Uşaqların fiziki
və mənəvi inkişafı ölkəmizdə dövlət
siyasətinin əsas istiqamətlərindən biridir
1983
-cü ildə o vaxtkı ABŞ prezidenti Ronald Reyqan 25 may
tarixini Milli İtkin Uşaqlar Günü elan etmiş, sonralar
ABŞ-la yanaşı, bir çox ölkələrdə də
bu günü qeyd etməyə başlamışlar. 1997-ci ildə isə İtkin düşmüş və istismar
edilən uşaqların Beynəlxalq Axtarışı Mərkəzi
(ICMEC) yaradılmış, itkin
düşmüş uşaqları tapmaq və istismar edilən
yetkinlik yaşına çatmayanlara
kömək etmək məqsədi daşıyan bu təşkilat 2010-cu ildə Beynəlxalq İtkin Uşaqlar Gününün təsis edilməsi təşəbbüsünü
irəli sürmüşdür. 2020-ci ildən
etibarən hər il may
ayının 25-i Beynəlxalq İtkin Uşaqlar Günü kimi qeyd olunur.
Sağlam, cəmiyyətə yararlı, eyni zamanda vətənpərvər ruhda böyüyən uşaqlar millətin, dövlətin gələcək inkişafının, tərəqqisinin təminatıdır. Bu baxımdan, uşaqların yüksək əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnməsi və şəxsiyyət kimi yetişdirilməsi dövlətlərin siyasətində mühüm istiqamət kimi nəzərdə tutulur. Vətəndaşlıq tərbiyəsinin mahiyyətinin əsasında isə uşaqlara vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini sevdirmək, onları vətənpərvər, mübariz ruhda böyütmək dayanır. Uşaqlarda yaxşını pisdən ayırmaq, həqiqətə, ədalətə, böyüklərə, ailə üzvlərinə hörmət etmək kimi insani keyfiyyətlərin aşılanması isə əsasən ailələrin üzərinə düşür. Belə ki, uşağın böyüdülməsi, cəmiyyətdə layiqli fərd kimi yetişdirilməsində ailənin - valideynin rolu xüsusilə önəmlidir. Çünki ailədə düzgün tərbiyə olunan uşaq pis əməllərdən, zərərli vərdişlərdən uzaq olur ki, bu da cəmiyyətdə sağlam gəncliyin formalaşmasının, dövlətin sağlam təməllər üzərində möhkəmlənməsinin əsas şərtlərindən biridir.
Qeyri-sağlam
düşüncəyə malik, təhsildən yayınan,
düzgün tərbiyə almayan uşaqlar isə həm ailədə,
həm də cəmiyyətdə böyük problemlərin
yaradıcısına çevrilir, ailədə yaranan
kiçik problemlər getdikcə cəmiyyətdə daha da
genişlənir. Valideyn məsuliyyətindən, həmçinin ailədə
valideyn-uşaq münasibətlərinin düzgün qurulmaması, diqqətsizlik və
məsuliyyətsizlik səbəbindən uşaq
hüquqlarının pozulmasına gətirib çıxaran bir sıra hallar
uşaqların evdən qaçmaları, itkin
düşmələri ilə nəticələnir.
Uşaqların itkin düşməsi
yalnız ailə-məişət zəminində mövcud olan problemlərdən
qaynaqlanmır, eyni zamanda
cinayətkarlıq, uşaq oğurluğu, müharibələr zamanı
belə halların baş verməsi daha çox müşahidə
olunur. Statistikaya
görə, hər il dünyada
təxminən 8 milyon, hər gün isə 22 min uşaq itkin düşür. Yaşından
və sosial vəziyyətindən
asılı olmayaraq hər bir ailənin bəzəyi olan
uşağın itkin düşməsi, yoxa çıxması
ağlasığmayacaq, qəbul edilə bilməyəcək
dərəcədə çətin, valideyn
üçün isə böyük
bir fəlakətdir. Sözsüz
ki, uşağın evdən ayrı
düşməsi, qaçması və yaxud
da oğurlanması səbəbsiz baş vermir. Müxtəlif
səbəblərdən qaynaqlanan belə
halların, o cümlədən
uşaqların satışı, cinsi
istismarı kimi hadisələrin baş verməməsi üçün
hər bir dövlətdə vacib işlər görülür.
Lakin yetkinlik yaşına çatmayan
uşaqların təhlükəsizliyinə, onların oğurluqdan, ağır həyat vəziyyətindən
və qanunsuz istismarından qorunmasına
yönəldilmiş tədbirlərin həyata keçirilməsi,
uşaqların yüksək qayğı ilə əhatə
olunması, əlverişli mənəvi və sosial
mühitdə böyüməsi dövlətlərlə
yanaşı, həm də bütün
insanların məsuliyyətidir
1980-ci
ildə Haaqa Konfransında beynəlxalq uşaq qaçırma
problemini həll etmək üçün Beynəlxalq Uşaq
Qaçırılmasının Mülki aspektləri
haqqında Haaqa Konvensiyası hazırlanmışdır. 1989-cu ildə qurulmuş Uşaq Hüquqları Konvensiyası isə
187 ölkə tərəfindən təsdiqlənərək
beynəlxalq uşaq hüququna
mühüm zəmin
yaratmışdır. Konvensiyanın 11-ci maddəsində
iştirakçı dövlətlərdən uşaqların
qanunsuz köçürülməsi və
saxlanması ilə mübarizə aparmaq və
bu istiqamətdə ikitərəfli və
ya çoxtərəfli müqavilələr
bağlamaq, mövcud
müqavilələrə qoşulmaq, 35-ci
maddədə isə milli və ya hər hansı bir
məqsədlə, hər hansı bir
şəkildə uşaq qaçırma,
satma və ya trafikin qarşısının alınması
təşviq olunur.
1999-cu
ildə Uşaq Hüquqları haqqında Konvensiyanın
müddəalarına əsaslanaraq "Azərbaycan
Respublikasının uşaq hüquqları haqqında"
Qanunun qəbul edilməsi ilə ölkəmizdə dövlət
tərəfindən uşaqlara göstərilən diqqət və
qayğı günbəgün artırılmış,
uşaq hüquqları ilə bağlı qanunvericilik
bazası və hüquqi-normativ aktlar təkmilləşdirilmiş,
uşaq hüquqlarının müdafiəsi, onların əsl
vətəndaş kimi formalaşmaları, ilk növbədə
isə sağlam böyümələri, lazımi təhsil və
tərbiyə almaları üçün ardıcıl tədbirlər
görülmüşdür. Bu Qanun
Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə,
Uşaq Hüquqlarına dair
Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun
olaraq Azərbaycan Respublikasında
uşaqların hüquqlarını və azadlıqlarını,
uşaqlar barəsində dövlət
siyasətinin əsas prinsiplərini, onların müdafiəsi
sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin
vəzifələrini müəyyən edir.
Qanunda həmçinin,
uşaqların müxtəlif növ
zorakılıq və istismardan
qorunması, cəzalandırma, hərbi münaqişələrə
cəlbetmə, uşaq əməyinin
istismarı, uşaq alveri,
uşaqlara qarşı pis
rəftar, işgəncə və narkotik
vasitələrdən istifadə məsələləri öz əksini tapmışdır.
Ölkəmizdə uşaq hüquqlarının qorunması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq maddələrində göstərilmişdir. Məcəllənin 49-cu maddəsində hər bir uşağın ailədə yaşaması və tərbiyə alması, maraqlarının təmin olunması, hərtərəfli inkişaf hüququna malik olması qeyd edilmişdir ki, bu da dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğının təzahürüdür.
Bir sözlə, ölkəmizdə sabahımız, gələcəyimiz olan uşaqlara olan həssas və qayğıkeş münasibət ailə hüdudları ilə məhdudlaşmayaraq bütövlükdə cəmiyyəti əhatə edir və onların mənəvi və əxlaqi, vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi üçün bütün tədbirlər həyata keçirilir. Bu isə uşaqların sağlam və firavan böyüməsinin, onların fiziki və mənəvi inkişafının ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini deməyə əsas verir.
Mehparə ƏLİYEVA,
Respublika .- 2022.- 25 may.- S.10.