Azərbaycan-Türkiyə birliyi regionda sülh, sabitlik amilidir
Tarixi dostluq, qarşılıqlı etimad,
səmimi münasibətlər,
yüksək strateji tərəfdaşlıq əsasında
qurulan Türkiyə-Azərbaycan
münasibətləri gündən-günə
daha da möhkəmlənir. Soyu, kökü
bir olan iki ölkə xalqlarının bir-birinə
doğma münasibəti,
dövlət başçılarının
səmimiyyəti "bir
millət, iki dövlət" kəlamının
bariz nümunəsidir.
Qarşılıqlı faydalı əməkdaşlıq
prinsipləri əsasında,
dövlət quruculuğu
yolunda inkişaf edən əlaqələr
ölkələr arasında
bütün sahələrdə,
hərtərəfli əməkdaşlığa
yol açmış,
regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə,
siyasi-iqtisadi və elmi-mədəni maraqların
reallaşmasında mühüm
rol oynamışdır.
Müharibədən iki il ötməsinə
baxmayaraq, hələ də Ermənistan ilə Azərbaycan arasında münasibətlər
normallaşmamış, düşmən
ölkə 2020-ci il
10 noyabrda kapitulyasiya aktı imzalayarkən üzərinə götürdüyü
öhdəlikləri yerinə
yetirmədiyindən ölkəmizin
təklif etdiyi sülh müqaviləsinin
imzalanması istiqamətində
müsbət nəticə
əldə olunmamışdır.
Türkiyə dövləti
Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşmadığı müddətdə Ermənistanla
heç bir əlaqələrin qurulmayacağını
dəfələrlə bəyan
etmiş, Azərbaycanın
mövqeyini bütün
ölkələrdən üstün
tutan qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə
Azərbaycanın haqq
işinin müdafiəçisi
kimi çıxış
etmişdir. İkinci Qarabağ müharibəsi
başladığı gündən
Türkiyə can Azərbaycanın
yanındadır deyən,
həm diplomatiya, həm də hərbi əməkdaşlıq
sahəsində ölkəmizə
dəstək olan qardaş ölkə postmüharibə dövründə
də Azərbaycanı
tək buraxmadı. Belə ki, Azərbaycanın
Qarabağda və Şərqi Zəngəzurda
apardığı quruculuq
işlərində Türkiyə
Respublikasının şirkətləri
yaxından iştirak edir, Türkiyə dövlətinin başçısı
bu ərazilərdə
reallaşdırılan bir
çox mühüm layihələrin açılış
mərasimlərində iştirak
edir.
Ötən il Qarabağın
hava qapısı sayılan Füzuli Beynəlxalq Hava Limanının açılışında
iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabr ayının 20-də dövlət
və hökumət nümayəndələrindən ibarət böyük heyətlə işğaldan
azad olunmuş ərazilərdə tikilən
ikinci - Zəngilan Beynəlxalq Hava Limanının açılışı
ilə əlaqədar
ölkəmizdə səfərdə
olmuşdur. Səfər
zamanı iki ölkə başçısı
yeni tikilən dəmir yolunun inşası ilə tanış olmuş, "Dost Aqropark"ın
açılışını etmişlər.
Mətbuata birgə bəyanatla çıxış edən
iki qardaş ölkənin prezidentləri
Azərbaycan-Türkiyə birliyinin,
qardaşlığının sarsılmazlığını, əbədiliyini vurğulamışlar. Azərbaycan
Prezidenti İlham Əliyev Türkiyə kimi böyük, qüdrətli bir ölkənin Azərbaycan
ilə qardaşlığının,
dostluğunun əsl xoşbəxtlik olduğunu
qeyd etmişdir:
"...Keçən il biz Şuşada Şuşa Bəyannaməsini
imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bütün sahələrdə müttəfiq
oldu və bu, həm xalqlarımıza
ciddi gözaydınlığıdır,
eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Azərbaycan-Türkiyə birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik
amilidir. Ancaq eyni
zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz
hərəkət etmək
istəsə, əlbəttə
ki, bu amili
ciddi nəzərə
almalıdır".
Bəli, ölkə
başçımızın da qeyd etdiyi kimi,
regionda sülhü təşviq
edən, sabitliyin, təhlükəsizliyin
bərqərar olmasına töhfələr verən ölkələrimizin
birlik, həmrəylik nümayiş
etdirmələri bütün dünyaya verilən mesajdır. Oktyabr
ayının 20-də Türkiyə Prezidenti
işğal dövründə
darmadağın edilmiş, bir tikilisi belə salamat qalmayan Cəbrayıl
şəhərində gördüklərini izləyərkən
demişdir: "İndi
sağıma, soluma baxıram, işğal dövründə Cəbrayılı
nə hala salmışlar. Mən
Qardaşımdan soruşdum, dedim, bu ATƏT, Avropa İttifaqı buraları gəlib
görmədimi? Yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki
öz üzqaralarını görəcəklər,
Qərbin etdiklərini görəcəklər… Amma bunu görəndən
sonra bu barədə
danışdıq, bu işləri
mütləq ədalət mühakiməsinə verərək,
bunların təzminatını tələb etmək
lazımdır. Bunların təzminatını istəyərək
onları dalana dirəmək
lazımdır. Dünya Qərbi çox yaxşı tanımalıdır,
hamımız birlikdə tanıtmalıyıq".
Hər zaman
Azərbaycana siyasi və mənəvi dəstək
olan Rəcəb Tayyib
Ərdoğanın bu ifadələri
Türkiyənin Azərbaycana arxa-dayaq
olmağının, qardaşlığının ən bariz nümunəsi, həmçinin bütün dünyaya Azərbaycanın
yalnız olmadığını bəyan edən
mesajıdır. Həmçinin Azərbaycanın
ərazilərini 30 il işğal
altında saxlayaraq
yeraltı-yerüstü sərvətlərini talan
edən, milli-mədəni irsini yer üzündən silməyə
çalışan Ermənistanı beynəlxalq hüquq məhkəməsinə verməkdə,
onların vandallığını bütün
dünyaya tanıtmaqda ölkəmizə
dəstəyinin ifadəsidir.
Çətin gündə də, xoş gündə də hər zaman bir-birinin yanında olan Azərbaycanla Türkiyə arasında əlaqələr İkinci Qarabağ müharibəsindən sonra daha da möhkəmləndi, uğurlu bir yol qət edərək müttəfiqlik səviyyəsinə yüksəldi. Bu gün iki dost, qardaş ölkə arasında qırılmaz tellərlə bağlı olan bu münasibətlər bütün dünya ölkələrinin diqqət mərkəzindədir. Azərbaycan-Türkiyə birliyindən ehtiyatlanan, bundan sözün əsl mənasında narahat olan ölkələr də az deyil. Çünki iki ölkənin liderlərinin hər görüşü xalqlarının daha da yaxınlaşmasına, ölkələrinin milli maraqlarının təmin olunmasına, yaxın qonşuluq, dostluq, qardaşlıq əlaqələrinin inkişafına xidmət edir. Bu isə sözsüz ki, türk dövlətlərinin birliyindən təşvişə düşən bəzi ermənipərəst Qərb ölkələrinin ürəyincə deyil. Lakin Qərbin ikili siyasətindən fərqli olaraq Azərbaycan ilə Türkiyənin birgə həyata keçirdiyi siyasət nəinki regionda, bütün dünyada sülhün, əmin-amanlığın təmin olunmasına hesablanıb. Əlaqələrini bütün istiqamətlərdə inkişaf etdirən Azərbaycan ilə Türkiyə arasında milli maraqlara cavab verən və heç bir dövlətə yönəlməyən əməkdaşlıq bu gün daha da genişləndirilir, hər iki dövlətin milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bütün bunlar isə dostluq, qardaşlıq, ortaq soykök, dil, din, mədəniyyətin birləşdirdiyi ölkələrimizi daha da qüdrətləndirir.
Mehparə
ƏLİYEVA
Respublika 2022.- 29 oktyabr.- S.8.