Tarixə yazılan
insanlar
Humanistlik,
mərdlik, igidlik... Bu xüsusiyyətlər hamısı insanla bərabər doğulur, vaxtı, zamanı gələndə özünü
mütləq büruzə
verir. Kimliyindən, harada olmasından
asılı olmayaraq belə insanlar ya tarix yazır,
ya da tarixə
yazılırlar. Qanları, canları,
həyatları bahasına
tarixləşir, əbədiyaşar
olurlar.
Özünü, adını tarixin şanlı səhifələrinə
yazdıran qəhrəmanlardan
biri də İkinci Dünya müharibəsi dövründə
antifaşist müqavimət
hərəkatının qəhrəmanı,
əfsanəvi partizan
Əhmədiyyə Cəbrayılovdur. Rəşadətli
döyüş yolu keçən qəhrəman
xalqımıza, millətimizə
xas qəhrəmanlıq,
igidlik ənənələrini
vətənindən uzaqlarda
mərdliklə nümayiş
etdirmişdir.
Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov 22 sentyabr
1920-ci ildə Nuxa rayonunun (İndiki Şəki) Oxud kəndində anadan olmuşdur. İkinci Dünya müharibəsi
başlayanda Əhmədiyyə
Cəbrayılov Kənd
Təsərrüfatı Texnikumunu
bitirmiş, könüllü
cəbhəyə yollanaraq
kəşfiyyatçı olmaq
istədiyini bildirmişdir.
Ancaq komendantlıq onu aviasiya məktəbinə
göndərmiş, hazırlıq
bitdikdən sonra bombardmançı-eskadrilyaya təyin
olunmuşdur.
Əhmədiyyə qorxmazlığı, inadkarlığı
və cəsurluğu
ilə fərqlənirdi. Qalib gəlmək
üçün düşmənin
dilini bilməyin vacib olduğunu düşünən partizan
bu məqsədlə alman dilini öyrənir.
Dili mükəmməl bilən
Ə. Cəbrayılov 4 əməliyyatdan
sonra kəşfiyyat dəstəsinə başçılıq
edir. Hətta, tabeliyində olan
kəşfiyyatçılara da alman dilini
öyrədir. Əməliyyatların birində isə Əhmədiyyə Cəbrayılov
Mehdi Hüseynlə
"Mixaylo" ilə
görüşür. Mehdi Hüseyn partizan Xarqonun (Əhmədiyyə
Cəbrayılovun) ləhcəsində
doğmalıq, şirinlik
hiss edərək onun haradan olduğunu soruşur. O, şəkili
olduğunu bildirir.
Tapşırıqları komandirlərdən alsa da, Əhmədiyyə əməliyyatları özü
planlaşdırırdı. Hətta, alman
hakimiyyət orqanları
onun başına 10
min alman markası mükafat təyin etmişdir. 1942-ci ilin aprel ayında
Kursk ətrafında gedən
gərgin döyüşlərin
birində təyyarəsi
vurulan Əhmədiyyə
Cəbrayılov ağır
yaralanaraq almanlara əsir düşür.
1943-cü ildə o, Daxau ölüm düşərgəsinə gətirilir.
Düşərgədə qaz kamerasına
salınan bütün
əsirlər ölür.
Əhmədiyyə Cəbrayılov isə
sağ qalır.
Onun sağ qalmasına səbəb hələ müharibədən
əvvəl nişanlısının
ona verdiyi əl dəsmalı olur. Belə ki, kameraya salınan zaman Əhmədiyyə dəsmalı
ağzında saxlayaraq
özünü qazdan
boğulmaqdan xilas edir. Ancaq almanlar onu yenidən həbs edib düşərgəyə
qaytarırlar. Elə
həmin il
əsir düşərgəsi
komendantının qulluqçusu
madam Jannanın köməyi
ilə Əhmədiyyə
əsirlikdən qaçır.
Fransız vətənpərvərləri
almanların diqqətini
yayındırmaq üçün
Əhmədiyyə Cəbrayılovu
tabutda Jannanın evinin zirzəmisinə gətirirlər. O, Madam Jannanın
sayəsində Fransa Müqavimət Hərəkatının
fəalları ilə
əlaqə yaradır.
Bəzi tapşırıqlar
alan partizan
dəmir yol xətlərini partladaraq düşmənin minlərlə
fransızın Almaniyadakı
həbs düşərgəsinə
aparılmasının qarşısını
alır. 500-ə yaxın fransız uşağını xilas
edərkən isə yaralanır. Alman zabiti
formasında olduğu
üçün bir müddət hərbi hospitalda müalicə olunur.
Əhmədiyyə Cəbrayılov Fransa
Respublikasının ali hərbi mükafatı - Marşal Jukovun təltif edildiyi, "Dəmir Xaç"la təltif olunur. Hətta, bu ordenə
layiq görülən
həmyerlimiz Fransada hərbi paradda ölkə prezidentindən
öndə addımlaya
bilərdi. Fransa tamamilə
işğaldan azad edildikdən sonra Əhmədiyyə Cəbrayılov
bir müddət həmin ölkədə yaşayır. Lakin vətənə
olan bağlılığı,
məhəbbəti onu
rahat buraxmır.
1946-cı ildə vətənə qayıtmaq
qərarına gəlir.
Şarl
de Qollun köməyi ilə SSRİ-yə qayıdır. Lakin Əhmədiyyə
Cəbrayılov vətən
xaini kimi qəbul olunur.
1966-cı ilin yazında Fransa Prezidenti Şarl de Qollun
SSRİ-yə səfəri nəzərdə tutulurdu.
Fransa Prezidenti səfərdən
əvvəl bir arzusunu
bildirir. O, silahdaşı və dostu Armed Mişellə -
Əhmədiyyə Cəbrayılovla görüşmək
istəyir. L.İ.Brejnev bütün
Kreml məmurlarını, Dövlət Təhlükəsizlik
Komitəsinin, Daxili İşlər Nazirliyinin əməkdaşlarını Armed Mişelin
axtarışına cəlb edir. Təsadüfən
Mərkəzi Komitədə çalışan
makinaçı qadın bir neçə il öncə belə bir ada rast gəldiyini
xatırlayır. Beləliklə, həmyerlimiz Moskvaya
dəvət olunur. Əhmədiyyə Cəbrayılovla
görüşən Leonid İliç Brejnev onu çox böyük səmimiyyətlə
qarşılayır. Beləcə, Fransa Prezidentinin SSRİ-yə səfəri
zamanı "Vunukova 2" hava limanında qarşılanma mərasimində
Armed Mişel də iştirak edir. Bu səfərdən sonra
Əhmədiyyə Cəbrayılovun üzərindən
"vətən xaini" adı götürülür. Doğma Oxud
kəndindən çıxmaq qadağası qoyulan
Əhmədiyyə layiq olduğu
həyatını yaşamağa
başlayır. 1970-ci ildə Kənd Təsərrüfatı
İnstitutunda təhsilini başa
vurur və Şəki rayonunda
Nərimanov adına kolxozda baş aqronom işləyir.
1971-ci ildə isə "Qırmızı Əmək Bayrağı"
ordeni ilə təltif olunur.
1990-cı ildə Şarl de
Qollun anadan
olmasının 100 illiyinə həsr olunmuş
mərasimlərdə iştirak etmək üçün fəxri qonaq
qismində Parisə dəvət olunur.
1994-cü ildə isə ona "Fəxri Legion" ordeni təqdim olunur. Hətta, Fransada avtomobil zavoduna Əhmədiyyə
Cəbrayılovun adı verilir.
Qəhrəman partizan 1994-cü il oktyabrın 10-da Şəkidə avtomobil qəzasında həlak olur. Şərəfli ömür yolu keçən əfsanəvi partizanın 7 övladından biri, oğlu polis işçisi, baş leytenant Mikayıl Cəbrayılov 1990-cı ildə Qarabağa ezam olunur. Xocalı rayonunun Cəmilli kəndininin müdafiəsində iştirak edən dəstəyə başçılıq edir. Mühasirədə qalan kənd əhalisinə ayrılmış 4 ton taxılı gətirmək üçün Kosalar kəndinə yola düşən Mikayıl Cəbrayılovun dəstəsi qəfildən ermənilərin hücumuna məruz qalır. Yaralı olmasına baxmayaraq, döyüş yoldaşlarının həyatını xilas edərək son nəfəsinə kimi döyüşür. Sinəsindən ağır yaralanan Mikayıl Cəbrayılov şəhid olur və ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir.
Qəhrəmanlıq, igidlik
sonradan qazanılmır. O insan
dünyaya gələndə onunla bərabər doğulur.
Milli Qəhrəman Mikayıl Cəbrayılov
bütün dünyanın
tanıdığı qəhrəmanın ailəsində doğulmuşdur. O, igidlik,
mərdlik dərsini də evində, ailəsində
almışdı...
Ramidə
YAQUBQIZI,
"Respublika".
Respublika 2022.- 22 sentyabr.- S.9.