Qədim alban qəbiristanlığı
Qafqaz
Albaniyasının ən böyük
şəhərlərindən biri Xalxal şəhəri olmuşdur.
Ərəb tarixçisi Həmdulla Qəzvininin
yazdığı məlumata görə Xalxal
şəhəri Bakıdan 96 fərsəx məsafədədir.
Müəllifin şəhərin yeri ilə
bağlı təsvirində də məhz Avey
dağı ərazisindən söhbət gedir.
Mütəxəssislərin bəzisi Xalxal şəhərinin Yuxarı
Əskiparanın yerində, bəzisi Təpədöy
çayı ilə dəli Kürün qovuşduğu yerdə, bəzisi isə
Qızıl qaya ətrafında yerləşdiyini
iddia edir. Bu ərazilərin üçü
də Qazax diyarındadır və
üçündə də füsunkar
yaşayış məntəqəsinin qalıqları
vardır.
Avey dağı ərazisindəki
şəhər şərqdən gələn yolun
girəcəyində "Qollu qaya" deyilən qalxanın üstündə
yerləşib. Deyilənlərə görə,
şəhər - qalanın həndəvərlərində
gözətçi məntəqələri və bu məntəqələri birləşdirən
yeraltı yollar mövcud
imiş. Xarabalıqlarda
aparılmış qazıntılar zamanı xırman və dəyirman
yerləri müəyyənləşdirilmiş, hamam, bazar, yaşayış evi və feodal qəsrlərinin qalıqları
tapılmışdır. Şəhər qalanın iç üzündə albanca
yazıları olan qəbir daşları,
həmçinin tikililərdən düşmüş
daşların qalıqları aşkar edilmişdir. Çox təəssüf
ki, qonşu ermənilər
müxtəlif bəhanələrlə həmin
daşları və burada tapılan antik əşyaları da ələ
keçirib aparmışlar.
Xalxal şəhərinin qərb tərəfindəki böyük əraziyə yayılmış qədim qəbiristanlıq da elə bu şəhərə aiddir.Yerli əhali arasında oraya "Gavur qəbiristanlığı" deyilir və bu qəbiristanlıq 1265 inventar nömrəsi ilə "Azərbaycan Respublikasi ərazisində dövlət mühafizəsinə götürülmüş daşinmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsü" kitabına salınmışdır.
Xalxal şəhəri antik və orta əsrlər
dövrünə aid edilən ölkə
əhəmiyyətli arxeoloji abidədir. VI-VIII əsrə aid olan abidə 1987-ci ildə aşkar olunmuşdur.
Onun cənub
hissəsindəki qəbir
daşları əsasən
xaçsızdır, lakin
oradakı bəzi daşlarda tək-tək xaçlara da rast gəlinir. Şimal tərəfdəki
daşların isə
üzərində xaç
işarəsi vardır,
hətta buradakı başdaşıları da
xaç formasında düzəldilmişdir. Bu xaçların qollarının
bir növ bərabər olması albanların günəşə
sitayişindən xəbər
verir. Avey məbədinin otağındakı
tavanın mərkəzindəki
bağlama daşında
da bu cür
alban xaçı vardır.
Bu qəbir daşına oxşar digər bir qəbir
daşı Avey Dövlət Tarix-Mədəniyyət
qoruğunun Göyəzən
filialının ərazisində Göyəzən dağı
ətəyində aşkar edilmişdir. Göyəzən
dağının ətəyində tapılmış qəbir
abidəsi ilə bağlı AMEA-nın Memarlıq və
İncəsənət İnstitutuna ünvanlanan məktuba əsasən həmin institutdan göndərilən nümayəndə
tərəfindən abidəyə baxış keçirilmişdir.
Daha sonra bu qəbirdaşının albanlara
məxsusluğu haqqında institut tərəfindən
rəsmi rəy verilmişdir. Göndərilən rəyə əsasən qəbir
daşının üzərindəki həndəsi ornamentlərlə
əhatə olunmuş xaç
təsvirindən ibarət kompozisiyanın Azərbaycan ərazisində
mövcud olan digər
alban qəbir daşları üzərindəki
bədii kompozisiyalarla həm dini simvol və dekor mahiyyəti daşıyan zəngin təsvir
elementlərinə (hətta oxşar
elementlər "Avey" məbədinin
eksteryerində daş-divar səthində mövcuddur), həm də yonulma
xüsusiyyətlərinə görə eyniliyi
vardır. Xaçın qollarındakı üç
ləçək "Humay" ilahəsinə
aid olmaqla oğuz türklərinə mənsubdur. Digər tərəfdən, qəbirüstü
daşın V-VII əsrlərdə inşa
olunmuş möhtəşəm "Avey" alban məbədinə
bilavasitə yaxın olan bir
ərazidə tapılması onun məhz ilk orta əsrlər
dövrünə məxsus alban qəbrinə
aid olmasını söyləməyə daha çox əsas verir. Həm Xalxal
şəhəri ərazisində qəbirlərin, həm də
bu qəbir abidəsinin eyniliyi
bu ərazilərin kompleks
yaşayış məskəni olduğunu
bir daha sübut edir.
Xeyransa QOCAYEVA,
"Avey" Dövlət Tarix-Mədəniyyət
Qoruğunun elmi işçisi.
Respublika .- 2022.- 22 oktyabr.- S.14.