Alban məbədi
(Ay məbədi)
Azərbaycanın ərazisində bir çox Alban məbədləri mövcuddur.
Bunlardan biri də Azərbaycanın
qərb qapısı sayılan Qazax rayonunun Daş Salahlı kəndində
Avey dağının cənub zirvəsinin
ən uca nöqtəsində - 922 metr hündürlükdə yerləşən
Alban məbədidir. "Avey"
Dövlət Tarix-Mədəniyyət Qoruğunun
ərazisində mühafizə olunan və
inventar nömrəsi 283 olan
ölkə əhəmiyyətli memarlıq abidəsinin tarixi V-VII əsrlərə aid
edilir. Məbəd əvvəllər aya sitayiş etmiş bütpərəstlər tərəfindən
tikilmiş və Ay məbədi
adlandırılmışdır. Bunu arxeoloji qazıntılar zamanı tapılan
küplərin üzərində əks edilmiş
ay, aya sitayiş
edən insan şəkillərinə əsasən
söyləmək mümkündür.
Məbəd kompleksi iki tikilidən - birincisi
şimal-cənub istiqamətində yerləşən düzbucaq formalı böyük
əsas tikili və ikinci
kiçik yardımçı tikilidən
ibarətdir. Əsas tikili ikipilləli özül üzərində, qədim ay məbədinin üzərində tikilmişdir. Daha doğrusu, bütpərəst məbədi
xristianlığın qəbulu ilə dövrün
dini tələblərinə uyğun olaraq sökülmüş, onun
yerində xiristian məbədi inşa edilmişdir. Məbədin şimal-şərq tərəfində
qədim tikiliyə aid altı cərgə
hörgü daşının
saxlanması da deyilən fikirləri təsdiq
edir. Çaxmaqlaşmış əhəng
daşından olan həmin hissə
sonrakı tikilmiş binanın hörgü daşlarından fərqlənir. Binanın içi
aralıq qapısı ilə iki otağa ayrılmışdır. Böyük otağın ölçüsü
4,5x3,5 arxasındakı kiçik
otağın ölçüsü isə
3,5x2,5 metrdir. Tikilinin
qədim divarları arası xırda daş
parçaları və palçıqla doldurularaq
hər iki üzdə iri
daşlarla hörülmüşdür.
Birinci iri
otağın şərq divarının hər iki yanında "T" formalı sütun olan abidə yerləşir.
Bu cür sütunlar ara
qapının cənuba, iri otağın
içinə baxan üzünün
və cənuba açılan giriş
qapısının hər iki yanında
vardır. Binanın bərpası zamanı düzəldilmiş
sütunlar (qapının
yanlarındakı) kobudluğu ilə digərlərindən
seçilir. Otağın tavanı
günbəzvaridir. Ortadakı dairəvi deşik
örtükləri silindirvari barabanla tamamlanır. Üstü
alçaq, konusvari
düzəldilmiş barabanın hündürlüyü
2 metr, diametri 2 metrdir. Barabanın konusvari
örtüklə birləşən yuxarı hissəsini qoşa, paralel qabarıq kəmər
əhatə etmişdir. Barabanda
bir-birindən müəyyən məsafədə yerləşən
4 ədəd uzunsov kiçik
pəncərə açılmışdır. Baraban və konusvari örtüyün üstünə nazik daş piltələr
düzülmüşdür.
Otağın şərq divarında bir dar pəncərə
açılmışdır. Otağın qərb
divarındakı pəncərənin hər iki
yanında zərif kəsmə naxışa təsadüf olunur. Pəncərənin üstü
yanlarda düz, ortada qövsvari batıq xətlərdən
ibarət naxışa malikdir. Binanın
"karniz"ini 3 cərgə
batıq xətdən ibarət naxış əhatə etmişdir. Giriş
qapısının üstünü
qırmızı tuf daşı
bağlayır. Bu daşın ətrafı
nəfis naxışla işlənmişdir.
Arxeoloji qazıntılar
zamanı məbədin yaxınlığında qəbirlər
və qəbirüstü daşlar aşkar edilmişdir.
Onların üstü çox
iriölçülü yaxşı
hamarlanmış və naxışlanmış əhəng
daşları ilə örtülmüşdür.
Bu qəbir daşlarının heç birində "xaç"
işarəsi yoxdur. Lakin
birinin üzərində emblem
kimi albanlara məxsus
"lotos gülü"
və yuxarı künclərində 8 hissəyə
ayrılmış rozetka
qazılmışdır. Qəbirüstü daşlarda insan təsvirlərinin
verilməsi bütpərəstliklə əlaqədar olub buradakı qəbirlərin vaxtilə
hazırkı xristian məbədinin yerində
mövcud olmuş
bütpərəst Alban məbədinə
aid olduğunu ehtimal etməyə imkan verir. Ümumiyyətlə, məbəd ətrafında
yer üstündən və
qazıntıdan az miqdarda
arxeoloji material əldə
edilmişdir. Burada əsasən
antik və ilk orta əsrlər, tək-tək orta əsrlərə aid qab qırıqları, bir
neçə memarlıq elementləri, bəzəkli daş parçaları
tapılmışdır. Qab
qırıqları küp, küpə, su qabı, piyalə, 1 ədəd XIII əsrə
aid "Qaan-al-adilə" məxsus mis pul (pulun
təyinatını tarix elmləri doktoru M.Seyfəddini vermişdir)
və şirli kasaya aiddir. Məbədin içinin
quruluşu, onun oxşar abidələrlə müqayisəsi, buradan əldə edilmiş
arxeoloji materialların təhlili onun VI əsrdə inşa
olunduğunu deməyə əsas verir.
Məbədin daxili plan kompozisiyası, xaçvari
plana malik olan Zaqatala rayonunun
Qəbizdərə kəndində yerləşən VIII-IX əsrlərə
aid Qəbizdərə kilsəsini
xatırladır. Xarici fəza həcminə
görə isə kilsə günbəzli zal
kilsələri ilə yaxınlıq təşkil edir.
Avey dağındakı bu qədim məbəd qədim Alban torpağına, xristian alban əhalisinə xidmət etmiş abidədir. Hər zaman olduğu kimi, xristianlıq dövründə də Alban kəndlərinin sakinləri yalnız xristian albanlardan, müsəlmanlığın qəbulundan sonra isə müsəlman alban-azərbaycanlılardan ibarət olmuşdur. Ümumiyyətlə, qədim alban məbədlərinin qorunması Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məsələlərdən biridir. Son illərdə bu tarixi-mədəni irsin bütün dünyada tanıdılması üçün çox işlər görülüb. Qeyd etdiyimiz kimi, ermənilər daim alban məbədlərini və onlara aid maddi-mədəni nümunələri öz adlarına çıxmağa çalışıblar. Lakin Azərbaycan dövlətinin beynəlxalq ictimaiyyəti də cəlb etməklə həyata keçirdiyi tədbirlər nəticəsində ermənilərin alban tarixini saxtalaşdırmaq cəhdlərinin qarşısı alınıb. Aparılan işlərin nəticəsidir ki, artıq dünya ictimaiyyəti alban məbədlərinin məhz Azərbaycana məxsus olması barədə kifayət qədər məlumatlıdır.
Tehran NAĞDALIYEVA,
"Avey" Dövlət Tarix-Mədəniyyət
Qoruğunun kiçik elmi işçisi.
Respublika 2022.- 6 oktyabr.- S.10.