Azərbaycan-İtaliya əlaqələri yeni inkişaf mərhələsində

 

Dövlət başçısının bu ölkəyə işgüzar səfəri ikitərəfli əməkdaşlığın genişləndirilməsini təmin edir

 

"Əlbəttə ki, İtaliya nəinki təkcə Avropa qitəsində, dünya miqyasında bizim ən yaxın tərəfdaşlarımızdan biridir. Hesab edirəm ki, indi münasibətlərimiz çox yüksək səviyyədədir. Bunun göstəricisi odur ki, biz strateji tərəfdaşlıq haqqında sənəd imzalamışıq. İtaliya Azərbaycanın strateji əməkdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir... Prezidentlərin və digər hökumət rəsmilərinin yüksək səviyyəli səfərləri olub... İtaliya bizim ticari tərəfdaşımızdır. İndi isə Transadriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya istehlakında Azərbaycan qazının həcmi ilbəil artacaq. Eyni zamanda, dost ölkə olaraq İtaliya bizim azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün dəvət etdiyimiz ilk ölkələrdən biri olub".

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il dekabrın 15-də Brüsseldə işgüzar səfərdə olarkən İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində bildirmişdir.

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. kimi müxtəlif çərçivələrdə inkişaf etdirmişdir.

Azərbaycan Avropa və Asiyanı birləşdirən əlverişli geosiyasi və geoiqtisadi mövqeyə, Xəzər dənizi vasitəsilə Rusiyaya, Orta Asiyaya, Qazaxıstana və İrana, avtomobil-dəmir yolu vasitəsilə Gürcüstana, Qara dəniz bölgəsinə, İrana, Türkiyəyə (Naxçıvan vasitəsilə), Rusiyaya, Ermənistana çıxışı olan nəqliyyat-kommunikasiya xətlərinə malikdir. Aİ-nin Azərbaycandakı maraqlarının başlıca iqtisadi faktorları onun transregional kommunikasiya imkanları ilə əlaqədardır. Cənubi Qafqazda bir sıra xarici qüvvələrin və ölkələrin maraqlarının toqquşması və bu regionda münaqişələrin mövcud olmasına baxmayaraq, Azərbaycan müstəqil xarici siyasət kursunu saxlamağa müvəffəq olmuşdur. Bu isə Azərbaycana Avropa İttifaqı ölkələri ilə münasibətləri ölkənin milli maraqları əsasında qurmağa imkan yaradır.

İtaliya Azərbaycanın dövlət müstəqilliyini 1992-ci ilin yanvarında tanımış və həmin ilin əvvəllərində diplomatik münasibətlər yaradılmışdır. 1997-ci ildə İtaliyanın Azərbaycanda, 2003-cü ildə Azərbaycanın İtaliyada səfirliyi açılmışdır. 1997-ci ildə Azərbaycan Prezidentinin İtaliyaya rəsmi səfəri və aparılan danışıqlar, imzalanan çoxsaylı sənədlər Azərbaycana Qərbdə, xüsusən də İtaliyada artan marağı daha da gücləndirdi. Yaranmış münasibətlərin qorunması və inkişaf etdirilməsi üçün sonrakı dövrlərdə də ardıcıl siyasət həyata keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ilin fevralında İtaliya Respublikası və Vatikana rəsmi səfəri Qərbi Avropa ölkələri ilə münasibətlərin inkişafına yönəlmiş siyasi xəttin davamı idi. Səfər zamanı dövlət və hökumət rəhbərləri, işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirilmiş, İtaliya-Azərbaycan Birgə Bəyannaməsi və qarşılıqlı əlaqələrə dair 8 sənəd imzalanmışdır. Bununla yanaşı, 2005-ci il mayın 25-də Bakı-Tbilisi-Ceyhan neft ixrac-boru kəmərinin Azərbaycan hissəsinin açılış mərasimində İtaliyanın müxtəlif səviyyəli hökumət nümayəndələrinin iştirak etməsi də Azərbaycanın bu ölkə ilə siyasiiqtisadi əlaqələrinin dərinləşməsinə, qarşılıqlı faydalı əməldaşlığın daha yüksək səviyyəyə qalxmasına böyük təkan vermişdir.

Bu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya növbəti səfəri reallaşıb. Dövlət başçısı həmin gün İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə görüşüb.

 

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini, Azərbaycan səfirliyinin yeni binasının açılmasının İtaliya ilə Azərbaycan arasında dostluq əlaqələrinin mühüm nümunəsi olduğunu deyib.

Azərbaycan Prezidenti İlham Əliyev dəvətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, İtaliya-Azərbaycan Universitetinin yaradılması istiqamətində önəmli addım atıldığını vurğulayıb.

İtaliya Nazirlər Şurasının sədri Mario Draqinin Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşündə söhbət zamanı ölkələrimiz arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin strateji tərəfdaşlıq zəminində genişləndiyi qeyd edilib. Nazirlər Şurasının sədri Mario Draqi bu səfərin ölkələrimizin ikitərəfli münasibətlərinin inkişafına töhfə verəcəyini bildirib, İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq səviyyəsində çox yaxşı əlaqələrin qurulduğunu və qarşılıqlı ticarət dövriyyəsinin davamlı surətdə artdığını, enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

Söhbət zamanı Azərbaycanın Avropa İttifaqının və İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu xüsusi qeyd edilib. Həmçinin, ölkələrimiz arasında iqtisadiyyat, elm, təhsil, mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub, İtaliya şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-yenidənqurma işlərində fəal iştirak etdiyi bildirilib.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər, Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyətindən danışılıb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi və təşkilatçılığı ilə aparılan Brüssel sülh gündəliyinin və bu xüsusda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlanılmasının əhəmiyyəti vurğulanıb, bu prosesin regionda davamlı sülhün və təhlükəsizliyin gücləndirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə edilib.

Dövlət başçımız həmin gün Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışında olub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı birinci xanım Mehriban Əliyeva ilə Roma şəhərində səfirliyimiz və onun tabeliyində Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olmuş, binanın əsaslı təmiri ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir.

Dünyanın ən zəngin tarixi irsinin yerləşdiyi Romada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin təbliği istiqamətində atılan ən mühüm addımlardan biridir.

Sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Juiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən dövlət başçısı İlham Əliyev demişdir: "Bugünkü mərasim Azərbaycan səfirliyinin yeni binasında keçirilir... Mən çox şadam ki, bu binada keçirilən ilk tədbir məhz təhsil sahəsinə aiddir. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır".

 

Bir daha qeyd edirik ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ölkə ticarətinin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri isə Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu da həmin ölkələrlə əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

 

Zümrüd QURBANQIZI

 

Respublika .- 2022.- 3 sentyabr.- S.4.