GƏNCƏNİN
TARİXİ İRSİ--COMƏRD QƏSSAB TÜRBƏSİ
Şeyx Nizami
yurdu ulu Gəncədə onun qədimiliyini,
zəngin tarixini əks etdirən və sübut edən memarlıq abidələri yetərincədir.
Belə ki, 500-dən yuxarı tarixi abidə siyahıya
alınmışdır ki, bunlardan 300-ə yaxını dövlət tərəfindən qorunur. VIII əsrə aid tarixi memarlıq abidəsi
- xalq arasında Göy
günbəz, Göy məscid, yaxud Göy İmam kimi tanınan
“İmamzadə” kompleksi, Şah
Abbas məscidi və ya
Gəncə Cümə məscidi, Qazaxlar
məscidi, Şahsevənlər məscidi, Qırıxlı məscidi,
Ozan məscidi, Hüseyniyyə məscidi
və ya Tatlar məscidi,
Bağbanlar məscidi və ya Mirzə Kərim məscidləri bu gün fəaliyyətdədir.
Eyni zamanda Mollacəlili
məscidi, Zərrabi məscidi, Xəlfəli məscidi,
Qızıl Hacılı məscidi, Şərəfxanlı məscidi,
Hüseyniyyə məscidləri mədəniyyət idarələrinin
nəzdində fəaliyyət göstərir. Gəncənin qədimiliyini əks etdirən çoxlu
sayda zəngin tarixə malik
türbələr və abidələr şəhərə
marağı daha da
artırır. Cavad xan türbəsi — Gəncə
şəhərində, Şah Abbas meydanında, Şah Abbas məscidinin yaxınlığında yerləşən
türbə. Arran memarlıq məktəbi
üslubuna uyğun bişmiş kərpicdən dördkünc
formada inşa edilib və üstü
günbəzlə örtülmüşdür.
Türbənin mərkəzində Cavad xanın məzarı durur.
Comərd Qəssab türbəsi-Qədim Gəncə
ərazisində, Bakı-Gəncə dəmir yolu
xəttindən cənubda yerləşən tarixi
memarlıq abidəsidir. Türbədə dəfn edilmiş Comərd Qəssab rəvayətə
görə, Gəncədə böyük
hörmətə malik dürüst, çəkidə dəqiq, mərd,
əliaçıq və xeyriyyəçi qəssab olmuşdur. Türbə planda
səkkizguşəli formaya malikdir. Səkkizguşənin küncləri həm
daxildən, həm də xaricdən çıxıntılarla
işlənmişdir. Onun tikintisi
zamanı kvadrat formalı bişmiş
kərpic və əhəng məhlulu
qarışığından istifadə olunmuşdur.
Məhz bu baxımdan, Gəncə şəhərinin
və bütövlükdə ölkənin ən maraqlı
memarlıq abidələrindən biri, eyni zamanda Gəncənin
memarlıq məktəbinin gözəl nümunəsi, ən
qiymətli abidəsi, incisi, sözün əsl mənasında tarixin yadigarı olan Comərd
Qəssab türbəsindən söz
açmaq istərdim...
Bu türbənin divarında, daşında bənzərsiz naxışlar, Gəncənin zəngin keçmişindən xəbər verir. Türbə sovet hakimiyyəti illərində baxımsızlıqdan dağılmışdı. Türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyev rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda tarixi abidələrin, müqəddəs dini məbədlərin qorunub saxlanmasına, təmirinə və bərpasına xüsusi fikir vermişdir. Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyətin bütün sahələrində olduğu kimi, tarixi abidələrinin bərpası, yeni prinsiplər əsasında inkişafı üçün real şərait yarandı. Bu vəzifələrin yerinə yetirilməsinə 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra başlanıldı. Ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizi dünyada zəngin tarixin, ənənələrin, və tolerant dəyərlərin mövcud olduğu məkan kimi tanıtdı. Məhz onun bariz nümunəsidir ki, dövlət başçısı cənab İlham Əliyev belə abidələrin bərpası və yenidən tikilməsi üçün olduqca mühüm addımlar atmışdır. Bəli, özünəməxsus memarlıq üslubu ilə fərqlənən Gəncə abidələri xalqımızın uzaq və qaranlıq keçmişinin öyrənilməsində müstəsna əhəmiyyətə malik olan abidələrdən biri də Comərd Qəssab türbəsidir. Gəncə sakinlərinin yaddaşında əfsanə şəklində qorunub saxlanan Comərd Qəssab barədə çoxlu sayda əfsanə və rəvayətlər bu gün də Gəncənin yerli sakinləri arasında dolaşmaqdadır. Öz dövründə Əlyar (Əli Aşiq) adını qəbul edən Comərd Qəssab Gəncə şəhərinə yadellilərin hücumu zamanı şəhəri müdafiə edərkən qəhrəmancasına döyüşərək şəhid olmuş və şəhər əhalisi onu həlak olduğu yerdə dəfn etmişdir. Təxminən VII-VIII əsrlərə aid edilən Comərd Qəssab türbəsi Gəncə çayının sağ sahilində “İmamzadə” dini ziyarətgah kompleksinin cənubuna doğru təxminən 1500 m məsafədə, Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisində yerləşir. Məhz ilk dəfə məqbərə burada olubmuş. Vaxtilə Comərd Qəssab türbəsi yerli əhali tərəfindən müqəddəs ziyarətgah yer sayılaraq, daim ziyarət edilib. Comərd Qəssab türbəsində ilk dəfə 1920-ci illərdə Azərbaycan Arxeologiya Komitəsi və 1940-cı ildə isə arxeoloq İsaq Cəfərzadə tərəfindən arxeoloji tədqiqatlar aparılıb. Türbə 1139-cu il zəlzələsində dağılsa da sonradan yerli əhali tərəfindən bərpa edilərək 1950-ci illərə yarı uçuq, qəzalı vəziyyətdə çatıb. 1950-cı illərdə isə türbə baxımsızlıqdan tam yararsız vəziyyətə düşür və uzun müddət bu vəziyyətdə qalır. 2004-cü il dekabr ayının 2-də Comərd Qəssab türbəsinin yenidən açılışı olub. Türbənin bərpası Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Comərd qəssabın qəbri üzərində əvvəlki türbənin bənzəri olaraq 8 tağlı, üzəri günbəzlə tamamlanan məqbərə inşa edilərək şəhər sakinlərinin ixtiyarına verilib.
Gəncə şəhər sakinləri və qonaqlar Gəncəyə daimi göstərdiyi sonsuz diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdardırlar. Bəli, ölkədə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.
Zabit XƏLİLOV
Respublika 2022.- 4 oktyabr.- S.10.