Müstəqil Azərbaycanın
çağdaş dövlətçilik
tarixində yeni səhifə
açmış ümumxalq partiyası
1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis
qurultayı keçirilmiş və Naxçıvan Ali
Məclisinin sədri Heydər Əliyev yekdilliklə təşkilata
sədr seçilmişdir
Bütün ömrünü xalqının nicatına həsr edən, ağlı, zəkası ilə onun gələcəyə gedən yoluna işıq salan, hələ sağlığında hər bir azərbaycanlının qəlbində özünə əbədi abidə ucaldan ulu öndər Heydər Əliyevin ideyaları bugünkü Azərbaycanın müstəqilliyində, zəfərində yaşayır. Ümummilli liderin canından çox sevdiyi Vətəni, xalqı, milləti qarşısındakı ölçüyəgəlməz xidmətləri əsrlər keçsə belə öz mahiyyətini, dəyərini itirməyəcək, ulu öndərin uzaqgörən siyasəti sayəsində əldə olunan uğurlar Azərbaycanı işıqlı sabahlara çıxaracaq, xalqımızın xoşbəxt gələcəyini təmin edəcək.
Tarixin ağır sınaqlarında müstəqilliyimizi, dövlətçiliyimizi qoruyan, ən çətin məqamlarda düzgün qərarlar verərək xalqımızı üzləşdiyi çətinliklərdən xilas edən Heydər Əliyev atdığı hər bir addımında xalqının mənafeyini düşünmüş və bu, ulu öndərin Azərbaycana rəhbərliyinin hər iki dövründə özünü aydın şəkildə büruzə vermişdir. Müasir Azərbaycan dövlətinin memarı, qurucusu olan Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlişi və yüksək idarəetmə bacarığı ilə 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində respublikamızı düşdüyü vəziyyətdən xilas etməsi dahi liderin xalqımızın tarixində əvəzolunmaz xidmətinin ən mühüm hissəsidir. Xalqın ona olan inamından, etibarından, etimadından və sonsuz sevgisindən güc alan ulu öndər bütün mənalı ömrünü xalqına, onun tərəqqisinə, dünyada nüfuz sahibi olmasına həsr etmiş, Azərbaycanın yüz illərə hesablanmış inkişaf strategiyasını müəyyənləşdirmişdi.
Əsrin əvvəllərində Şərqin ilk
demokratik respublikasını qursa da, bir
millət, xalq olaraq
azadlığı, suverenliyi beşikdəcə
boğulan, 70 il rus imperiyasının tərkibində olan Azərbaycan ikinci dəfə
müstəqilliyinə qovuşduğu
zamanlarda ölkədə gərginlik,
özbaşınalıq, iqtisadi tənəzzül,
siyasi sabitsizlik hökm sürür, respublika məhv olmaq təhlükəsi
altında çabalayırdı. Azərbaycan dövlətini,
xalqını deyil, öz
mənafeyini güdən daxildəki separatçı qüvvələrin
hakimiyyət hərisliyi, ovaxtkı
iqtidarın səriştəsizliyi respublikanın
dayaqlarını yerindən oynatmış, xalqı qardaş qırğınına
sürükləmişdi. Baş alıb gedən iğtişaşlar,
hərc-mərclik əsrlər boyu Azərbaycanın torpağında,
yeraltı, yerüstü sərvətlərində
gözü olan xarici ölkələrdəki erməni
havadarlarının dəyirmanına su tökür, əsrlər boyu
xalqımıza qarşı düşmənçilik siyasəti
yürüdən bədxah ermənilərə meydan açırdı.
Azərbaycan xalqının XX əsrdə
yetişdirdiyi ən böyük
şəxsiyyət olan ulu
öndər Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan
Partiyası məhz belə bir tarixi dövrdə yarandı. Belə ki, 16 oktyabr 1992-ci ildə
91 nəfərdən ibarət bir qrup
ziyalı Heydər Əliyevə müraciət edərək onu siyasi mübarizədə
lider olaraq
gördüklərini və onun ətrafında
birləşdiklərini bildirmişlər. Azərbaycanın
çətin anında ümummilli liderimizin ətrafında sıx birləşməyə,
onun dərin zəkasının köməyi
ilə xalqı, yenicə müstəqillik qazanmış
dövləti bu fəlakətdən xilas etməyə çalışan Azərbaycan
ziyalıları Heydər Əliyevin xalq üçün nə qədər gərəkli olduğunu çox yaxşı bilirdilər. Bu səbəbdən də mütərəqqi
fikirli ziyalılar 1992-ci ilin
iyun ayında yeni siyasi mübarizə yolu ilə
ümummilli liderimizin
rəhbərliyi altında yeni partiya yaratmaq qərarına
gələrək ona müraciət etmişdilər: "Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq,
Siz qısa müddətdə Azərbaycanda
geniş xalq kütlələrini
özündə birləşdirə biləcək böyük, güclü,
nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on
minlərlə respublika vətəndaşı
adından Sizdən xahiş edirik ki, təşəkkül
tapan Yeni Azərbaycan
Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz.
Azərbaycan Sizin sözünüzü
və qəti qərarınızı gözləyir".
Müraciəti imzalayanlar yaxşı
bilirdilər ki,
yeni müstəqillik qazanmış
ölkəni düşdüyü
ağır və dözülməz vəziyyətdən
çıxarmağa qadir yeganə şəxsiyyət
məhz Heydər Əliyevdir. Azərbaycan xalqının iztirablarını,
ölkənin iflasa və məhvə
sürüklənməsi təhlükəsini, Azərbaycan
ziyalılarının ürək ağrısı və
nigarançılığını, həmçinin bununla bağlı bir qrup görkəmli ziyalının müraciətini
nəzərə alan ümummilli
liderimiz Heydər Əliyev onlara 24 oktyabr 1992-ci il tarixli cavab
məktubunda Yeni Azərbaycan
Partiyasının yaradılmasına və ona
rəhbərlik etməyə razılıq verdi.
O, yaranmış vəziyyətdən çıxış
yollarını da böyük
müdriklik və uzaqgörənliklə
göstərirdi: "Güman
edirəm ki,
müstəqil Azərbaycan dövlətinin gələcək
həyatının və fəaliyyətinin əsasını
təşkil edən demokratiya və siyasi plüralizm şəraitində
Sizin müraciətinizdə göstərilən
Yeni Azərbaycan siyasi
partiyasının yaradılması obyektiv
zərurətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni
müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində
və inkişafında tarixi rol oynaya bilər. Əgər
belə partiya yaradılarsa, onun fəaliyyətində iştirak
etməyə hazıram".
Beləliklə, "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın
çağdaş dövlətçilik
tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi.
Naxçıvanda 550-yə
yaxın nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis
qurultayı keçirildi və Naxçıvan Ali
Məclisinin sədri Heydər Əliyev yekdilliklə təşkilata
sədr seçildi. Müstəqilliyə
yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik
maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün
siyasi idealı, əsas strateji
xətti seçən YAP-ın
yaranma tarixi, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu zərurətdən
irəli gəlirdi.
Hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyaları əsasında yaradılan Yeni Azərbaycan Partiyası xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin 1993-cü ildə prezident seçilməsi ilə iqtidar partiyasına çevrildi. Respublikada vəziyyət sabitləşdi, ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Qısa bir zamanda ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının I Qurultayı 1999-cu il dekabr ayının 20-21-də keçirildi. Qurultayın gündəliyinə Partiyanın İdarə Heyətinin, Mərkəzi Nəzarət Təftiş Komissiyasının, Mandat Komissiyasının fəaliyyətləri haqqında hesabatların verilməsi, partiyanın Nizamnamə və Proqramına dəyişikliklər və əlavələr edilməsi, həmçinin YAP-ın rəhbər orqanlarının seçilməsi və s. məsələlər daxil edilmişdir. Respublikanın bütün inzibati rayonlarını əhatə edən partiya təşkilatlarından seçilmiş 2228 nümayəndə və xarici ölkələrdən 30-dan artıq qonağın iştirak etdiyi I qurultayda Partiyanın sədri Heydər Əliyev çıxış etmişdir.
2001-ci il noyabr ayının 21-də keçirilən II Qurultayda partiya ilə yanaşı, həm də xalqımızın həyatında mühüm əhəmiyyətli taleyüklü qərarlar qəbul olunmuşdur. Partiyanın Nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev layiq görülmüşdür. Həmçinin qurultayda partiyanın rəhbər orqanları - 108 nəfərdən ibarət Siyasi Şura üzvləri və onların arasından 26 nəfərdən ibarət İdarə Heyəti seçilmişdir.
2005-ci il mart ayının 26-da keçirilən III Qurultayda partiyanın gələcək fəaliyyəti
müəyyənləndirilmiş və Yeni Azərbaycan
Partiyası sədrinin I müavini, ümummilli lider Heydər
Əliyev siyasətinin layiqli
davamçısı cənab İlham
Əliyev Partiyanın sədri seçilmişdir.
Tarixin xalqımızı daha bir sınağa çəkdiyi vaxtda, müstəqilliyimizin bərpasının ilk illərində - 1992-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən Azərbaycan xalqının, dövlətinin mənafeyindən çıxış etmiş, var qüvvəsi ilə dövlətimizin müstəqilliyinin qorunması, möhkəmləndirilməsi, dövlətçiliyimizin qüdrətlənməsi üçün qətiyyətli mübarizə aparmışdır. Bu gün ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyev ideyalarını yaşadaraq xalqımıza sədaqətlə xidmət edərək dünyəvi, demokratik, hüquqi dövlət olan müstəqil Azərbaycanın inkişafı yolunda uğurla addımlayır.
Mehparə ƏLİYEVA
Respublika 2022.- 20 noyabr.- S.4.