Zaqatala Dövlət Təbiət Qoruğu
Zaqatala Dövlət Təbiət
Qoruğu 1929-cu ildə Baş
Qafqaz sıra dağlarının cənub
ətəklərinin orta hissəsində Zaqatala və Balakən rayonlarının ərazisində
23844 hektar sahədə
yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 17 oktyabr tarixli Qərarı
ilə Zaqatala və Balakən meşə
mühafizəsi və bərpası müəssisələrinin
torpaqları hesabına ərazisi genişləndirilərək
sahəsi 47349 hektara
çatdırılmışdır. Qoruq
Gürcüstan Respublikası ilə həmsərhəddir.
Hələ 1950-ci ildə qoruqda
elmi-tədqiqat işlərinin aparılmasına
başlanmışdır. Burada beynəlxalq
bioloji problemlər üzrə tədqiqat
işləri aparılır. Qoruğun elmi təmayülü - Böyük
Qafqazın şimal-şərq hissəsinin ayrı-ayrı
zonalarında susaxlayıcı, torpaqqoruyucu
və kurort-iqlim əhəmiyyətli dağ çəmənlikləri və meşələrin
qorunub saxlanması və onlardan
səmərəli istifadə olunmasına yönəldilmişdir.
Qoruğun yaradılmasının əsas
məqsədi Böyük Qafqaz
dağlarının cənub yamaclarındakı nadir bitkilərin təbiət komplekslərinin
qorunmasıdır.
Qoruq çox mürəkkəb və kəskin relyefə malikdir. Burada dağlar və yüksəkliklər dərin dərələr və daşlı-qayalı çay sahilləri ilə əhatə olunur. Qoruğun şimal hissəsində dağlar, şiş zirvəli sal qayalar yerləşir. Bu qayalar ilin çox vaxtı qar örtüyü altında, cənub hissədəki günbəzvari dağlar isə alp çəmənlikləri ilə örtülü olur. Ərazinin dəniz səviyyəsindən hündürlüyü 650-3646 metr arasında dəyişir. Burada yüksəklik artdıqca qoruğun iqlimi dəyişir. Aşağı və dağ qurşaqları (800-2200 metr hündürlükdə) fısdıq, vələs və palıd meşələri ilə örtülüdür. Qoruğun əsasını flora tərkibi dağlıq meşələr və çəmənliklər təşkil edir.
Ərazinin əsas suxurları gilli
şistlər və qum daşlarından, torpaq örtüyü əsasən
ibtidai dağ-çəmən,
dağ-çəmən-meşə və qonur
meşə torpaq tipindəndir. Qoruqda fısdıq, palıd, vələs,
cökə, göyrüş,
şabalıd, qoz, qaraçöhrə, qarmaqvari şam və s. ağaclar bitir. Bu meşələrdə
dəmirqara, zoğal, əzgil, alça və başqa kol bitkiləri geniş
yayılmışdır. Burada
yaşı 200-250 il olan,
hündürlüyü 30 metrə çatan fıstıq ağacları
vardır. Qoruq ərazisinin 60 faizdən çoxu enliyarpaqlı meşələrdən
ibarətdir.
Qoruğun ərazisindən 3 böyük (Mazımçay, Balakənçay və Katexçay) bolsulu çaylar axır. Bu çaylar öz başlanğıcını Böyük Qafqaz sıra dağlarının zirvələrindən götürür və Alazan-Əyriçay vadisindən keçərək Alazan çayına tökülürlər. Zaqatala ərazisindən axan Katex çayının sahilləri qoruq ərazisində hər iki tərəfdən sərt qayalıqlar və sıldırımlarla əhatə olunmuşdur. Katexçayın qolları olan Roçigelçay və Kilsəçayın birləşdiyi yerdə müalicəvi əhəmiyyətli sulfatlı-mineral bulaq var. Bulağın yaxınlığında yayla yaranmışdır. Həmin yaylada çox qədim bir kilsənin xarabalıqları vardır. Kilsəçayın axarı boyunca, təxminən 800-1000 metr aralı çox böyük sahəyə malik Piçigel mağarası yerləşir. Qoruğun işçiləri bu mağaradan gecələmək məqsədilə istifadə edirlər. Mağaranın xarici görünüşü cəlbedicidir. Mağaranın üstündəki monolit qayalıqlardan ibarət yapıq çaya doğru uzanır, bu yapığın kənarında isə həmişəyaşıl sarmaşıqlardan ibarət "divar" sallanır. Mağara həmişə quru olur və bura 200-250 adam rahat yerləşə bilər. Mağaranın ətrafını isə fıstıq, vələs, çinar, çökə, qarağac və s. ağac növlərindən ibarət enliyarpaqlı qədim meşələr bürümüşdür.
Kilsəçay və Katexçayın qarışdığı yerdə 20 metr hündürlükdən dar qayalıqla su dərəyə tökülür və kifayət qədər güclü şəlalə yaranır. Bu şəlaləyə Qəbizdərə və yaxud Zaqatala şəlalə adlanır. Qoruğun ərazisində 10-a yaxın şəlalə və 17 müxtəlif sulfatlı-mineral bulaqlar vardır.
Qoruqda 32 növ məməli, 89 növ köçəri və oturaq quşlar yaşayır. 4500-dən çox Şərqi Qafqaz təkəsi, 1000 baş maral, 700 baş qarapaça və 2000-ə yaxın çöl donuzu vardır. Burada yayılmış bitki növlərindən 12-si, məməlilərdən vaşaq və kəpkər, quşlardan iri qırğı, bərqud, Qafqaz uları, Qafqaz tetrası Azərbaycanın "Qırmızı kitab"ına, yırtıcı quşlardan toğlugötürən, Qafqaz şahini dünya "Qırmızı kitab"ına daxil edilmişdir. Qoruğun ərazisində təbiət muzeyi fəaliyyət göstərir. Burada Dağıstan dağ kəli, qararaça, maral, cüyür, qaban, ayı, porsuq, tülkü, meşə pişiyi, vaşaq, sincab, gəlincik və digər çöl heyvanları məskunlaşmışdır.
Kamil İSMAYIL
Respublika .- 2022.- 10 sentyabr.- S.11.