Yusif Mirzəyev

 

İstər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ döyüşlərində vuruşan hərbçilərin necə fədakarlıq göstərdiklərinin şahidləriyik. Kimisi, yeni dünyaya gələn körpəsini qoyub gedib, kimisi də canından çox sevdiyi valideynlərini. Döyüş yoldaşlarını tək buraxmamaq, vətəni düşməndən qorumaq üçün fədakarlıq edən həmin döyüşçülərdən biriBirinci Qarabağ döyüşlərinin şəhidi, Milli Qəhrəman Yusif Vəli oğlu Mirzəyevdir.

Yusif 1958-ci il may ayının 23-də Babək rayonunun Böyükdüz kəndində dünyaya göz açıb. 1975-ci ildə İ.Səfərli adına 1 saylı Naxçıvan şəhər orta məktəbini bitirmişdir. Yusif 1976-cı ildə Naxçıvan Rabitə Qovşağında əmək fəaliyyətinə başlayır. İşləyə-işləyə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alır. 1987-ci ildə həmin institutun mühasibat uçotu fakültəsini bitirir və Bakıdakı bankların birində müfəttiş vəzifəsinə təyin edilir. 1988-ci ildə Xalq Hərəkatına qoşulur. 1990-cı illərdə xalq hərəkatına və 20 Yanvar faciəsi zamanı etdiyi etirazlara görə Bakı şəhər komendantı tərəfindən həbs edilir. Həbsdə işgəncələr gördüyü üçün səhhətində problem yaranır. Böyrəkləri zədələnir. Lakin bu işgəncələr Y.Mirzəyevi sındırmır, əksinə, daha da mətinləşdirir.

Yusif 1991-ci ilin sonlarında könüllü olaraq cəbhə bölgəsinə yollanır. İlk döyüşü Ağdərə - Goranboy istiqamətində olur. O, tez bir zamanda xidmət etdiyi briqadanın fəal döyüşçülərindən birinə çevrilir. Briqada komandirinin təchizat üzrə müavini təyin edilir. Yusif çox keçmir ki 14 nəfərlik dəstəsi ilə bütün əməliyyatlarda iştirak edir. Təhlükəli olduğu üçün tabora Ağdərə istiqamətində çıxmaq əmri verilsə də, 14 nəfərlik döyüşçü ilə Yusif elə bir vəziyyət yaradır ki, düşmən tərəf Ağdərədə böyük bir batalyon olduğunu düşünür. Ancaq böyrəklərindəki xəstəlik şiddətləndikdən sonra onu bir müddət müalicə almağa razı sala bilirlər. Daha sonra Yusif müalicəsini yarımçıq saxlayır və yenidən cəbhəyə yollanır. Ağdərədə 17 kəndin geri alınmasında onun müstəsna xidmətləri olur. Döyüşlərin birində öz dəstəsi ilə mühasirəyə düşür. Lakin çevikliyi və cəldliyi sayəsində heç bir itki vermədən döyüşçüləri mühasirədən çıxarır.

1993-cü il fevralın 18-də tabeliyində olan döyüşçülərə son tapşırıqlarını verir. Yusif silahdaşlarını döyüş yoldaşı İlqar Həsənova tapşırır. Fevralın 19-da Yusif sonuncu əməliyyatını həyata keçirərkən şəhidlik zirvəsinə yüksəlir. Onun ölümünü ailə üzvlərindən ilk bilən şəxs Bakıda yaşayan qardaşı Asif olur. Bacısı Nailə xanım müsahibələrinin birində deyir: "Fevralın 19-da qardaşımın cəbhə yoldaşı zəng vurub dedi ki, Asif xəstələnib, bizə gəl. Onlara getdim. Mənə Asif xəstədir deyiblər, amma mən qorxurdum ki, birdən Yusifə nəsə olar. Ayın 20-də Yusifi qara tabuta qoyub, Naxçıvandakı evimizə gətirdilər. Ürəyimə dammışdı ki, qardaşım şəhid olub. Yusifin toy günü də Nailə xanımın yaddaşına ömürlük həkk olunub: "Yusifin toyu olan gün gəlini evə gətirəndə işıqlar söndü. Hər tərəf qaranlığa qərq oldu. Hamımız çox pis olduq. Həmin qaranlıq elə bil Yusifin taleyinin qaranlıq olmasına, ömrünün yarımçıq qalmasına işarə idi. Anam əllərini dizinə vurub ağladı. Mənim ürəyimə nəsə xal düşdü".

Qızı Nurlanə Mirzəyeva atasını görmədiyinə çox təəssüf edir. Atasının ona uşaq vaxtı alıb göndərdiyi bir cüt sırğanı ondan yeganə yadigar kimi saxlayır.

Yusif Naxçıvan Şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Şəmistan Əlizamanlı "İgid əsgər, möhkəm dayan" mahnısını ifa edərək Azərbaycanın Milli Qəhrəmanı Y.Mirzəyevə həsr etmişdir. Eyni zamanda Bakının Nəsimi rayonundakı 44 saylı orta məktəb 1993-cü ildən qəhrəmanın adını daşıyır, məktəbin qarşısında büstü qoyulmuşdur.

Vaxtilə Yusifin qəhrəmancasına vuruşduğu və şəhid olduğu torpaqlar bu gün azaddır. Tariximizə şanlı qırx dörd günlük müharibə və ya "Dəmir yumruq" əməliyyatı adı ilə daxil olmuş bu müqəddəs Vətən müharibəsində orduxalq Prezidentin ətrafında sıx birləşərək vəhdətləşdi. Vətən torpaqlarının azad olunması uğrunda aparılan bu döyüşlərdə Azərbaycan ordusunun nümayiş etdirdiyi döyüş əzmi və yüksək peşəkarlığı sayəsində Zəfərə imza atdı. Düşmənin işğal etdiyi torpaqları azad edən qəhrəman əsgərlərimiz Şanlı Bayrağımızı Suqovuşana, Cəbrayıla, Füzuliyə, Hadruta, Zəngilana, Qubadlıya, Ağdama, Laçına, Kəlbəcərə, Şuşaya və yüzlərlə yaşayış məntəqələrimizə sancdı.

 

M.MİRZƏ

 

Respublika .- 2022.- 22 may.- S.4.