Firidun Şuşinski

Muğam tarixinin görkəmli tədqiqatçısı

Hər daşına, qalasına, ab-havasına musiqi hopmuş, mədəniyyətimizin beşiyi sayılan Şuşa haqqında xalq arasında məşhur bir kəlam var: "Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar". Şuşa - Mir Möhsün Nəvvabın, Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Rəşid Behdudovun vətənidir. Şərq musiqisinin məşhur tədqiqatçısı V.Vinoqradov hələ 1938-ci ildə yazırdı: "Şuşada xalq mahnılarını, xanəndə və sazəndələrin ifalarını eşidib heyran olursan. Şuşa qədim zamanlardan musiqinin beşiyi kimi məşhurdur və bütün Zaqafqaziyada xalq musiqi istedadlarının tükənməz bulağı kimi şöhrət qazanmışdır. "Şuşa musiqiçiləri" Azərbaycan musiqisinin tarixini yaradırdılaronu yalnız vətənlərində deyil, digər Şərq ölkələrində də təqdim edirdilər".

XX əsrin görkəmli musiqi tədqiqatçısı Firidun Şuşinski 20 oktyabr 1925-ci ildə Azərbaycanın gözəl guşəsi olan Şuşa şəhərində anadan olmuşdu. Körpəliyindən evlərində musiqi səsi eşidən, ustad sənətkarları böyük həvəslə dinləyərək musiqiyə məhəbbəti artan Firidun musiqinin vurğununa çevrilmişdi. O, orta məktəbdə oxumaqla yanaşı, musiqi məktəbində skripka dərsinə də gedirdi. F.Şuşinski Şuşada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetində təhsilini davam etdirir. F.Şuşinski ali məktəbi bitirəndən sonra əmək fəaliyyətinə müəllim kimi başlayır və eyni zamanda arxivlərdə, kitabxanalarda Azərbaycan musiqi tarixi sahəsində arasdırma aparır. Bununla da maarif sahəsindən uzaqlaşaraq musiqimizin tədqiqatı ilə məşğul olur. O, nəinki Azərbaycanın, hətta SSRİ-nin (MDB-nin) bir çox şəhərlərində tədqiqat işi aparmaqla Azərbaycan muğam tarixinin açılmamış səhifələrini vərəqləməyə baslayır. Məqalələri "Firidun Həsənov", "Firidun Şuşinski", "F.Şuşinski", "Firidun Şuşalı", "Firidun bəy Şuşalı" imzaları ilə dərc olunurdu. O, mətbuat aləmində "Şuşinski" kimi tanınsa da, ömrünün sonlarında məqalələri "Şuşalı" imzası ilə dərc edilirdi.

Şuşanın tarixini geniş, əhatəli şəkildə arasdırmaq tədqiqatçının ən böyük istəyi idi. Mənfur ermənilərin Şuşadaonun ətraf bölgələrində məskən salmaları həmişə F.Şuşinskini düşündürmüşdü. O, hələ universitetdə təhsil aldığı illərdə belə doğma Şuşanın tarixi haqqında sənədlər toplamaq üçün dövlətdən heç bir maliyyə yardımı almadan SSRİ-nin bir sıra şəhərlərinin arxivlərində, muzeylərində tədqiqatlar aparmışdı.

1968-ci ildə isə Azərbaycan ədəbiyyatı tarixində mühüm bir hadisəyə çevrilən, Firidun Şuşinskinin Şuşanın tarixinə və məşhur şəxsiyyətlərinə həsr olunmuş "Şuşa" kitabı tarixçilər tərəfindən təqdir olunmuş, əsərə yüksək qiymət verilmişdi.

"Şuşa" kitabına görə Firidun Şuşinski uzun müddət təqiblərə, tənqidlərə, iftiralara məruz qalanda onların qarşısını ümummilli lider Heydər Əliyev aldı. Ulu öndərin "Şuşa" kitabı haqqında fikri daha maraqlıdır: "...Hesab edirəm ki, respublikaya rəhbərlik elədiyim müddətdə də Qarabağın inkişafı üçün az görməmişəm. Xüsusilə, Şuşaya çox fikir verirdim. 70-ci illərin əvvəllərində biz Şuşanın daha da inkişaf etdirilməsi haqqında xüsusi qərar qəbul elədik. Xatirimdədir, mən hələ MK-nın birinci katibi seçildiyim ərəfədə Şuşa haqqında bir kitab çıxmışdı. Səhv eləmirəmsə, müəllifi Firidun Şuşinski idi. Bu kitabı çox gözümçıxdıya salmışdılar. Xüsusən, ermənilər. Təəssüflər ki, Bakıda olan ziyalılar da bu kitabın qəti əleyhinə çıxmışdılar. Mənə həmin kitabı çatdırdılar. Oxudum, gördüm ki, kitab yaxşı kitabdı. Düzdür, müəlliflə tanış deyildim, ancaq kitab yaxşı yazılmısdı... Nə isə, mən o zaman ermənilərin hücumunun qabağını aldım. Beləliklə də, həmin kitabın taleyi müsbət həll edildi və Azərbaycanda bu kitaba qarşı olan qeyri-sağlam əhvali-ruhiyyə tamamilə dağıldı".

Ömrünün 40 ilini muğam tariximizin tədqiqinə sərf etmiş, 100-dən çox musiqi ifaçısını xalqımıza tanıtmış görkəmli sənətşünas-alim Firidun Şuşinski "Azərbaycan xalq musiqiçiləri", "Şuşa", "Musiqişünasın düşüncələri" və s. kitabların müəllifidir. Radio və televiziyada aparıcısı olduğu "Muğam axşamı", "İfaçılıq sənəti" verilişləri, uzun illər ərzində Azərbaycan xalq musiqisi tarixinə aid topladığı zəngin eksponatlar Firidun bəyin yaradıcılığı barədə mükəmməl təsəvvür yaradır. Təsadüfi deyil ki, ölkənin Niyazi, Ziya Bünyadov, Əkrəm Cəfər, Tahir Salahov, Tofiq Quliyev, Xəlil Rza Ulutürk... kimi vətənpərvər ziyalıları vaxtında onun həm yaradıcılığını, həm də şəxsiyyətini yüksək qiymətləndirmişlər.

Firidun Şuşinskinin yaradıcılığını daim diqqət mərkəzində saxlayan dünyaşöhrətli bəstəkar Fikrət Əmirov yazırdı: "Firidun Şuşinski həm bir alim, musiqişünas, həm də musiqi tədqiqatçısı kimi aləmdir, əvəzsiz və bircədir, misilsizdir". Musiqimizin, muğam tariximizin görkəmli tədqiqatçısı Firidun Şuşinski 1997-ci il oktyabrın 25-də vəfat etmişdir.

Bəybala BƏYBALAYEV

Respublika .- 2022.- 22 oktyabr.- S.14.