Valeh Müslümov

 

İstər Birinci Qarabağ savaşı, istərsə də Vətən müharibəsində Lerikin cəsur, igid oğulları hər qarış torpaq uğrunda mərdliklə vuruşmuş, döyüş əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirmişlər.

Ərazilərimizin bütövlüyü və dövlətimizin toxunulmazlığı uğrunda qəhrəmancasına vuruşan oğullardan biri də Valeh Əlizaid oğlu Müslümov olmuşdur. O, 2 sentyabr 1968-ci ildə Lerik rayonunda dünyaya göz açmışdır.

Valeh 2 saylı Lerik rayon orta məktəbində təhsil alarkən çalışqanlığı ilə yoldaşlarından fərqlənmiş, humanitar fənlərə böyük maraq göstərmiş, rayon üzrə keçirilən olimpiadalarda yüksək nəticə göstərərək məktəbin pedaqoji kollektivinin hörmətini qazanmışdır.

Valeh 1983-cü ildə səkkizinci sinfi bitirdikdən sonra Sumqayıt şəhər 17 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. 1984-cü ildə 2 saylı Sumqayıt Tikinti Trestinin Mexanikləşdirilmiş səyyar dəstəsində əmək fəaliyyətinə başlamışdır.

Valeh Müslümov 1986-cı ildə valideynlərinin, doğmalarının xeyir-duası ilə hərbi xidmətə yola düşür. Xidməti dövründə dəfələrlə komandanlıq tərəfindən tərifnamələrə layiq görülmüşdür. O, 1988-ci ildə ordudan tərxis olunmuş və Sumqayıt şəhərinə qayıtmışdır. Bu, o vaxtlar idi ki, "dənizdən-dənizə", "böyük Ermənistan" xülyası ilə yaşayan erməni vandalları şəhər və kəndlərimizi intensiv atəşə tutur, "Qızıl Moskva", Kreml isə daşnakların bu vəhşiliyinə göz yumur, Mixail Qorbaçov erməniləri dəstəkləyir, bir sözlə, xalqımıza xəyanət edilirdi.

1991-ci ilin avqust ayında Valeh Müslümov DİN-in Xüsusi Təyinatlı Milis Dəstəsində döyüş əməliyyatlarına başladı. Şuşa, Xocalı, Tovuz və Qubadlıda daşnak ordusunun zərərsizləşdirilməsində, Füzuli rayonu ərazisində erməni quldurlarının mühasirəsində olan cəsədlərin çıxarılmasında həyatı bahasına yaxından iştirak etdi.

...1992-ci il 14 avqust. Marquşavan kəndi uğrunda qızğın döyüşlər gedir, qəhrəman Azərbaycan əsgərləri odlu səngərlərdə ermənilərə qan uddurur, düşmən çoxlu sayda itki verərək geri çəkilir, hərbi texnikalarını qoyub qaçırdılar.

Qeyri-bərabər döyüşdə Valeh Müslümov ağır yaralansa da, on bir nəfər yaralı Azərbaycan əsgərini ölümün pəncəsindən xilas edir. Valehin səhhəti get-gedə pisləşir, çoxlu qan itirdiyinə görə həyatla vidalaşır. Son mənzili isə Lerik rayonundakı qəbiristanlıq olur.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli Fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Vaxtilə təhsil aldığı Lerik rayonundakı 2 saylı orta məktəb Valeh Müslümovun adını daşıyır.

 

Qədir ASLAN

 

Respublika .-2022.- 2 sentyabr.- S.11.