Valeh Bədəlov
Vətənimizin bütövlüyü
uğrunda fədakarlıqla döyüşmüş, uca
şəhidlik məqamına qovuşmuş
qəhrəmanlarımızın
xatirəsi hər zaman ehtiramla yad edilir.
Onların qəhrəmanlığı
gələcək nəsillər tərəfindən Vətənə
sevginin və sədaqətin ən ali təzahürü olaraq
daima uca tutulur. Şanlı
qələbəni bizə
yaşadanlardan
biri -Vətən Müharibəsi Qəhrəmanı
Bədəlov Valeh Vahid
oğludur.
Valeh Bədəlov 10 oktyabr 1990-cı ildə Zaqatalanın Aşağı Tala kəndində dünyaya göz açıb. Ailədə 3 uşaq olublar. 2 oğlan, 1 qız. 1996-cı ilə Aşağı Tala kənd Ramiz Şabanov adına 3 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2007-ci ildə bitirib. 2007-ci ildə Qafqaz Universitetinin (indiki Bakı Mühəndislik Universiteti) filologiya fakültəsində təhsil almağa başlayıb. 2012-ci ildə Universiteti Azərbaycan dili və Ədəbiyyat ixtisası üzrə bitirərək hərbi xidmətə yollanır, kurs keçərək leytenant rütbəsinə yiyələnib. 2014-cü ildə hərbi xidməti başa vurur. 2015-ci ildə yenidən hərbiyə qayıdıb, xüsusi təyinatlı hərbçi olmaq üçün kurs keçir və uğurla başa vurur. 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olur. 2017-ci ildə isə Türkiyədə Komando kurslarında iştirak edir. 2018-ci ildə Ordumuzun 100 illiyi münasibətilə keçirilən paradda iştirak edir, fərqlənməyə görə medalla təltif olunur.
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin ilk gündən iştirakçısı olur. XTQ-də bölük
komandiri və kəşfiyyatçı olan Valeh ilk
gün Murovdağ zirvəsinin
azad edilməsində böyük
şücaət göstərmiş, daha sonra isə cənub cəbhəsində Füzuli və Hadrut
istiqamətində strateji yerlərin
alınmasında iştirak etmişdir. Ərazi bütövlüyü
uğrunda gedən döyüşlərdə
fəal iştirak edən igidimizin
döyüş yolu Murovdan başlasa da, daha sonra Cəbrayıl və Füzuli rayonlarına doğru
irəliləyir. Lakin Füzulidə gedən
döyüşlər zamanı 2020-ci il oktyabrın 7-də 30
yaşını qeyd eməyə üç gün
qalmış qəhrəmancasına şəhidlik zirvəsinə
ucalır. Prezident İlham
Əliyevin 2020-ci il 9 dekabr
tarixli Sərəncamına əsasən
ölümündən sonra Valeh Vahid oğlu
Bədəlov Vətən Müharibəsi Qəhrəmanı
fəxri adına layiq görülmüşdür.
Həmçinin, Valeh Bədəlov Vətən
müharibəsində şücaətlərinə görə
"Vətən uğrunda", “Füzulinin, Xocavəndin, Cəbrayılın,
Qubadlının, Kəlbəcərin azad
olunmasına görə” medalları ilə təltif edilib. Valehin Azərbaycana iki əmanəti var, Aylin və Nilay Bədəlovalar.
Prezident İlham
Əliyevin tapşırığına uyğun
olaraq, Azərbaycan Respublikasının ərazi
bütövlüyü uğrunda
həlak olmuş Vətən müharibəsi
qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının
adlarının əbədiləşdirilməsini təmin etmək
məqsədilə Zaqatala rayonu Aşağı Tala
kənd 1 nömrəli tam orta
məktəbə Vətən Müharibəsi Qəhrəmanı
Valeh Vahid oğlu Bədəlovun adı verilmişdir.
Atası Vahid kişinin sözlərinə görə, Valeh orta məktəb illərindən
hərb sahəsinə çox meyilli olub: “Orta məktəb illərində keçirilən
hərbi-idman yarışlarında, təlimlərində çox fəallıq göstərirmiş. Hərbi
təlim məşğələlərində avtomat silahının
sökülüb-yığılmasında həmişə birinci olardı. Mövsüm
zamanı ova gedəndə Valeh
də bizlə gedərdi. Valeh hər
danışanda gələcəkdə hərbçi
olacağını və ermənilərin
torpaqlarımızdan çıxarılmasında iştirak edəcəyini deyirdi.
Valeh sözünün
üstündə də durdu. O, hərbi
xidmətdə olarkən Xüsusi Təyinatlı
Qoşunlarda xidmətini davam
etdirən zaman həmin müddətdə
3 il kurs keçdi. Təlimlərdə birinci
yer tutduğu üçün ona leytenant rütbəsi verildi”.
Anası Südabə xanım: “Oğlum əsl hərbçi idi. O, işləri barədə həyat yoldaşına belə heç nə danışmazdı. Adətən hərbi təlimlərə qoşulur, hərbi sirlərə yiyələnirdi. Türkiyədə keçirilən təlimlərdə iştirak etmişdi. 2018-2019-cu illərdə qardaş ölkədəki təlimlərdə fərqləndiyinə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Valehi ön sıraya çıxararaq, “əsl zabit belə olar” demişdi”.
Şəhidimizin bacısı Vüsalə Bədəlova qardaşı ilə bağlı xatirələrindən danışır:
“Qardaşım məndən üç yaş böyük idi. Kitab oxumağı çox sevirdi. Bir kitabı oxumağa başladığı zaman, bitirənə qədər dünya ilə əlaqəsi kəsilərdi. Uşaq vaxtı hər zaman kosmonavt olacağını deyərdi. Dörd yaşı olanda anam ona Puşkinin “Qafqaz” şeirini öyrətmişdi. Sonralar da həmişə stulun üstünə çıxıb o şeiri deyirdi, mən də heyran-heyran baxırdım. Elə bilirdim ki, doğrudan da dağın başında durub. Qardaşım ailəsinə, uşaqlarına çox bağlı olub. İki qızı var, Aylin və Nilay. Atası evə gec gələndə böyük qızı ağlayırdı ki, atam hardadır. İndi də çox axtarırlar. Hər gün soruşur ki, atam nə zaman gələcək…
Valeh Bədəlovun həyat yoldaşı Zeynəb xanım: Valeh ailə qurmazdan əvvəl mənimlə səmimi söhbət etmişdi. Dedi ki, zabit həyat yoldaşı olmaq elə də asan deyil, bir gün evdə, bir gün çöldə olacağam. Təlimlərdə olacağam, tək qalacağın günlər olacaq, əgər bunlara hazırsansa ailə quraq. Əlbəttə ki, mən bilirdim zabit həyatı çətin və şərəflidir. Ona görə də düşündüm ki, şərəfli peşə sahibinin adına-sanına layiq bir həyat yoldaşı olmalıyam və ona razılıq verdim. Peşman da olmadım, o, hər yerdə seçilməyi bacarırdı. Bizim şəhərciyə birinci şəhid xəbəri gələn günü mən sanki qəflət yuxusundan ayıldım. Fikir etməyə başladım ki, Valeh də şəhid ola bilər. Heç vaxt inanmazdım ki, Valeh də şəhid ola bilər. Söhbətlərimizin birində dedi ki, əgər müharibə başlayarsa mən şəhid olacağam. Onun qorxduğu yalnız bir şey var idi, qızlarının atasız böyümələri, vəssalam! ”.
Böyük Zəfəri,
Qələbəni görməsə də bu gün Valeh Bədəlovun ruhu
şaddır. Onun azad
görmək istədiyi Qarabağımızda üçrəngli
Azərbaycan bayrağı vüqarla
dalğalanır. Ruhun şad
olsun!
M.MİRZƏ
Respublika 2022.- 9 oktyabr.- S.6.