Fərhad Hümbətov

Doğma yurdumuzun qeyrətli övladları öz şəhid ömürləri ilə cəsurluğun əbədiyyət nəğməsini yaradırlar. Bu nəğmənin hər sətri, hər bəndi qanla yoğrulub, güllələrlə, mərmilərlə bəstələnib. Erməni daşnaklarının mənfur əməlləri, Qarabağ uğrunda gedən ölüm-dirim savaşı Vətənin igid övladlarını ayağa qaldırıb, onları haqq yolunda, haqq savaşında ölümün şəhidlik zirvəsinə səsləyib. Belə oğullardan biri də Fərhad Qənbər oğlu Hümbətov olub. Azərbaycanın Milli Qəhrəmanı kimi fəxri ada layiq görülmüş bu igidin həyat və döyüş yoluna gəlin qısa da olsa nəzər yetirək...

Fərhad Hümbətov 29 mart 1968-ci ildə Qərbi Azərbaycanın Quqark (Qarakilsə) rayonunun Arcut kəndində dünyaya göz açmışdır. O, ailənin üçüncü uşağı idi. Fərhad uşaqlıqdan təbiətin vurğunu idi. Ev işlərində bacardığı qədər valideynlərinə köməklik göstərirdi. Yay aylarında dostları, sinif yoldaşları ilə tez-tez "Todar" dağına, "Araz yurdu" yaylağına, "Dəlidağa", habelə qonşu Hallavar kəndinin yaxınlığında yerləşən "Maymaq" dağına və digər romantik mənzərəli yerlərə baş çəkər, qıy vuran qartallara baxardı.

Fərhadın atası Qənbər kişi dəmiryolçu idi, anası Salatın isə sovxozun maldarlıq fermasında çalışırdı.

Bu ailənin 7 uşağı arasında Fərhad həmişə bacarığı, qabiliyyəti, əməksevərliyi ilə başqalarından fərqlənirdi. Müəllimlərinin sevimlisi idi. Tədris olunan bütün fənlərə sonsuz maraq göstərir, hər vasitə ilə elmi biliklərlə silahlanmağa çalışırdı.

Fərhad Hümbətov M.F.Axundov adına Arcut kənd orta məktəbini bitirdikdən sonra Spitak rayonunun mərkəzindəki 69 nömrəli texniki-peşə məktəbində sürücü-mexanizator ixtisasına yiyələndi.

Günlərin bir günündə isə Fərhad qohum-qonşu, dost-tanışların xeyir-duası ilə ordu sıralarına yola salındı. İrkutskMonqolustanda hərbi hissədə olarkən dəfələrlə nümunəvi xidmətlərinə görə Fərhadın valideynlərinin ünvanına "N" saylı hərbi hissənin komandanlığı tərəfindən minnətdarlıq məktubu gəlirdi.

1988-ci ilin payızı idi. Bayırda şaxta adamı bıçaq kimi kəsirdi. Uydurma Qarabağ məsələsini ortaya atan faşist xislətli erməni quldurları Moskvadakı havadarlarının hiylə və köməyi sayəsində Ermənistanda - öz ata-baba yurdlarında yaşayan azərbaycanlıları zorla qovub çıxarır, başlarına olmazın müsibətlər gətirirdilər. Fərhad hiss edirdi ki, ermənilər azərbaycanlılara xəyanət toru qurublar. Məcburən azərbaycanlılar doğma diyarı tərk edir, ermənilərin genosid siyasətinin qurbanı olurdular.

Fərhadgilin ailəsi də çox keçmədən köç karvanına qoşuldu. Ermənilərin xəyanət tonqalı get-gedə alovlanırdı. "Qüdrətli" sovetlər ölkəsinin Qorbaçov kimi ikiüzlü və satqın başçıları da tonqala su tökmək əvəzinə onu daha da alovlandırır və aydınca hiss olunurdu ki, Moskvanın ermənipərəst qüvvələri daşnak terrorçulara arxa, dayaq dururlar.

Fərhadgilin ailəsi Bakıda məskunlaşdı. O, Bakı Şəhər Məişət Xidməti İdarəsində sürücü kimi əmək fəaliyyətinə başladı.

Bir müddətdən sonra ölkəmizdə Qarabağ savaşı başlandı, top-tüfəng səsləri insanları lərzəyə saldı. Kənd və qəsəbələrimizə güllə yağışı yağdırıldı. 1991-ci ilin oktyabr ayında Fərhad yağı düşməndən qisas almaq məqsədilə cəbhəyə, odlu səngərlərə yollandı. Könüllülərdən ibarət batalyonun sıralarında ölüm-dirim savaşına qoşuldu, bir neçə kəndin azad olunmasında böyük şücaət göstərdi.

Fərhadın döyüş yolu çətin oldu. O, 1992-ci il martın 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətində uğurlu döyüş yolu keçmiş və düşmənin 5 postunu dağıtmışdı.

1992-ci il martın 29-u... Son döyüş... Fərhad Hümbətov öz dəstəsi ilə Xocalının Kosalar kəndində əməliyyat keçirir. Qüvvələr nisbəti ermənilərin xeyrinə idi. Buna baxmayaraq, düşmən xeyli canlı qüvvə itirdi. Xankəndi yaxınlığında artıq qüvvələr tükənmişdi. Əlavə qüvvə gəlmədiyinə görə Fərhad dəstəsi ilə geri çəkilmək məcburiyyətində qalır. O, bu döyüşdə bir neçə yaralını xilas etsə , qəhrəmanlıqla şəhid olur. Qəhrəman döyüşçünün son mənzili Bakı şəhərindəki Şəhidlər Xiyabanı oldu.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hümbətov Fərhad Qənbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Bakının Binəqədi rayonunda Fərhad Qənbərovun adına park salınmış burada büstü qoyulmuşdur.

Qədir ASLAN

Respublika .-  2022.- 10 sentyabr - S.11.