Elçin Mansurov
Vətənimizin bütövlüyü uğrunda fədakarlıqla döyüşmüş, uca şəhidlik məqamına qovuşmuş qəhrəmanlarımızın xatirəsi hər zaman ehtiramla yad edilir. Onların qəhrəmanlığı gələcək nəsillər tərəfindən Vətənə sevginin və sədaqətin ən ali təzahürü olaraq daima uca tutulur. Şanlı qələbəni bizə yaşadanlardan biri - Vətən Müharibəsi Qəhrəmanı, şəhid Elçin Elşən oğlu Mansurov 1984-cü il noyabrın 25-də Bakıda doğulub.
Əslən Yardımlı rayonunun
Kürəkçi kəndindəndir. Birinci
sinfə Binə qəsəbəsində yerləşən
149 nömrəli məktəbdə başlayıb. Sonradan təhsilini Yasamal rayon 286 saylı orta məktəbdə
davam etdirib. Sonuncu 8-11-ci sinifləri isə öz
doğma yurdu olan Yardımlının Kürəkçi kəndində
oxuyub. 2003-cü ildə Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbinə qəbul olub. Təhsilini bitirdikdən sonra təkmilləşdirmə
kursları keçib. 2007-ci il iyul ayından Tovuz rayonunda leytenant rütbəsi alaraq
kəşfiyyatçı kimi xidmətə
başlayıb. 2009-cu ildə Goranboyda yerləşən
"N" saylı hərbi hissədə kəşfiyyatçı
zabit olaraq xidmət edib. 13 illik hərbi qulluq müddətində Tovuz,
Murovdağ və Füzulidə yerləşən
"N" saylı hərbi hissələrdə
çalışıb. Qorxmaz kəşfiyyatçı
kimi ən çətin
tapşırıqlara yollanıb, komandanlıq tərəfindən
daim təqdir edilib. İctimai televiziyaya verdiyi müsahibədə çox
danışmağı sevməyən mayor
fikrini qısaca belə ifadə edib: "Kəşfiyyat ordunun
görən gözüdür. Məqsədimiz
hərbi qulluqçulardan peşəkar kəşfiyyatçılar
yetişdirməkdir. Mən fəxr edirəm ki,
kəşfiyyatçıyam".
Elçin 3 il
idi ki, Füzuli
rayonunda, təmas xəttində xidmət edir və işğal olunmuş əraziləri kəşfiyyat məqsədilə
ziyarət edirdi. Döyüş
yoldaşları danışırlar ki, Elçin tez-tez təkbaşına
kəşfiyyata gedib əsir gətirdiyi üçün dostları arasında həm
də "Tənha canavar" ləqəbi
ilə tanınıb. Düşmən onun
sağ ələ keçirilməsi üçün külli miqdarda mükafat təyin edib.
O, kəşfiyyatçı olduğu
müddətdə düşmən tərəfinə keçir və hər dəfə səfərləri
"qanla" bitərmiş. Düşmən
ona ləqəb də qoyub.
Həmçinin, onu döyüş
yoldaşları "Kəşfiyyatın vuran
əli", "Tənha canavar",
"Boz qurd" da adlandırıblar. Xidməti dövründə
6 medalla, dəfələrlə fəxri fərmanla
təltif olunur. 2020-ci ilin
yayında mayor rütbəsinə yüksəlir.
Elçin həm də 2016-cı ildə Aprel savaşında da cəsurluğunu
sübut etmişdi.
Elçin 2020-ci il sentyabrın 27-də başlanan
Vətən müharibəsi zamanı Füzulinin
azadlığı uğrunda gedən
döyüşlərə qatılır. Vətən
müharibəsində onun komandirliyi
altında 24 nəfərlik qrupdan ibarət
heyət heç bir itki vermədən düşmən postunu ələ keçirib.
Sonrakı döyüşlərdə 17 şəhid,
5 yaralı olmaqla qısa müddət ərzində
düşmənin olduqca strateji
əhəmiyyətli 3 postunu ələ keçirib, 30 ildən sonra
azad olunmuş
mövqeyə bayrağımızı sancıb. İkinci hücum
zamanı isə cəmi 45 dəqiqə ərzində,
düşmənin 2 taqımını darmadağın edib. Sonra qorxmaz qəhrəmanımız
mayor Elçin Mansurov tabeçiliyində olan
qrupdan ayrılaraq, düşmən
bölmələrinin yerləşdiyi dərinliklərə təkbaşına
hücum edərək, daha
22 düşmən əsgərini təkbaşına məhv edib geri qayıdan zaman sentyabrın 27-də "Buğra
dərəsi" adlanan ərazidə
düşmən snayperi tərəfindən
vurularaq şəhidlik zirvəsinə
yüksəlib. II Fəxri xiyabanda dəfn
olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Elçin Mansurov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", həmçinin, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Bakı şəhəri 88 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" Elçin Elşən oğlu Mansurovun adı verilmişdir.
Qardaşı Rövşən Mansurov: "Qardaşımın uşaqlıqdan hərbiyə marağı olub. İşinə çox bağlıydı, heç vaxt bayram, ad günlərini bizimlə qeyd etməzdi. Qardaşımla bağlı xatirələrim çoxdur, qardaş yox, atam rəhmətə getdikdən sonra əslində ata əvəzi olmuşdu bizə. Hər çətinlikdə qardaşımın varlığı o işin öhdəsindən gəlməyə kifayət edərdi. Hər kəs rahatlıqla dərdini bölüşərdi onunla, amma özü heç vaxt heç bir problemini, çətinliyini deməzdi, gizlədərdi. Əslində, hərbçilərə bir o qədər də xas olmayan ürəyi yumşaqlıq, mehribançılıq var idi ətrafındakılara qarşı. Qardaşım şəhid olduqdan sonra onunla xidmət edən əsgərlər mənə zəng edib qardaşımın onlara əsgər yox, qardaş kimi rəftarından danışırdılar. Fiziki cəhətdən çox dözümlü, cəsur idi. Qorxu deyilən bir şey yox idi onda. Müharibə başlayanda da qardaşımı tanıyan hər kəsdə sanki bir rahatlıq var idi ki, o cür insana heç bir şey olmaz. Müharibə vaxtı əsgərlərinə bir şey olmasın deyə tabeliyində olan qrupdan ayrılıb düşmən postuna təkbaşına hücum edib. 20-dən artıq düşmən əsgərini məhv edib, qəhrəmancasına şəhid olub. Bu cür qardaşı itirmək nə qədər ağır da olsa, torpaq yolunda, Vətən yolunda canını qurban verən oğulun qardaşı olmaq bir o qədər qürurvericidir".
Qürur hissi ilə deyə bilərik ki, Vətən müharibəsi Azərbaycan
dövlətinin inamlı qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi
ilə rəşadətli Azərbaycan Ordusu
böyük şücaət və
yüksək döyüş
hazırlığı göstərərək
44 günlük Vətən müharibəsində
30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri
qaytardı. Ölkəmizin ərazi bütövlüyünün
təmin edilməsi, dövlətimizin suverenliyi
və xoşbəxt gələcəyi uğrunda
canlarını fəda etmiş Elçin kimi qəhrəman oğullarımız müasir gənclik üçün
ən gözəl vətənpərvərlik nümunəsi hesab edilir.
Müşfiq MİRZƏ
Respublika .- 2022.- 25 noyabr.- S.12.