ŞUŞA
MİLLİ MƏDƏNİYYƏTİMİZİN
BEŞİYİDİR
Qarabağın incisi, Azərbaycanın göz bəbəyi, xalqımızın qədim tarixini özündə yaşadan Şuşa milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Əbəs yerə Şuşanı Qarabağın döyünən ürəyi adlandırmayıblar. Milli memarlıq üslubu ilə seçilən, orta əsr şəhərsalma sənətinin qiymətli abidəsi hesab edilən Şuşa şərqlilərə məxsus memarlığı ilə fərqlənir. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidə, nadir və təkrarsız sənət incisidir.
Mövzu ilə
bağlı Bərdə Regional Mədəniyyət
İdarəsinin rəisi Vəsilə Möhsümova
ilə həmsöhbət olduq. Müsahibim bildirdi ki, Şuşa
bir çox görkəmli
sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə
böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir məkandır.
Şərqin konservatoriyası, muğamımızın beşiyi adlanan bu şəhər onlarla
incəsənət xadiminin vətəni olub.
Şuşanın gözəl təbiəti, coğrafi mövqeyi, xüsusilə çox mühüm strateji əhəmiyyətli qala olmasını bir sıra tədqiqatçılar dəfələrlə qeyd ediblər. Şuşa havasının təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəri kimi tanınmışdır. Şuşa dağlarında xüsusi gözəlliyi ilə seçilən və dünyanın heç bir yerində bitməyən xarıbülbül gülü artıq bu qədim şəhərin simvoluna çevrilib.
Vəsilə Möhsümova qeyd etdi ki, Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın tarixi keçmişini yaxşı bilən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bu şəhərin inkişafına çox böyük qayğı göstərmişdir. Ulu öndər Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. 1980-1981-ci illərdə görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə abidə-məqbərə tikilmiş və 1982-ci il yanvarın 14-də ümummilli liderin iştirakı ilə Şuşada şairin məqbərəsinin böyük təntənə ilə açılışı olmuşdu. Bununla yanaşı, ulu öndər Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi. Şuşaya növbəti dəfə səfər edən Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada şairə Xurşidbanu Natəvanın abidəsinin açılışı olmuşdu.
Həmsöhbətim qeyd etdi ki, ümummilli lider Heydər Əliyev Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur".
Şuşa bütün
gözəlliyi ilə fərqləndiyindən tarix
boyu yağıların göz
dikdiyi məkana çevrilib.
"Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni sayılan Şuşanın 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə 600-ə yaxın tarixi-memarlıq abidəsi talan edilmiş, yandırılmış və dağıdılmışdır.
Bununla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi hesab olunan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə var idi. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansara, M.P.Vaqifin məqbərəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansara, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilmiş, dağıdılmış və məhv edilmişdir.
Vəsilə Möhsümova
böyük fəxarət hissi
ilə qeyd etdi ki, 2020-ci il noyabrın 8-i
tariximizə ən sevincli gün
kimi yazıldı. Prezident,
Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə rəşadətli ordumuz
Azərbaycanın tarixi, mədəni və
strateji əhəmiyyətə malik, Qarabağın baş
tacı olan Şuşa
şəhərini işğalçılardan azad
etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının
sırasında ən mühüm tarixi hadisə və böyük
hərbi Qələbə oldu. Azərbaycanın
hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa
şəhərinin azad edilməsi
müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək
Azərbaycanın milli və dövlətçilik
maraqlarını daim üstün
tutan Prezident, Ali Baş Komandan
İlham Əliyev 2020-ci il
noyabrın 8-də Şuşa şəhərinin
azad olunması münasibətilə xalqa müraciətində demişdir:
"İyirmi səkkiz il
yarım işğal altında olan Şuşa azad edildi! Şuşa
indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi
Qələbəni döyüş
meydanında qazandıq. 2020-ci il
noyabrın 8-i Azərbaycan tarixində əbədi
qalacaqdır. Bu tarix əbədi
yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin
günüdür!".
Xalqımızın tarixində,
mədəniyyətində, qəlbində xüsusi
yeri olan
Şuşanın işğaldan azad edildiyi günün
- 8 Noyabrın Azərbaycanda Zəfər Günü
kimi təsis edilməsi bu
qədim şəhərin ölkəmiz üçün
nə qədər dəyərli olmasını bir daha sübuta yetirdi.
Ölkə Prezidenti İlham Əliyev Şuşanı mədəniyyətimizin
paytaxtı elan etməklə bu qədim şəhərin tarixi
kimliyini özünə qaytardı. Videokonfrans zamanı dediyi
sözlər sanki bütün
xalqın qəlbinin səsi idi: "Mən
Şuşa şəhərini Azərbaycan
mədəniyyətinin paytaxtı elan edirəm.
Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki
Azərbaycanın, bölgənin mədəni paytaxtı
sayıla bilər. Şuşanın mədəni həyatı
zəngin olmalıdır. Şuşanın ilkin
siması, tarixi siması bərpa edilməlidir".
Dövlət başçısı Şuşada Vaqif poeziya günləri və "Xarıbülbül" festivalının bərpa olunmasının vacibliyini də vurğuladı. Bu fikirlərilə dövlət rəhbəri qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin, onun mədəni mərkəzlərinin yenidən qurulması və bərpası ilə bağlı kodeksi də təqdim etmiş oldu.
"Şuşa
İli"nə həsr olunan "Azərbaycan
musiqisinin məbədi - Şuşa"
bölməsi üzrə növbəti təqdimat
"Xarıbülbül" beynəlxalq musiqi
festivalı idi. Şuşa
şəhərində "Xarıbülbül" beynəlxalq
musiqi festivalı ilk dəfə
məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən
keçirilməyə başlayıb. Tədbir
həmin ilin mayında - Şuşada
xarıbülbülün çiçəklənmə
dövründə keçirilib.
1990-cı ildə "Xarıbülbül" festivalı
beynəlxalq status alıb və bu festivalda ittifaq
respublikaları ilə yanaşı, digər ölkələrin
də nümayəndələri iştirak
edib. Hər il
keçirilən festival təəssüf
ki, Şuşanın işğalından sonra öz fəaliyyətini
dayandırmalı oldu.
Şuşa ənənəvi festivallı günlərinə
qayıtmaq üçün uzun illər gözləməli oldu. 44 günlük Vətən
müharibəsində ərazi bütövlüyümüz
bərpa ediləndən, Şuşa şəhəri
azadlığına qovuşandan sonra 2021-ci il 12-13 may tarixlərində "Xarıbülbül"
festivalı yenidən təşkil olundu.
Azərbaycanın mədəniyyət paytaxtı 29 ildən sonra yenə doğmalarını,
qonaqlarını qarşıladı...
Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən "Şuşa mədəniyyətinin inciləri" layihəsi müxtəlif təqdimatlarla davam etməkdədir.
Vəsilə Möhsümova
onu da qeyd
etdi ki,
Şuşanın bərpası, dirçəldilməsi, tarixi simasının qaytarılması
Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin
yenidən dirçəldilməsi deməkdir. Bu,
həm də milli qürurumuzun,
mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin,
tariximizin bərpa edilməsi, yenidən
yüksəliş mərhələsinə daxil
olmasıdır.
Vəli
VƏLİYEV
Respublika .- 2022.- 10 sentyabr.- S.8.