böyük siyasi və mənəvi irsdir

 

"Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması sarsılmaz birliyimizi bir daha təsdiq edən mühüm tarixi addım idi. Bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının konseptual istiqamətlərini müəyyən edərək, gələcək müştərək müvəffəqiyyətlərimizə yol açan yeni mərhələnin əsasını qoymuşdur". Keçən il tarixi bir gündə - 15 İyun - Milli Qurtuluş Günü Şuşada "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda qeyd etdiyi bu fikirlər Azərbaycan-Türkiyə qardaşlığının Şuşa zirvəsindən dünyaya verilən mesajdır...

Azərbaycan-Türkiyə qardaşlıq və dostluğunun bugünkü zirvə mərhələsi soykök, dil, mənsubiyyət, din birliyindən qaynaqlansa da, onun müasir mərhələyə yüksəlməsində XX əsrin əvvəllərindən etibarən intensiv inkişaf edən qarşılıqlı faydalı əməkdaşlıq əsas rol oynamışdır. Türkiyənin Çanaqqala müharibəsindən başlayaraq bütün milli azadlıq hərəkatı dövründə yüzlərlə, bəlkə də minlərlə Azərbaycan könüllülərinin döyüş cəbhələrində qəhrəmanlıq göstərməsi, Türkiyənin istiqlaliyyəti yolunda şəhidlik zirvəsinə yüksəlməsi Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin ibrətli, unudulmaz məqamlarıdır. Nakam şairimiz Almas İldırımın Çanaqqala döyüşlərində könüllü olaraq iştirak etməsi, türk torpaqlarının bir azərbaycanlı şair tərəfindən vətən torpağı kimi qəbul edilməsi bütövlükdə Azərbaycan türkünün Türkiyəyə münasibətinin göstəricisidir.

Eyni dostluq və qardaşlıq münasibətlərini öz növbəsində Türkiyə də Azərbaycana göstərmişdir. 1918-ci ildə Azərbaycan tarixinin ən ağır dövründə Bakının, işğala məruz qalmış digər torpaqlarımızın daşnak işğalından azad edilməsi faktı Türkiyə-Azərbaycan birliyinin tarixi sənədidir.

Eləcə də Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra suverenliyinin ilk olaraq Türkiyə tərəfindən tanınması və ondan əvvəl, keçən əsrin əvvəllərində Azərbaycanın azadlığı və müstəqilliyi yolunda mübarizə aparan və məcburi şəkildə öz vətənlərini tərk etmiş olan mücahidlərimizə qucaq açması yaxın keçmişimizin unudulmaz səhifələridir.

Yaxşı haldır ki, belə əlaqələrin öyrənilməsi və təbliği hər iki ölkənin tarixi-elmi ictimaiyyəti tərəfindən diqqətdən kənarda saxlanılmır. Çünki bu əlaqələrin öyrənilməsi iki ölkə arasındakı münasibətlərin sağlam təməlini təşkil edir. Bu baxımdan türkiyəli tədqiqatçı professor Bingür Sönməzin "Bakı əhalisinin 1915-1917-ci illərdə Sarıqamış əsirlərinə qardaşlıq köməyi" adlı əsəri də diqqətəlayiqdir. Bu əsərdə 1914-1918-ci illərdə Azərbaycan xalqının həm Azərbaycan ərazisində - Nargin adasındakı Sarıqamış əsirlərinə göstərdiyi yardım və himayədarlığından, həm də Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyevin təşəbbüsü və vəsaiti hesabına yaradılan "Bakı İslam Cəmiyyəti-Xeyriyyəsi" adlı təşkilatın fəaliyyətindən bəhs olunur. Burada cəmiyyətin həm Azərbaycanda, həm də Türkiyədə geniş humanitar yardım fəaliyyəti, Şərqi Anadoluda gördüyü işlər işıqlandırılır. Xatırladaq ki, cəmiyyətin bu fəaliyyəti Anadoluda hələ milli azadlıq hərəkatının vüsət almadığı, Atatürkün Samsuna gəlmədiyi bir vaxta təsadüf etmişdir.

Hələ 1918-ci il mayın 28-də yaradılmış və Şərqin ilk müsəlman türk dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin daxili-xarici hücumlardan müdafiəsində və möhkəmlənməsində o zamankı Osmanlı dövlətinin misilsiz köməyi olub. Belə ki, Osmanlı hökuməti I Dünya müharibəsindən sonra ağır şərtlər altına düşməsinə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana köməyə göndərdi. Onun rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan korpusu Gəncədə, Yevlaxda, Göyçayda, Kürdəmirdə və digər bölgələrdə aparılan ağır döyüşlərdə eser-menşevik, daşnak qoşunlarını darmadağın edərək sentyabrın 15-də Bakıya daxil oldu və həmin gün Bakının "Sentrokaspi diktaturası"ndan azad olunduğu gün kimi tariximizə yazıldı.

Təbii ki, belə qürurverici günlər tarixdə çox olub və bu ənənə davam edir. Yaxşı və pis günün sevincini, kədərini birgə bölüşməklə dünya xalqlarına nümunə olan xalqlarımız hər zaman bir-birinin yanındadır.

Praqada dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammit zamanı yaşanan hadisəni xatırlatmaq yerinə düşər. Belə ki, Türkiyənin sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti sammitin plenar iclasının mövzusundan tamamilə kənara çıxaraq qondarma "soyqırımı" məsələsini qabardıb Türkiyəni əsas tənqid hədəfi kimi seçmişdi. Azərbaycan Prezidenti çıxışı zamanı bildirmişdi ki, bu gün Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir: "Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm".

Azərbaycan-Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. 44 günlük Vətən müharibəsi isə bunun bariz təcəssümü oldu.

Vətən müharibəsinin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbənin qazanılmasında mühüm rol oynadı.

Müharibədən sonrakı dövr regionda əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün imkanlar yaratdı. Zəngəzur dəhlizinin açılması isə Azərbaycanın logistik imkanlarının daha da artmasına real zəmin yaradacaq. Artıq bu istiqamətdə xeyli işlər görülüb.

Dəhlizin açılması istiqamətində reallaşan tarixi layihələrin təməlqoyma mərasimlərində Türkiyə Prezidentinin iştirakı Azərbaycana əlavə stimul vermiş oldu. Oktyabrın 26-da Azərbaycana rəsmi səfər edən Rəcəb Tayyib Ərdoğan İlham Əliyevlə birgə "Qarabağın hava qapısı" adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər.

Bu, ilk növbədə, Azərbaycanın qüdrətinin göstəricisi idi. Hava limanı cəmi 8 aya hər iki ölkənin mütəxəssisləri tərəfindən inşa olunub. Açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev demişdi: "Bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu günbir yerdəyik".

May ayının 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti iki ölkə arasındakı münasibətlərin səviyyəsindən danışarkən Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək Rize-Artvin Hava Limanının açılışında türk qardaşlarımızla bərabər olmaqdan məmnunluğunu ifadə etdi.

Azərbaycanla Türkiyə arasındakı əlaqələr çoxşaxəlidir və bütün sahələri əhatə edir. İki ölkə arasında imzalanmış strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə beynəlxalq aləmdə bir daha təsdiqlədi ki, Türkiyə ilə Azərbaycan daim hər sahədə çiyin-çiyinədir.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın, ölkələrimizin bu bağlılığı iki dövlət başçısının çıxışlarında da hər zaman təsdiqlənir. Təbii ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında ümummilli lider Heydər Əliyevin də xidmətləri böyükdür. Ulu öndər deyirdi: "Bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik".

Ümummilli liderin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev də öz siyasi xəttində hər zaman Türkiyə ilə münasibətlərə xüsusi önəm vermiş, bunu öz sözləri və əməlləri ilə təsdiq etmişdir.

Bu gün Qarabağda gedən böyük bərpa-quruculuq işlərində də Türkiyə Azərbaycanın yanındadır. İşğaldan azad edilmiş ərazilərdə Türkiyə şirkətləri Böyük Qayıdışın tez bir zamanda reallaşmasına öz töhfələrini verirlər. Yeri gəlmişkən qeyd edək ki, Rize-Artvin Hava Limanının tikintisini icra edən türk şirkəti də Qarabağın abadlaşdırılması istiqamətində gedən işlərdə fəallıq göstərir.

Bəli, iki qardaş ölkə arasında dostluq əlaqələri gündən-günə yüksəlir. Əsl dost isə dar, çətin gündə tanınır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişkən: "...Ulu əcdadımız Dədə Qorqudun dediyi kimi, "yaxşı dost yaxşı gündə çağrılanda, pis gündə isə çağrılmayanda gələndir...".

 

Zümrüd QURBANQIZI

 

Respublika .- 2022.- 20 may.- S.1;2.