Elşad Hüseynov
Şərait
qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Şücaətləri, igidlikləri
örnək olan qəhrəmanların hər
birinin gənclərin vətənpərvər
ruhda böyüməsində bilavasitə
rolu var. Çünki bugünkü
gənclər hansısa film qəhrəmanlarının
deyil, şücaəti dildən-dilə
düşən əsl qəhrəmanların yolunu
örnək götürürlər. Bu vətənin
örnək götürüləcək qəhrəmanları
isə olduqca çoxdur.
Vətənin bütövlüyü
naminə şirin canından keçən
oğulların qanları ilə yazdığı
şanlı zəfər tariximiz qürur mənbəyimizdir. Torpaqlarımızın
bütövlüyü uğrunda
şəhid olan vətənpərvər
oğullarımızdan biri də Birinci Qarabağ müharibəsində
düşmənlə üzbəüz mövqedə
şücaətlə döyüşərək, şəhadətə
qovuşan Azərbaycanın Milli Qəhrəmanı Elşad
Eynulla oğlu Hüseynovdur.
1960-cı il oktyabr ayının 8-də Masallı rayonunun Xıl kəndində doğulmuşdur.
1978-ci ildə burada orta
məktəbi bitirdikdən sonra bir il sovxozda
fəhlə işləmişdir. 1979-cu ildə E.Hüseynov hərbi xidmətə
çağırılaraq, Batumi şəhərində
xidmətə başlamışdır. 1981-ci ildə ordudan tərxis olunmuş
və Bakı şəhər Səbail rayon
milis şöbəsinin nəzdindəki
mühafizə şöbəsində milis
nəfəri kimi işə qəbul olunmuşdur. E.Hüseynov
1986-cı ildə N.Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbinin (indiki
Polis Akademiyası) qiyabi
şöbəsinə daxil olmuş və 1989-cu ildə təhsilini başa vurmuşdur.
Ermənilərin doğma
torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə göndərilməsi
barədə bir neçə dəfə Daxili İşlər Nazirliyinə müraciət
etmişdi. 1991-ci ildən etibarən Elşad müntəzəm olaraq
cəbhə bölgələrinə getməyə başlayır.
İlk döyüşü
Füzuli və Tərtər bölgələrində
olur. O, bu sınaqdan uğurla çıxır. Sonra
Marağa, Cuvarlı, Marquşevan,
Ağbulaq və digər kəndlərin azad olunmasında rəşadətlə döyüşür. Onun
göstərdiyi igidliklər düşməni vahiməyə
salır.
1992-ci ilin iyunun
15-də döyüşçülərə Fərrux kəndini
düşməndən azad etmək
tapşırığı verir. Səhər
tezdən Ağdam istiqamətində
döyüşə atılan polis cəngavərləri
kəndin içinə doğru irəliləyirlər.
Elşad həmişə olduğu
kimi, yenə də döyüşün
ən qızğın yerində idi. Elşad həm cəsarətli vuruşu,
həm də ruhlandırıcı
çağırışları ilə döyüş
yoldaşlarına ruh verirdi.
E.Hüseynov döyüşün
qızğın çağında polis
yoldaşlarını erməni faşistləri üzərinə
səsləyib irəli atıldı və bu
zaman düşmən gülləsinə tuş gəldi. Elşad
Masallı rayonunun Xıl kəndində dəfn
edilmişdir. Üç
qız övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin
8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə ölümündən
sonra Elşad Eynulla oğlu Hüseynova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Masallı rayonunda
küçələrdən biri Qəhrəmanın
adını daşıyır. Xıl kəndində E.Hüseynovun büstü
qoyulmuşdur.
2020-ci ilin 27 sentyabrı Azərbaycan
xalqının yaddaşında uzun illər
Qələbənin, Zəfərin başlanğıc tarixi kimi xatırlanacaq. Məhz həmin gün başlayan haqq
savaşımız bizi sonda
böyük Qələbəyə
apardı. Bu gün Prezident, Müzəffər Ali
Baş Komandan cənab
İlham Əliyevin rəhbərliyi
altında 44 gün ərzində azad edilən torpaqlarımızda üçrəngli
bayrağımız dalğalanır.
Azərbaycan xalqının Qarabağ uğrunda apardığı Vətən müharibəsində böyük tarixi Qələbə qazanması hamımıza sonsuz sevinc və qürur hissi yaşatdı. Ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü bu böyük Qələbə sayəsində bərpa edildi. Ölkəmizin doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edən qəhrəman oğullarımızın ruhu əbədi olaraq yaddaşlara həkk olunub və hər zaman minnətdarlıqla anılacaqdır.
M.MİRZƏ
Respublika 2022.- 8 oktyabr.- S.6.