Xəzər sevdalı, dünyaşöhrətli musiqiçi

Azərbaycan musiqisi qədim olduğu qədər də zəngin, möhtəşəm, klassikliyini qorumaqla inkişafının yüksək pilləsinə ucalan musiqidir. Əlbəttə ki, dünyada musiqimizi təbliğ edən, tanıdan, inkişaf etdirən musiqiçilərimiz, bəstəkarlarımız, müğənnilərimizdir. Belə musiqiçilərimizdən, müğənnilərimizdən biridahi, dünyaşöhrətli Müslüm Maqomayevdir. O, Azərbaycan musiqi mədəniyyəti tarixində təkrarsız istedadı ilə seçilən, Azərbaycan musiqisinin ağırlığını, məsuliyyətini şərəflə öz çiyinlərində daşıyan böyük azərbaycanlıdır. Estrada musiqisinin, opera sənətinin əvəzsiz nümayəndəsi, güclü səsə sahib olan müğənni hələ gənc yaşlarında böyük uğurlar qazanmış, səsinin qüdrəti, gözəlliyi ilə dinləyicisini, tamaşaçısını valeh etmişdir.

Azərbaycanın, keçmiş SSRİ-nin Xalq artisti adlarına layiq görülmüş Müslüm Maqomayev 1942-ci il avqust ayının 17-də Bakıda anadan olmuşdur. O, istedadının gücü, möcüzəsi ilə incəsənətin bir çox sahələrinə həvəs göstərmiş və müraciət etdiyi hər bir sahədə uğur əldə etmişdir. Müğənni kimi səhnəyə isə ilk dəfə 14 yaşında çıxmışdır. 19 yaşında olarkən Helsinkidə gənclər festivalında ilk uğurunu qazanmışdır. Güclü, məlahətli səsi musiqiçilərin diqqətini cəlb etmişdir. Bəstəkarlar səsinə uyğun müxtəlif janrlarda, əsasən də estrada janrında mahnılar yazmışdılar. Ümumiyyətlə, Müslüm Maqomayev yaradıcılığında estrada janrı mühüm yer tuturdu. Bu janr vasitəsilə o, dünyanın böyük konsert salonlarında tamaşaçı kütləsinin ürəyinə yol tapa bilmişdir. Bir çox ölkələrdə konsert salonlarında çıxış edən müğənni şöhrətinin pik nöqtəsinə 1960-70-ci illərdə çatmışdır. Müslüm Maqomayevin ən böyük arzularından biri İtaliyada musiqi təhsili almaq olmuşdur. Bu arzusuna da çatan sənətkar "La Skala" teatrında təcrübə keçmişdir. Çenarro Varro, Enriko Pyatsa kimi korifeylərdən dərs alaraq Bakıya qayıdan Müslüm Maqomayev Rossininin "Sevilya bərbəri" operasında Fiqaro obrazını uğurla canlandırmış və böyük tamaşaçı kütləsinin sevgisini, alqışını qazanmışdır. Bu çıxışlardan sonra Müslüm Maqomayevin vokal sahəsindəki karyerası yüksəlməyə başlayır. Zəhmətkeş müğənni daim axtarışda olur, öz səsi üzərində işləyərək xarici ölkə bəstəkarlarının yaradıcılığına böyük həvəslə müraciət edirdi. Vokal musiqisinin sirlərini öyrənməkdən yorulmayan sənətkarın səsi, ifası daha da cilalanır və tembri zənginləşirdi. O, repertuarının çox geniş olmasına baxmayaraq, klassik əsərləri, kinolara yazılmış mahnıları sevərək səsləndirmişdir. Bu, sənətkarın musiqiyə olan sonsuz sevgisindən və marağından irəli gəlirdi.

31 yaşında SSRİ Xalq artisti adına layiq görülən Müslüm Maqomayev səsinə uyğun yazılan mahnıları oxumaqla yanaşı, özü də musiqilər bəstələmişdir. Bəzən hisslərini öz səsində, ifasında göstərə bilmədikdə onu notlara köçürüb, notların vasitəsilə dilləndirmişdir. Müğənninin həyat və yaradıcılığı haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film çəkilmişdir. Müslüm Maqomayev Rusiyada yaşasa da, doğma vətənini - Azərbaycanı bir an belə unutmamış, yazdığı müsiqilərdə, çəkdiyi rəsm əsəsrlərində doğma Vətənini sevgi ilə tərənnüm etmişdir.

Müslüm Maqomayev zilbariton səsə malik olan milli koloritli sənətkar idi. Dahi Nizaminin bütün keyfiyyətlərini - saflığını, müdrikliyini, nuraniliyini öz ifasında əks etdirən müğənni rejissor Eldar Quliyevin "Nizami" filmində Nizami roluna çəkilmişdir. Müğənni sonralar bu filmə sevərək çəkildiyini qeyd etmişdir.

Vətənə bağlılığını, duyğularını, sevgisini sevimli şairimiz Nəbi Xəzrinin "Azərbaycan" şeirinə bəstələdiyi mahnıda daha qabarıq şəkildə əks etdirmişdir. O, ürəyini, varlığını həsr etmişdir bu musiqiyə. Elə özünün də ifasında səslənən mahnı sanki Azərbaycan adlı məmləkətinə sevgisindən, məhəbbətindən yaranmışdır. Bəli, doğma vətənimiz - Azərbaycanımız haqqında çox mahnılar yazılıb, musiqilər bəstələnib, ancaq Müslüm Maqomayev "Sənə bağlıyam, Azərbaycan" oxuyanda, sanki səsini bütün Vətən, eyni zamanda bütün dünya eşidir.

Müslüm Maqomayevin səsi Azərbaycan torpağının təbii sərvətidir. Musiqinin dili yoxdur, deyirlər. Müslüm Maqomayevoxuyubsa, hansı dildə oxuyubsa dinləyici tərəfindən sevilib, alqışlanıb. Rusiyanın görkəmli bəstəkarları onun səsinə uyğun mahnılar bəstələsələr də, o, Azərbaycan musiqisini heç vaxt unutmayıb. Üzeyir Hacıbəyovun "Sənsiz", "Sevgili canan" romanslarını sevə-sevə oxuyub.

Dahi müğənni Müstəqil Azərbaycan Respublikasının yüksək mükafatları - "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunmuşdur. Müslüm Maqomayevin Sovet kinomatoqrafçılarının çəkdiyi filmlərdə səsləndirdiyi musiqilərdən, çəkildiyi filmlərdə canlandırdığı obrazlardans. çox danışmaq, çox yazmaq olar. Dahi müğənninin müəllifi olduğu bir neçə kitablar da var. "Mənim məhəbbətim melodiya" kitabında o, özü haqqında düşüncələrini, keçdiyi həyat yolunu, yaşadığı mühiti, onu əhatə edən insanları təsvir etmişdir. Müslüm Maqomayevin damarlarında incəsənətə, musiqiyə bağlı olan insanların qanı axırdı. Atası - Maqomet Maqomayev teatr rəssamı, anası - Kinjalova təxəllüsü ilə çıxış edən Ayşət xanım aktrisa olmuşdur. Əlbəttə ki, bütün bunlar da onun həyat və yaradıcılığında özünü göstərmişdir.

Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur. Bu il müğənninin 80 illik yubileyi Bakıda və digər ölkələrdə yaddaqalan tədbirlərlə qeyd olunmuş, bu münasibətlə Dənizkənarı Milli Parkda Müslüm Maqomayevin əzəmətli abidəsi ucaldılmışdır. Onu da qeyd edək ki, bu vaxta kimi Dənizkənarı Milli Parkda heç bir abidə olmayıb. Müslüm Maqomayevin əzəmətli heykəli bu istirahət parkına xüsusi zövq və gözəllik verəcək. Heykəlin bu ərazidə qoyulmasının da öz mənası var. Müğənni Bakını sevdiyi qədər Xəzərə də aşiq idi. Hətta, hər il avqust ayının 17-də Bakıya gəlib, doğum gününü dəniz sahilində qeyd edərmiş. Tez-tez həyat yoldaşı Tamara xanımla Zuğulbadakı bağ evlərində dincələrmiş. Onu da qeyd edim ki, Xəzər sularında Müslüm Maqomayevin adını daşıyan gəmiüzür. Müğənninin Xəzərə sevgisi sonsuz imiş. Bütün bunlar nəzərə alınaraq, dünyaşöhrətli Müslüm Maqomayevin abidəsi məhz elə dəniz kənarında ucaldılmışdır.

Müslüm Maqomayevin xatirəsi Azərbaycan xalqı, milləti üçün həmişə əziz və doğmadır. Hələ 1998-ci ildə səhnə ilə vidalaşan sənətkar: "Hər bir istedadın səhnədən getmək vaxtı var" - deyərək ömrünün axırına kimi rəssamlıqla məşğul olmuş, musiqilər yazmışdır. Onun rəsm əsərləri arasında Heydər Əliyevin, Bethovenin, Çaykovskinin, Sergey RahmaninovunCüzeppe Verdinin portretləri mühüm yer tutur. Bakını sonsuz sevgi ilə sevən Müslüm Maqomayev 2007-ci ildə Sergey Yeseninin sözlərinə, sonuncu "Əlvida, Bakı" mahnısını yazmışdır. Təbii ki, bu, müğənninin Vətəni, doğma Bakısı ilə vidalaşması idi. Lakin dünya durduqca, bəşəriyyət var olduqca Müslüm Maqomayevyaşayacaq. Musiqilərdə, ürəklərdə, xatirələrdə və yaddaşlarda.

 

Ramidə YAQUBQIZI

Respublika .-  2022.- 10 sentyabr.- S.8.