Ceyhun Həsənov
Azərbaycan
Silahlı Qüvvələrinin kapitanı, Vətən
Müharibəsi Qəhrəmanı, şəhid Ceyhun Aydın oğlu Həsənov
1985-ci il oktyabrın 29-da Tovuz
rayonunun Çeşməli kəndində
anadan olub. 1992-2001-ci
illərdə Xətai rayonunda Ə.Abbasov adına 257 nömrəli tam orta məktəbdə,
2001-2003-cü illərdə isə Cəmşid
Naxçıvanski adına Hərbi Liseydə təhsil
alıb. 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbində (AAHM)
"Motoatıcı" ixtisası üzrə ali hərbi biliklərə yiyələnib. Ceyhun 2009-2019-cu illərdə Azərbaycan
Silahlı Qüvvələrinin Naxçıvan şəhərində
yerləşən "N" saylı hərbi hissəsində
xidmət edib. 2019-cu ildən isə o, Beyləqan rayonunda yerləşən
"N" saylı hərbi hissədə xidmət edirdi.
Azərbaycan
Ordusunun kapitanı olan Ceyhun Həsənov 2020-ci il sentyabrın
27-də başlayan Vətən müharibəsi zamanı
Füzuli uğrunda gedən döyüşlərdə
savaşıb. Ceyhun Həsənov sentyabrın 27-də
Füzulidə şəhid olub. Kapitanımız İkinci Fəxri
xiyabanda dəfn edilib. 2 əkiz oğlu
Vətənə əmanətdir.
Azərbaycanın
ərazi bütövlüyünün bərpa edilməsində
xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin
azad olunması zamanı düşmənin məhv edilməsi
üzrə qarşıya qoyulmuş döyüş
tapşırığını yerinə yetirərkən
göstərdiyi qəhrəmanlıq nümunəsinə
görə, həmçinin hərbi qulluq vəzifəsini
yerinə yetirərkən igidlik və mərdlik nümayiş
etdirdiyinə görə Prezident İlham Əliyevin 9 dekabr
2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Həsənov
ölümündən sonra "Vətən Müharibəsi
Qəhrəmanı" adına layiq görülüb. Həmçinin,
"Vətən uğrunda", "Füzulinin azad
olunmasına görə", "Qubadlının azad
olunmasına görə", "Şuşanın azad
olunmasına görə" medalları ilə də təltif
edilib.
Prezident
İlham Əliyevin tapşırığına uyğun
olaraq, Azərbaycan Respublikasının ərazi
bütövlüyü uğrunda həlak olmuş Vətən
müharibəsi qəhrəmanlarının və Azərbaycanın
Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini
təmin etmək məqsədilə Bakı şəhəri
48 nömrəli tam orta məktəbə Vətən
Müharibəsi Qəhrəmanı Ceyhun Aydın oğlu Həsənovun
adı verilmişdir. Şəhid kapitan Ceyhun Həsənovun
şəxsi əşyaları ailəsi tərəfindən Milli
Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fonduna təhvil
verilib.
Şəhidin
atası Aydın kişi həm özünə, həm də
başsağlığına gələnlərə təsəlli
verir: "İndi o, tək bizim ailənin deyil, bütün Vətənin
övladıdır".
Anası
Səmayə xanım qəhrəman oğlu haqqında
qürurla danışır: "Oğlumun ruhu azad olunan
torpaqlarda gəzib dolaşır. Əkiz oğulları Cahid və
Cavidan böyüyəndə biləcəklər ki,
onların atası kimdir. Balaların səni şəkillərdə,
tarixlərdə axtaracaq, səninlə fəxr edəcək məsum
körpələrin. Vətənini balalarından, anasından
yüksəkdə tutan Komandir. Ruhun şad olsun. Həyatda sənə
nə əziyyət çəkmişəmsə halal edirəm.
Sən də haqqını mənə halal et!"
Ceyhunun
döyüş yoldaşlarından biri, çavuş
Şahin Mehdiyevin dediklərindən: "Biz bir yerdə
üç aya yaxın idi ki, təlim keçirdik. Komanda
çox böyük ruh yüksəkliyi ilə
çalışırdı. Demək olar ki, üç ay idi
gecə-gündüz daim bir yerdə olurduq, komandirə məxsus
olan heyətlə birlikdə. Ceyhun Beyləqan rayonunda
"N" saylı hərbi hissədə bölük komandiri
idi. Ceyhunun şəxsi heyətində 80-ə yaxın
canlı qüvvə var idi. Həmçinin Ceyhun BMP komandiri də
olub. Nankor düşmənlərimiz atəşkəsi yenidən
pozdular. Artıq bunları susdurmaq zamanı
çatmışdı. Həmin anı gözləyən
kapitan Ceyhun komandirinin tapşırığı ilə 27
sentyabr 2020-ci ildə döyüşə hazırlaşdı.
Ceyhun öz şəxsi heyəti və 7 BMP, 4 tank, bir
neçə texnika ilə hərəkətə keçdi,
şəxsi heyətini hərtərəfli təlimatlandırdı:
"Biz güclü olmalıyıq, hamı bir nəfər
kimi ardımca irəli". Onu da demişdi ki, "ola bilər
mənfur düşmən mən oturduğum BMP-ni vurar, amma mənim
igidlərim, birdən dayanarsınız ki, mənə kömək
göstərəsiniz. Sizə mən əmr verirəm və
tapşırıram ki, dayanmadan irəli". Necə
demişdi, elə də oldu. Hücuma keçdik. Komandirin
BMP-si öndə. Şiddətli döyüş gedirdi. Hər
tərəfdən bizi atəşə tutmuşdular. Bir
neçə texnikamız sıradan çıxdı. Şəhidlərimiz
var idi. Buna baxmayaraq Ceyhunun bacarığı sayəsində
bir neçə yüksəkliyi aldıq, üç erməni
postunu məhv etdik. Füzulinin azadlığı uğrunda
gedən şiddətli döyüşdə idik.
Uğurlarımızı gördükcə sevincimizin həddi-hüdudu
yox idi. Ermənilərin birinci eşalonunu darmadağın
etdik. Komandirin hər an bir sözü var idi: "İgidlərim,
arxamca, irəli". Döyüş çox şiddətləndi.
Mənfur düşmən hər tərəfdən hər
növ silahdan istifadə edirdi. Bizi məğlub etməyə
çalışırdı, amma ordumuz elə həvəslə
vuruşurdu ki, belə ordunun qabağını kəsmək
mümkün deyildi. Ağır artilleriyaların
atılmasına məhəl qoymayan komandir kordinatları
bir-bir mənə ötürürdü, mən həmin hədəfləri
vururdum".
Şəhidin
silahdaşı sözünə davam edir: "Son nəfəsində
belə dedi: "Şahin, sonuncu mövqeni vurduq?" Mən
isə cavab verdim, "Bəli, komandir, vurduq".
Gülümsəyərək əlimi sıxdı. Gözlərini
yumaraq şəhidlik zirvəsinə yüksəldi. Mən
özüm də yaralanmışdım. Sonra bilmədim necə
oldu... Ruhun şad
olsun, Komandir!"
Müşfiq MİRZƏ
Respublika.- 2022.- 29 oktyabr.-
S.8.