İslam Həmrəyliyi oyunları ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazdı

 

Miladdan 2500 il əvvəl çinlilər idmandan xəstəliklərin müalicəsi üçün istifadə ediblər. Yəqin ki, "sağlam bədəndə sağlam ruh olar" prinsipiburadan qaynaqlanır. Əlbəttə, qədimdə yaşamaq, sağ qalmaq uğrunda mübarizədə idman insanların çox köməyinə çatıb. O zamanlar idman indiki kimi çoxnövçülüklə zəngin olmasa da, mövcud imiş. Zəmanəmizdə isə idman həyat tərzimizin ayrılmaz hissəsinə çevrilib. İş rejiminin ağırlığından, oturaq həyat tərzindən, yediyimiz qida məhsullarının keyfiyyətsizliyindən gileylənən insanlar öz sağlamlıqlarını, asudə vaxtlarının səmərəli keçirilməsini idmanda axtarırlar. Sağlam nəslin, sağlam gəncliyin yetişməsində əlbəttə idman əhəmiyyətli rol oynayır.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də idmana maraq böyükdür. Bu gün Azərbaycan idmanının inkişaf səviyyəsinə görə dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə idmana diqqət və qayğı ildən-ilə artır. Təkcə paytaxtda deyil, eyni zamanda regionlarda da bu işlər uğurla aparılır. Gənc nəslin təhsili ilə yanaşı, həm də sağlam ruhda yetişməsi üçün bir sıra idman mərkəzləri açılır, istifadəyə verilir.

Son illər ölkəmiz nüfuzlu idman yarışlarında idmançılarımızın uğurlu çıxışları, qazandıqları qələbələri ilə böyük uğurlara imza atır. Bu gün ölkəmizdə idman sahəsinə xüsusi diqqət və qayğı göstərilir. Azərbaycan bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Məsələn, 2003-cü ildə Yeniyetmə cüdoçuların Avropa Çempionatı, 2004-cü ildə bədii gimnastika üzrə dünya kuboku, 2010-cu ildə gənclər arasında boks üzrə dünya çempionatı, 2015-ci ildə keçirilən Avropa Oyunlarını və digər yarışları misal çəkmək olar. Sevindirici hallardan biribudur ki, artıq bu yarışlar işğaldan azad olunmuş torpaqlarımızda da keçirilir. Belə ki, bu il may ayının 6-da Qarabağımızın Suqovuşan qəsəbəsində, ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr edilən "Prezident kuboku - 2022" avarçəkmə yarışları keçirilmişdir.

Ölkəmizdə idmanın bütün sahələrində inkişaf və yüksəliş müşahidə olunur. Bunu idmançılarımızın əldə etdiyi davamlı qələbələr bir daha sübut edir. Beynəlxalq yarışlarda ölkəmizi tanıdan idmançılarımız üçrəngli bayrağımızı ucaldır, Dövlət Himnimizi səsləndirirlər. Bu isə dövlət başçımızın idmana və idmançılarımıza diqqət və qayğısının göstəricisidir.

Bu il avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və türk dünyasının digər dövlət və hökumət başçıları birgə izləyiblər.

İslam Həmrəylik oyunlarında təkcə idman deyil, eyni zamanda İslam dininin insanın həyatına, yaşayış tərzinə, sağlamlığına yönələn amillər də təbliğ olunur.

İslam ölkələrinin dostluğunu təcəssüm etdirən İslam Həmrəyliyi Oyunları eyni zamanda dostluq və həmrəylik yarışıdır. Dörd ildən bir "İslam Sülhdür" devizi altında həmrəylik oyunlarının keçirilməsində məqsəd müsəlman ölkələrinin əlaqələrini genişləndirmək, İslamla bağlı təxribatların əsasının olmadığını sübuta yetirmək, islamafobiyaya qarşı mübarizə aparmaqdır. İslam Həmrəyliyi Oyunlarının keçirilməsi həm də təbliğat xarakteri daşıyır. Son illərdə müharibə və terror hadisələrinin ən çox zərbə vurduğu ölkələr İslam ölkələridir. Baş verən bu cür hadisələrdə adı hallanan da ən çox islam ölkələridir. Cahanda sülh, əmin-amanlıq istəyən İslam dünyası, İslam Həmrəyliyi Oyunlarını sanki, bir vasitəyə çevirib. Bu yarış İslam dövlətlərini yaxınlaşdırır, mehribanlaşdırır, birləşdirir. Bir olub, həmrəy olub, dünyanı sülhə, barışığa səsləyir. Bu da İslam dünyasını, İslam ölkəsini dünyada terrora meyilli, dəstək verən ölkələr kimi qələmə verməyə çalışanlara tutarlı cavabdır.

Qeyd edək ki, ilk İslam Həmrəyliyi Oyunları 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilmişdir. İkinci İslam Həmrəyliyi Oyunlarının 2009-cu ildə İranda keçirilməsi nəzərdə tutulsa da, tədbir 2010-cu ilə kimi təxirə salınmış, sonra isə ləğv olunmuşdur. 2013-cü ildə üçüncü İslam Həmrəyliyi Oyunları İndoneziyada baş tutmuşdur.

İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyası Səudiyyə Ərəbistanının Ciddə şəhərində dördüncü İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanda keçirilməsinə qərar vermişdir. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində baş tutmuş, idman oyunlarında 21 idman növü üzrə 54 dövlətin 3 mindən çox idmançısı mübarizə aparmışdı. Bu yarışlarda yaddaqalan hadisələrdən birio idi ki, o vaxta kimi İslam Həmrəyliyi Oyunlarında bu qədər ölkənin və idmançının qatılması müşahidə olunmamışdır. Azərbaycan bu yarışda, 75 qızıl, 50 gümüş və 37 bürünc medalla birinci olmuşdur. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları vasitəsilə ölkəmiz İslam dünyasını birləşdirməkdə sanki, körpü rolunu oynadı. Eyni zamanda, özünü bütün dünyaya sülh carçısı, sülh tərəfdarı olan ölkə kimi təqdim etmək imkanı qazandı. Və dövlətimiz bu missiyanı yüksək səviyyədə yerinə yetirdi. İslam həmrəyliyini dəstəkləyərək, bütün dünyaya mesaj ötürdü ki, İslam dini heçsizin fikirləşdiyiniz kimi vəhşi, cəhalət dini deyil. İslam dini insanlara, millətlərə sevgi, barışıq, həmrəylik dinidir.

Builki yarışlar Konyada 42 min tamaşaçı tutumu olan Böyük Şəhər Bələdiyyəsi Stadionunda təşkil olunmuşdur. Avqustun 18-nə kimi davam edən yarışlarda 56 ölkədən 4 mindən artıq idmançı medal uğrunda mübarizə aparmışdır.

Azərbaycan oyunlarda 300 idmançı ilə təmsil olunurdu. İdmançılarımız 24 idman növündən 22-də -ağır atletika, atıcılıq, atletika, basketbol, cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, paraoxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvando, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınadılar. Ölkəmiz 29 qızıl, 36 gümüş və 34 bürünc olmaqla ümumilikdə 99 medal qazanaraq İslam Həmrəyliyi Oyunlarında 4-cü yeri tutdu. Yekun nəticəyə görə, ilk sırada Türkiyə, ikinci yerdə Özbəkistan, İran isə 3-cü yerdə qərarlaşdı.

Əlbəttə, uğurlu çıxışlara təkan verən amillərdən biri də onların qalib ölkənin idmançıları kimi iştirak etmələri idi.

Yarışlar bitəndən sonra, avqustun 22-də V İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş idmançılarla görüşən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Əziz dostlar, əziz idmançılar, siz bir neçə gün bundan qabaq Konyadan Vətənə qayıtmısınız. Böyük qələbə ilə qayıtmısınız. Ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmısınız. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm və əldə edilmiş nailiyyətlə bağlı Sizə öz təşəkkürümü bildirirəm. V İslam Həmrəyliyi Oyunlarında dördüncü yerə layiq görülmək çox böyük nailiyyətdir. Siz artıq bir daha Azərbaycanın şöhrətini ucaltmısınız və necə ki, bu gün bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, idman arenalarında da dalğalanır. Əminəm ki, əbədi dalğalanacaq. Bir daha sizi təbrik edirəm".

Bütün bunlar dövlətimizin, Prezidentimizin ölkədə idmana, onun inkişafına xüsusi diqqətindən xəbər verir. Hər dəfə yarışlardan qalibiyyətlə Vətənə dönən idmançılarla ölkə başçısının səmimi görüşləri onlarda xoş təəssürat yaratmaqla yanaşı, həm də yeni qələbələrə ruhlandırır.

 

Ramidə YAQUBQIZI

 

Respublika .- 2022.- 2 sentyabr.- S.8.