Tarixi irsimiz, mədəniyyətimiz,
müasirliyimiz
memarlıq nümunələrində öz
əksini tapır
"Memarlıq sənəti
xalqın maddi və mədəni dəyərlərinin
təzahür formasıdır".
Heydər
ƏLİYEV,
Ümummilli lider.
1946-cı ildə İsveçrənin Lozanna şəhərində təsis edilən
Memarlar Günü
Beynəlxalq Memarlar İttifaqının təşkil
olunması ilə eyni vaxta
təsadüf edir. Yunan
dilindən tərcümədə "architecton"
sözünün mənası yüksək
usta memar deməkdir.
Memarlıq - gözəllik qanunu əsasında
gerçəkliyi formalaşdıran yaradıcılıq növü kimi cəmiyyətin
inkişaf tarixini dünya sivilizasiyasının bütün
mərhələlərində özündə əks etdirən
sənət nümunəsidir. Qədim dövrlərdən bu günümüzə gəlib
çıxan memarlıq sənəti insanın
yaşadığı mühiti estetik cəhətdən formalaşdıraraq, sosial ideyaları bədii obrazlarda
ifadə edir. Tarix boyu sivilizasiyalar onlardan qalan memarlıq abidələri
ilə fərqlənib.
Zövqümüzü oxşayan, ölkələrin və şəhərlərin simvolu kimi yaddaqalan binalar insanın gündəlik həyatı ilə ayrılmaz şəkildə bağlıdır. Bu abidələr sayəsində biz onların yaranma dövrünü, ölkənin sosial-iqtisadi səviyyəsini, xalqın adət-ənənələrini, mədəniyyətini, tarixini, milli-mənəvi irsini, hətta xarakterini müəyyən edirik. Əsrlər boyu xalqların tarixində baş verən dəyişikliklər özünü həmin xalqın memarlıq sənətində büruzə verib. Memarlıq yalnız xalqın mədəniyyətindən, eyni zamanda həmin ərazidə kimlərin yaşayıb-yaratdıqlarından da xəbər verir. Mədəniyyətin və incəsənətin bütün zahiri formalarını özündə cəmləşdirən tikililər üslublarına görə 3 əsas qrupa bölünür: tipik şərq, qədim Avropa və müasir tikililər.
Qədim yaşayış məskənlərindən biri olan Azərbaycan ərazisində yaşamış xalqlar şərəfli yaradıcılıq yolu keçərək bir-birindən gözəl memarlıq nümunələri yaratmışlar. İslam dövründə yeni yaradıcılıq ənənələri əsasında yerli memarlıq məktəblərinin yaranması, görkəmli sənətkarların yetişməsi memarlığımızın yüksək inkişafını göstərən tarixi bir faktdır. Memarlıq tarixi ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Saysız-hesabsız qala, qəsr, saray, məscid, türbə, xandan, körpü, ovdan kimi zəmanəmizədək gəlib çatan tikililər müxtəlif mərhələlərdə inşa olunan tarixi abidələrdir. Milli memarlıq mədəniyyətimizin dəyərini özündə əks etdirən çoxsaylı memarlıq abidələri, xalq yaşayış nümunələri özünəməxsus mühəndislik texnikası, bəzək tərtibatı ilə zəngindir. Böyük sənətkarlığa malik Azərbaycan memarları özünəməxsus üslub qazanmışlar ki, bu da yerli memarlıq məktəblərinin yaranmasına imkan vermişdir. Bu məktəblərdən Naxçıvan, Aran, Şirvan-Abşeron, Təbriz və s. memarlıq məktəblərini göstərmək olar. Aran məktəbi daha çox Gəncə və Bərdədə formalaşıb, daha sonra isə öz təsir dairəsini genişləndirərək Azərbaycanın hər tərəfinə yayılıb. Beyləqandakı yaşayış binaları, hamam və s. qalıqları Aran memarlıq məktəbinin üslub özəllikləri haqqında aydın təsəvvür yaradır. Naxçıvan memarlıq məktəbində boyalı kaşıdan ornamentli baştağ kompozisiyalarından istifadə edilsə də, Şirvan-Abşeron məktəbinə mənsub tikililər sadə memarlıq bölgüləri və dekorativ oyma bəzəkləri ilə seçilib. Təbriz məktəbinin ən yaxşı abidələri üçün memarlıq quruluşunun dəbdəbəsi, dekorların müxtəlifliyi səciyyəvidir. Əsrlər boyu yaradılan bu abidələr uzaq keçmişlərin həqiqi şahidi kimi xalqımızın tükənməz yaradıcılıq qabiliyyətini əks etdirir. Bu baxımdan tarixi memarlıq abidələri Azərbaycan mədəniyyəti və incəsənətinin, onun inşaat-tikinti məharətinin ən əhəmiyyətli nümunələridir. Bu abidələr yarandığı cəmiyyətin, həmin dövrün siyasi hadisələrini, əcdadlarımızın estetik görüşünü, zövqünü, tikinti mədəniyyətini əks etdirən nadir daş salnamələrdir.
Qafqaz Albaniyası dövründə Qəbələ
şəhərinin möhkəm qala
divarları, saxsı borularından çəkilmiş su kəməri, Dəmirqapı (Dərbənd)
keçidində daşdan tikilmiş
müdafiə sistemi, Çıraqqala, Ləkit
kəndindəki dairəvi xristian məbədi,
Qum kəndindəki bazilika,
Mingəçevirdəki məbədlər kompleksi və s. şəhərsalma
mədəniyyətinin yüksək səviyyəsini göstərir.
Sasanilər dövründə diqqəti cəlb edən istehkam tikililəri bu abidələrin
inkişafı haqqında geniş təsəvvür
yaradır.
XII əsrin 20-ci illəri - XII əsrin sonunda Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvani təsviri sənəti və mühəndisliyi memarlıqla sintetik şəkildə birləşdirmişdir. Şərqin böyük dühaları ona "Şeyxül-mühəndis" (mühəndislərin başçısı) fəxri adını vermişdilər. Həmin dövrün daha bir memarı Əmirəddin Məsud Naxçıvani Naxçıvan memarlıq məktəbinin nümayəndələrindən idi. Qasım bəy Hacıbababəyov isə 1868-ci ilədək Bakı şəhərinin memarı, 1868-ci ildən 1874-cü ilədək Şamaxının memarı olmuşdur.
XX yüzilliyin
30-cu illərindən başlayaraq, Azərbaycan
memarlığında yeni mərhələ
başladı. Kifayət qədər tanınmış
dünyaşöhrətli memarlar
Mikayıl Useynov, Sadıq Dadaşov,
Həsənağa Məcidov, Qəzənfər Əlizadə,
Ənvər Qasımzadə və digərləri dövrünün
memarlıq üslubunda gözəl əsərlər
yaratmışdılar. Ploşko, Skibinski, Qoslavski, Exler kimi əcnəbi memarlar da nadir
memarlıq abidələri ucaltmışdılar. Bununla yanaşı, o
dövrdə Azərbaycanın milli
memarları - Məmmədhəsən Hacınski, Zivərbəy
Əhmədbəyov, Məşədiqafar İsmayılovun
layihələri əsasında xüsusən də Bakıda və
Şamaxıda çoxlu sayda
tarixi binalar inşa olunmuşdur. XX əsrin 70-ci illərində memarlığa böyük diqqət və qayğı
göstərən ulu öndər Heydər
Əliyev sovet dövrünün
məhdudiyyətlərinə baxmayaraq, milli memarlıq incilərindən, tarixi və müasir
memarlıq üslublarından istifadə etməyi memarlara tövsiyə edirdi.
Ölkəmiz müstəqillik qazanandan sonra Bakının ən görkəmli yerlərində gözəl memarlıq ansamblları inşa edilmiş, paytaxtın yeni memarlıq simvolları yaranmışdır. İndiyədək dünyada Qız qalası, İçərişəhər kimi qədim memarlıq abidələri ilə tanınan, neft şəhəri - Bakı artıq özünün yeni, qısa zamanda dünyada məşhurlaşan rəmzləri ilə də tanınmaqdadır. Son illərdə tikilib istifadəyə verilən, dünya və milli memarlıq ənənələrinin mükəmməl üslublarını özündə əks etdirən çoxsaylı binalar Bakıya yeni görkəm verir. Bunların içərisində "Alov qüllələri" xüsusilə seçilir. Postmodern memarlığın nadir incisi Bakının yeni rəmzlərindən biri də Heydər Əliyev Mərkəzidir. "Eurovision" mahnı müsabiqəsinin, eyni zamanda böyük incəsənət və idman tədbirlərinin keçirilməsi üçün inşa edilmiş "Crystall Hall" mərkəzi və s. paytaxtın möhtəşəm memarlıq abidələrindəndir. Azərbaycanın ötən 10 ildə keçdiyi dinamik inkişaf mərhələsini əks etdirən nümunələr paytaxtımızı gözəlləşdirməklə yanaşı, ölkəmizin iqtisadi gücünü, turizm imkanlarını, müasir dünyaya sürətlə inteqrasiyasını nümayiş etdirir.
Respublikamızda gedən mədəni quruculuq işləri ilə bərabər, tarix və mədəniyyət abidələrinin mühafizəsi, bərpası, təbliği və onlardan istifadə edilməsi də mühüm əhəmiyyət kəsb edir. Davamlı və dinamik inkişaf edən Azərbaycanda memarların üzərinə böyük məsuliyyət düşür. Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində Bakı şəhəri ilə yanaşı, bölgələr də öz simasını dəyişir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində son 30 il müddətində erməni vandallarının törətdiyi vəhşiliklərin nəticəsi olaraq 800-dən çox tarixi memarlıq abidələrimiz viran qoyulub, şəhər və kəndlərimiz tamamilə dağıdılıb. Tarixi və mədəni abidələrimizin bərpasına, ilk növbədə Azərbaycan mütəxəssisləri cəlb edilir. Həmçinin, Prezident İlham Əliyev 2021-ci il 12 avqust tarixli "İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında" Fərman imzalayıb. Fərmana əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılıb ki, bu da Qarabağın bərpasında böyük əhəmiyyət kəsb edir.
Ölkəmizdə Memarlar Günü xüsusi qeyd olunur. Dünya
memarlığına da böyük
töhfələr vermiş Azərbaycan
memarları nəinki respublikamızda, hətta onun
hüdudlarından çox-çox uzaqlarda öz dəst-xətləri
ilə tanınırlar. Bu günə qədər
gəlib çatmış və gələcək nəsillər
üçün qorunan
nadir əsərlər Azərbaycan
memarlarının fitri istedadını dünyaya nümayiş etdirir. Bu əlamətdar gün tarixi irsimizi, mədəniyyətimizi və müasirliyimizi memarlıqda təcəssüm
etdirən peşəkarların bayramıdır.
Arzu ASİFQIZI
Respublika 2022.- 6 oktyabr.- S.10.