Zaur Nudirəliyev
Torpaqlarımızın
işğaldan azad edilməsində, 44 günlük tarixi qələbənin
qazanılmasında
böyük şücaət göstərərək canını Vətən yolunda
qurban verən igidlərimizdən biri də Azərbaycan Hərbi
Hava Qüvvələrinin
polkovniki, USTA dərəcəli
pilot, Vətən Müharibəsi Qəhrəmanı, şəhid
Zaur İsmayıl oğlu Nudirəliyevdir.
Zaur Nudirəliyev 1978-ci il
sentyabrın 1-də Bakı şəhərində anadan
olmuşdur.1985-ci ildə Sabunçu
rayonunun Zabrat qəsəbəsində 192 nömrəli
tam orta məktəbə getmiş, 1992-ci ildə
bitirmişdir. 1992-1995-ci illərdə təhsilini
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirmişdir. 1995-ci
ildə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə daxil olan Zaur
Nudirəliyev 2000-ci ildə həmin məktəbi təyyarəçi
ixtisası üzrə bitirmişdir. Daha sonra 2011-2013-cü illərdə
Almaniyada Hərbi Liseydə təhsil
almışdır.
Zaur
müxtəlif illərdə "N" saylı hərbi hissələrdə
1-ci və 3-cü aviasiya eskadrilyası aviasiya manqasının
təyyarəçisi, baş təyyarəçisi, manqa
komandiri, komandirin
müavini-şturman vəzifəsində xidmət edib. Həmçinin Zaur 2011-ci ilin may ayından
2013-cü ilin noyabr
ayına qədər "N" saylı hərbi hissənin
1-ci aviasiya eskadrilyasının qərargah
rəisi, 2013-cü ilin noyabr
ayından 2015-ci ilin avqust
ayına qədər isə "N" saylı hərbi hissənin
1-ci aviasiya eskadrilyasının komandiri olub. 2015-ci ilin avqust ayından
"N" saylı hərbi hissə komandirinin
uçuş hazırlığı
üzrə müavini və
uçuşların planlaşdırılma bölməsinin rəisi
vəzifəsində xidmət edirdi.
Vətən
müharibəsində
"Su-25" hücum təyyarələrində yeni
üsullardan istifadə olunması tapşırığı
verilir və Azərbaycan
Ordusunun Komandanlığı bu işi Zaur Nudirəliyevə
tapşırır. O, nişangah
istifadə etmədən, riyazi həllə
bombaların
atılmasının yeni üsulunu icra etmişdir, həmçinin "Su-25" hücum təyyarəsindən lazer
müşayiətli bombaların birinci
atışını reallaşdırmışdır. Cəbrayıl-Füzuli və Ağdərə
istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Ordusunun
dayaq məntəqələri, canlı
qüvvələri məhv edilmiş, həmçinin Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin
olunmuşdur. 12 uçuşu
uğurla başa
vuran Zaur Nudirəliyev
2020-ci ilin oktyabrın 4-də Cəbrayıl
rayonu istiqamətində hədəfə
yaxınlaşan zaman idarə etdiyi "Su-25" hücum
təyyarəsinin vurulması nəticəsində şəhid
olmuşdur.
II Fəxri Xiyabanda dəfn edilmişdir. Ömər adında oğlu və Pəri adında qızı yadigar qalıb. Zaur Azərbaycan
Hərbi Hava Qüvvələri tarixində şəhid olan yeganə polkovnikdir. Həmçinin
o, 1941-ci ildən sonra
"Atəş ramı"nı reallaşdıran birinci pilotdur.
Azərbaycan
Hərbi Hava Qüvvələrinin "Qarabağ" ordenli
mayoru Cavid Fərəcovun sözlərinə görə,
"Su-25" aşağı hündürlükdə istifadə
üçün təyin olunub. "Su-25" hücum təyyarəsisi aşağı və
orta hündürlükdə uçarsa hava hücumundan müdafiə vasitələri tərəfindən
vurulması ehtimalı çoxdur. Amma Zaur Nudirəliyevin araşdırmaları nəticəsində "Su-25" hücum təyyarəsinin sahib
olduğu göstəricilərdən məharətlə
istifadə olunmuşdur, nəticədə
yeni bir döyüş üsulu ərsəyə
gəlmişdir. Bu üsul
təcrübədə uğurlu
alındığı üçün
sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı geniş istifadə
olunmuşdur. Nəticədə Ermənistan
Silahlı Qüvvələrinə məxsus məntəqələrinə və
canlı qüvvələrinə ağır zərbələr
endirilmişdir.
Azərbaycan Hərbi Hava Qüvvələrinin "Qarabağ" ordenli zabiti Elçin Məmmədovun sözlərinə görə, Zaur Nudirəliyevin idarə etdiyi "Su-25" hücum təyyarəsi verilən döyüş tapşırığının yerinə yetirilməsi üçün Cəbrayıl istiqamətində uçuşa yollanmışdır. Kəşfiyyat məlumatına əsasən həmin ərazidə Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) vasitələri olmamalı idi. Amma Zaur Nudirəliyevin idarə etdiyi təyyarə həmin ərazidə təyin olunmuş hədəfə yaxınlaşan zaman idarəetmə məntəqəsinə Ermənistan Hava Hücumundan Müdafiə Qoşunlarının müdafiə vasitələrinin hazır vəziyyətə gətirilməsi barədə operativ məlumat daxil olmuşdur. Buna görə də dərhal onlara geri qayıtmaq tapşırığı verilmişdir. Həmin dəqiqədən sonra Zaur Nudirəliyevlə əlaqə dayandı və o, çağırışa cavab vermədi. Artıq onun təyyarəsi vurulmuşdu. Həmin zərbə "Su-25" hücum təyyarəsinin Katapult oturacağını zədələmədiyi üçün onun xilas olmaq ehtimalı yaranmışdır. Amma həmin günlərdə Cəbrayıl şəhəri və onun ətraf yaşayış məntəqələri istiqamətində şiddətli döyüşlər getdiyi üçün onun paraşütlə eniş edəcəyi halda Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərə düşüb, qarşı tərəfə əsir düşmə ehtimalı da var idi. Buna görə də Zaur Nudirəliyev "Atəş ramı" etməyi qərara alır və "Su-25" hücum təyyarəsini bütün sürəti ilə Ermənistan Ordusunun bir qrup canlı qüvvəsinin cəmləşdiyi yerdə, zirehli nəqliyyat vasitəsinə çırpır.
Azərbaycanın
ərazi bütövlüyünün bərpa edilməsində
xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin
azad olunması zamanı düşmənin məhv edilməsi
üzrə qarşıya qoyulmuş döyüş
tapşırığını yerinə yetirən zaman
göstərdiyi qəhrəmanlıq nümunəsinə görə,
həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən
zamanı igidliyinə, mərdliyinə görə Azərbaycan
Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən Zaur Nudirəliyevə ölümündən
sonra "Vətən Müharibəsi
Qəhrəmanı" adı verilmişdir. Həmçinin
“Vətən uğrunda”, “Füzulinin
azad olunmasına görə”,
“Suqovuşanın azad olunmasına görə”
və “Cəbrayılın azad
olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Zaur
Nudirəliyev 20 il davam edən hərbi xidməti ərzində
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən
müxtəlif medallara layiq görülmüşdür. Belə ki, II və III dərəcəli
"Hərbi xidmətdə fərqlənməyə görə",
II dərəcəli "Hərbi xidmətdə fərqlənməyə
görə", Azərbaycan Silahlı Qüvvələrinin
10, 90, 95, 100 illiyi yubiley,
həmçinin I dərəcəli "Qüsursuz
xidmətə görə" medalları ilə də təltif
edilmişdir.
Vətən
Müharibəsi Qəhrəmanının qızı Pəri
Nudirəliyeva : “Mənim atam çox sevdiyi Vətəni
uğrunda şəhid oldu. O, Qarabağın azad olunmasını bəlkə də hər
şeydən çox arzulayırdı. Təəssüf
ki, bu böyük
zəfəri görə bilmədi. Ata, mən
bilirəm ki, sənin ruhun
şaddır. Sənin də iştirak etdiyin bu şərəfli
yolda Ali Baş Komandanımızın rəhbərliyi
ilə biz qalib gəldik.
Artıq Qarabağ azaddır, Şuşa azaddır. Mən fəxr edirəm
ki, bu böyük
zəfərdə və şərəfli işdə sənin
də öz payın var”.
Prezident İlham Əliyevin
tapşırığına uyğun olaraq, Azərbaycan
Respublikasının ərazi bütövlüyü uğrunda
həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının
və Azərbaycanın Milli qəhrəmanlarının
adlarının əbədiləşdirilməsini təmin etmək
məqsədilə Bakı şəhəri 47 nömrəli
tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən
Müharibəsi Qəhrəmanı” Zaur İsmayıl oğlu
Nudirəliyevin adı verilmişdir.
M.MİRZƏ
Respublika .- 2022.- 1 sentyabr.- S.6.