Şərqşünaslıq
elminin görkəmli tədqiqatçısı
10 oktyabr tanınmış alim,
ictimai xadim Aida İmanquliyevanın doğum
günüdür
"Ömür
anidir, keçicidir, bəlkə
də fanidir, həyat isə daimi, əbədidir. Ömrü
ölçə bilən meyarlar var - saatlar, günlər, aylar, illər var. Ömür bir nəfərə
- təkə bağlıdır, həyat isə külli - bəşəriyyətə, cəmə
bağlıdır. Ömür
aydındır, çünki ömrün əvvəli də var, sonu da.
Amma həyat aydın deyil.
Çünki həyatın nə əvvəlini
bilən var, nə də sonunu...
Elə insanlar olur ki, onların ömrü
qısa olsa da, qurtarsa da həyatı davam edir...". Akademik Nərgiz
Paşayevanın ömür və həyat
barədə düşüncələri söylədikləri
fəlsəfi fikirdən çox, bir övladın vaxtsız ana
itkisinin acısı, ürək
yanğısının sözə çevrilmiş
ifadəsidir bəlkə də. Əminliklə deyə bilərik
ki, Nərgiz xanım bu
fikirləri ana əllərinin
sığalına, tumarına, müdrik məsləhətlərinə
ehtiyac duyduğu anlarda köçürüb
kağıza. Üzünü görə
bilmədiyi, səsini eşitmədiyi, ancaq
qəlbində danışıb-dərdləşdiyi doğma bir insanın yoxluğu ilə barışmaq məcburiyyətində
qaldığı məqamlarda yüngülləşdirmək
istəyib içindəki dərd yükünü.
Və əmin olub ki, sevimli bir insana
olan həsrəti heç
nə, ən böyük zaman
belə azalda bilməz. Çünki
məhz elə o zaman
çərçivəsində gözəl siması, cizgiləri,
surəti göz önündə
canlandıqca nəsə deməyə, söyləməyə
ehtiyac yaranır. Və bu,
həmişə belə olacaq, bir ana, alim,
insan kimi həyatda qoyub getdiyi yaxşı əməllərin
nurunda axtaracaq, ona bənzəməyə
çalışacaq və belə bir
ananın övladı olduğu üçün qürur duyacaq.
"Aida xanım unudulmaz bir şəxsiyyət idi, o, qısa, amma çox parlaq və xoşbəxt həyat yaşamışdır. Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləmişdir", - deyə yazır Mehriban xanım Əliyeva və bu gözəl insanın dayandığı ucalığa çatmaq üçün onu hər zaman yanında hiss edir, ruhunu şad etməyə çalışır bir övlad kimi.
Aida xanım İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatşünaslığı məktəbinin yaradıcılarından sayılır. O, 1939-cu il oktyabrın 10-da ziyalı ailəsində dünyaya göz açmış, BDU-nun (ADU) şərqşünaslıq fakültəsinin yeni açılmış ərəb bölməsində təhsil almış, sonrakı mərhələlərdə namizədlik və doktorluq dissertasiyalarını uğurla müdafiə edərək ömrünün sonunadək eyni sahədə çalışmışdır.
Azərbaycan tarixində ilk qadın ərəbşünas alim olan Aida xanım öz elmi araşdırmaları ilə təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da böyük şöhrət qazanmışdı. O dövrdə Azərbaycan keçmiş ittifaq məkanında ərəb filologiyasının əsas tədqiqat mərkəzlərindən biri kimi tanınırdı. Onun araşdırmaları da ərəb ədəbiyyatının yeni mərhələyə qədəm qoymasında böyük xidmətləri olmuş Əmir ər- Reyhaninin, Cübran Xəlil Cübranın, Mixail Nüaymənin yaradıcılığı ilə bağlı olub. O, adıçəkilən mütəfəkkirlərin yaradıcılığı barədə keçmiş ittifaq məkanında ilk tədqiqat aparan alimlərdən biri idi. Professor Aida İmanquliyevanın 3 monoqrafiya, habelə 70-dən artıq elmi məqaləsində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkülü geniş şəkildə tədqiq edilmişdir. Aida xanım təkcə şərqşünaslıq sahəsində deyil, həmçinin Şərq və Qərb arasında elmi və mədəni əlaqələrin, ortaq mədəni dəyərlərin tədqiqində də səmərəli fəaliyyət göstərmişdir. Həmkarları onun araşdırmalarındakı orijinallığı xüsusi qiymətləndirirdilər. Elmi yaradıcılığının ana xəttini Qərb və Şərq mədəni ənənələrinin sintezinin təşkil etməsi, Şərqin neçə-neçə yazarlarının əsərlərini dilimizə çevirməsi, bir ictimai xadim, elm təşkilatçısı kimi, həm də dini baxışları qiymətləndirmək bacarığına malik olması onun geniş dünyagörüşündən xəbər verir.
Belə bir deyim var
ki, alim olmaq asandır, insan olmaqsa çətin. Aida xanımın
alimliyi isə onun Tanrının yalnız sevdiklərinə
bəxş edə biləcəyi gözəl,
bənzərsiz keyfiyyətlərini
tamamlayırdı: zahiri,
daxili gözəllik, mehribanlıq, həssaslıq
- yüksək insaniyyətə
xas olan bütün cəhətlər
cəmləşmişdi onun
simasında.
Aida xanım nəcibliyi, alicənablığı, mərhəmətliliyi,
xeyirxahlığı, başqalarına
diqqət və qayğısı ilə ondan dərs alan gənclərə
təkcə ərəbşünaslıq
elminin incəliklərini
öyrətmirdi. Ətrafındakılar üçün o, həm
də əsl insanlıq mücəssəməsi
idi. Onun daxili və
zahiri gözəlliyini
yüksək qiymətləndirən
insanlar Aida xanımı
ideal qadın obrazı
kimi qəbul edir və daim
ona ehtiram göstərirdilər. "Vüqar və ləyaqət rəmzi".
Onu bax, belə səciyyələndirirdilər. Bu isə həddindən
artıq təvazökar
bir insan olan Aida xanımın özünəməxsus təmkinini
qətiyyən pozmurdu.
Şərq-Qərb sivilizasiyalarının dialoqu
və ümumbəşəri
vəhdət ideyası
bu gün diqqət mərkəzindədir. XXI əsrin zaman məsafəsindən baxdıqda,
dünyada gedən qlobal proseslərin konturları kifayət qədər aydın görünür və məlum olur ki, dünyanın yeni nizamının formalaşması sivilizasiyaların
qarşılıqlı əlaqəsinə
də fərqli münasibət göstərilməsini
tələb edir.
Azərbaycan Şərq ölkəsi
olduğundan azərbaycanlı
alimlər SSRİ-də
aparılan tədqiqatların
şərqşünaslıq aspektlərinə də həmçinin cəlb edilirdilər. Belə
bir dövrdə - XX əsrin 70-ci illərində
Azərbaycanda ilk dəfə
görkəmli şərqşünas-alim
Aida İmanquliyeva zəmanəni
qabaqlayaraq olduqca aktual, gələcəyə
yönəlmiş bir
mövzu ətrafında
ciddi araşdırmalar
aparmış, problemin
elə aspektlərini ön plana çəkmişdir
ki, onlar təkcə Azərbaycanda
yox, bütün dünyada yalnız
90-cı illərin axırlarında
- iki əsrin qovuşuğında aktuallaşmış
oldu.
AMEA-nın Şərqşünaslıq
İnstitutunun direktoru,
akademik Gövhər Baxşəliyeva yazır:
"...Aida xanımın araşdırdığı
məsələlər şərqşünaslığın
və filoloji düşüncənin hüdudlarına
sığmır. Şərq-Qərb problematikasının bədii-romantik
tərənnümü Aida xanımın yaradıcılığında
müstəqil fəlsəfi
problem kimi qoyulur və Şərq ilə Qərb düşüncələrinin vəhdət
zərurəti elmi-fəlsəfi
arqumentlərlə sübuta
yetirilir".
Aida İmanquliyevanın elmi, ictimai-siyasi fəaliyyətindən danışarkən tərcüməçilik sahəsində əməyini də qeyd etmək lazımdır. Məsələn, onun 70-ci illərdə universitetin Şərqşünaslıq fakültəsinin ərəb dili müəllimi, filologiya elmləri namizədi M.Qarayevlə birlikdə "İnsan və quş" adlı hekayələr məcmuəsi çap olunub. Bundan əlavə, "Ərəb filologiyası" şöbəsinin əməkdaşlarının hazırladığı İraq yazıçılarının əsərlərindən ibarət kiçik bir antalogiyanın tərcüməsində və çapında da Aida xanımın xüsusi rolu var. "Ağ günlərin sorağında" adlanan həmin məcmuədə Aida xanımın tərcüməsində İraq yazıçısı Mahmud əz-Zahirin "Boğulmuş hıçqırıqlar" adlı hekayəsi də öz əksini tapıb. Neçə-neçə kitaba ön söz yazıb, çoxsaylı kitabın redaktoru olub. Moskva, Düşənbə, Hamburq, Kiyev, Sankt-Peterburq, Poltava, Tbilisi və digər şəhərlərdə keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış edib.
Qısa ömür sürməsinə
baxmayaraq, özündən sonra zəngin elmi irs qoyub getmiş,
fundamental tədqiqatları ilə təkcə
Azərbaycan və sovet şərqşünaslığını
deyil, eyni zamanda, dünya şərqşünaslığını
zənginləşdirmiş, inkişaf etdirmişdir. Rusiya, Ukrayna, Almaniya,
İngiltərə, Fransa, Özbəkistan,
Gürcüstan və bir
çox ölkələrdə
yaxşı tanınan, rəyi ilə hesablaşılan, əsərlərinə
tez-tez istinad edilən
Aida xanımın adı yeni
və müasir ərəb ədəbiyyatının
ən nüfuzlu, görkəmli tədqiqatçılarından
biri kimi şərqşünaslıq
tarixinə əbədi daxil olmuşdur.
Elm aləmində nadir istedada malik elə şəxsiyyətlər
var ki, onların elmə
gətirdiyi yeniliyin, çəkdiyi zəhmətin
çəkisi zaman keçdikcə daha aydın dərk edilir.
İstedadlı alim, ictimai
xadim, gözəl qadın və ana Aida xanım belə
alimlərdən, belə şəxsiyyətlərdəndir...
Zümrüd QURBANQIZI
Respublika .- 2022.- 9 oktyabr.- S.4.