Nəbi Mülkümov - "Vətən sevgisi"
Bədii
yaradıcılıqla məşğul olan
Nəbi Mülkümovun "Vətən sevgisi" adlı kitabı işıq üzü görüb.
"Səda" nəşriyyatında çap
olunan kitabının redaktoru
Həvva Adəmsoy Vasalovadır.
Nəbi Mülkümovda
şeirə, poeziyaya həvəs hələ
məktəb illərindən başlamışdır. Gənc
şairin daha da püxtələşməsində jurnalist və yazıçı, həmyerlisi
Əhməd İsayevin, şair
Abdulla Dağlaroğlunun
böyük rolu olmuşdur. O, Vətən torpağına olan sevgi və məhəbbətini
bu dəfə kitab
formasında ifadə edib. Zaqatala
rayonunun Suvagil kəndində
dünyaya gələn müəllif öz kitabında el-obasından, bu yerlərin tanınmış, mötəbər
insanlarından söz açır.
Onların əmək fəaliyyətini şeirlərində tərənnüm
edir. Kitaba nəzər
salanda bu yerləri səyahətə
çıxırsan sanki. Sovetlər
birliyində Zaqatalanı Azərbaycanın Parisi
adlandırıblar. Deməli, bu bölgə
yüksək inkişafı ilə bərabər, həm də
müasirliyi ilə də seçilib.
Dağların qoynunda, meşələrin
əhatəsində qərar tutan rayonun insanları da təbiəti
kimi safdır. Bütün
bu amilləri nəzərə alan müəllif kitabda
bölgənin insanlarını öz bədii
təxəyyülünün gözü
ilə təqdim edir oxuculara.
Azərbaycanda multikulturalizmin
ən gözəl inkişaf etmiş bölgələrindən biri də Zaqatala rayonudur. Nəbi Mülkümovun
şeirlərinin ana xəttini təşkil
edən qollardan biri də
budur. Bu bölgədə
mehriban qonşuluq
şəraitində yaşayan türklərin,
avarların, saxurların, ingiloyların həyat və məişətini
vəsf edən şeirlər çoxluq təşkil
edir. Maraqlı olan məqamlardan
biri də odur ki, şair bu
azsaylı xalqların öz dillərində
də şeirlər yazmışdır. Onun
vətənpərvərlik mövzusunda
yazdığı xeyli sayda
şeirləri var. Ermənilərin
xalqımızın başına gətirdiyi faciələrdən,
30 illik işğal dövrünün nisgilindən bəhs edir bu şeirlər. Hələ
Vətən müharibəsində qələbəmizdən
öncə yazdığı "Qarabağ
Azərbaycandır!", "Vətən torpağı",
"Qarabağsız keçən illər" və sairə
şeirlərini nümunə göstərmək olar.
Azərbaycanın görkəmli şəxsiyyətlərinə
həsr etdiyi şeirləri də kitabda xüsusi yer tutur. Yazdığı
sevgi şeirləri isə yaradıcılığının
əsas qollarındandır və onu nəğməkar
şair kimi də
tanıtdırır. Yazdığı xeyli
sayda şeirə musiqi
bəstələnib.
Ramidə YAQUBQIZI
Respublika 2022.- 9 oktyabr.- S.7.