Əsrin müqaviləsi"ndən  Əsrin müharibəsi"nə

 2022-09-29 10:58:19  112

(əvvəli 27 və 28 sentyabr tarixli saylarımızda)

Xeyirlə şərin, gerçəkliklə mifin mübarizəsi

"Əsrin müharibəsi"

Müharibə getdiyi dövrdə, nədənsə 25 illik fasilədən sonra, BMT TŞ-da Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar müzakirələr keçirilib və TŞ-nin adından bəyanat layihəsi hazırlanıb. Çox təəssüflə qeyd edək ki, 1993-cü ildə BMT TŞ-nin məlum dörd qətnaməsinin qəbul olunmasına baxmayaraq, TŞ-də bu problemlə bağlı sonuncu müzakirələr 1995-ci ildə keçirilmişdi. BMT TŞ-nin qeyri-daimi üzvləri olan və Qoşulmama Hərəkatının üzv dövlətləri iki dəfə sükut prosedurunu pozaraq BMT TŞ-nin qətnamələrinə istinadın bəyanata daxil edilməsinə israr ediblər. Bu dövlətlərin israrlı və prinsipial mövqeyindən sonra həmin bəyanat layihəsi rəsmən geri götürülüb.

Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdə Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına prinsipial mövqelərinə görə təşəkkür məktubları ünvanladı. Məktubda qeyd olunurdu ki, ölkələrin sərgilədiyi qəti mövqeləri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir.

Azərbaycan Silahlı Qüvvələrinin döyüş meydanında düşmənə layiqli cavab verməklə irəlilədiyini görən Ermənistan hərbi qüvvələrimizə zərbə endirməkdə aciz olduğunu açıq-aşkar hiss etdiyindən mülki əhali arasında itkinin çox olmasına hesablanmış vasitələrə əl atırdı. Bu məqsədlə düşmən qüvvələri bir çox şəhərlərimizi döyüş bölgəsindən çox uzaq olsa belə "Smerç" raketindən atəşə tuturdu. Mülki əhalinin hədəf seçilməsi cinayət əməli olmasına baxmayaraq, Ermənistan hətta qadağan olunmuş silahlardan istifadə etməkdən də çəkinmirdi.

Ali Baş Komandanın qətiyyəti, iradəsi, əzmi, milli ruhu, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan Ordusu tarixin ən şanlı və şərəfli qələbəsini qazanmaqla məğrur və qalib millət olduğumuzu bütün dünyaya sübut edirdi.

Şanlı Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhərləri, kəndləri, qəsəbələri və eyni zamanda strateji yüksəklikləri işğaldan azad etməkdə davam etməsi çox qürurverici həyəcan və sevinclə qarşılanırdı. Ali Baş Komandanın qətiyyəti, iradəsi, əzmi, milli ruhu, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan Ordusu tarixin ən şanlı və şərəfli qələbəsini qazanmaqla məğrur və qalib millət olduğumuzu bütün dünyaya sübut edirdi.

Döyüşlər başlayan gündən canlı qüvvə və hərbi texnika baxımından ağır itkilərə məruz qalan düşmən yerli sakinlər və könüllülərlə yanaşı, muzdlu əcnəbilərdən ibarət hərbi qruplaşmaları da Azərbaycan Ordusu ilə mübarizəyə cəlb edirdi. Düşmən bilməli idi ki, nə əcnəbi döyüşçülər, nə də ki, hansısa könüllü dəstələr Azərbaycan əsgərini çoxdan gözlənilən bu haqq savaşında dayandıra bilməyəcək.

Nəhayət, noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında oldular. Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinə ehtiramlarını bildirdilər. Dövlətimizin başçısı Şəhidlər Xiyabanında Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə Şuşa şəhərinin işğaldan azad edildiyini dedi. Masa arxasında deyil, məhz döyüş meydanında qazanılan bu qələbə 30 ilə yaxın davam edən danışıqların heç bir nəticə vermədiyini, münaqişənin hərbi yolla həllinin isə qaçılmaz olduğunu sübut etdi.

Qələbəmizi şərtləndirən ən əsas amillərdən biri isə "Əsrin müqaviləsi"ndən "Əsrin müharibəsi"nə qədər olan dövrdə fərqli inkişaf modeli yaratmaqla iqtisadi güc toplamağımız idi. İlk növbədə iqtisadi müstəqillik təmin edilməli idi. Bu, bizə Ordumuzu gücləndirmək imkanı verdi. Ordumuz üçün lazım olan bütün hərbi texnika, silahlar əldə olundu.

Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda qətiyyətli olmaq bəzi mənfur xarici dairələrə öz çirkin planlarını Azərbaycanda həyata keçirməyə imkan verməməklə Qələbəmizi şərtləndirən əsas amillərdən oldu. Digər amillərdən biri də ölkəmizin beynəlxalq səviyyədəki uğurlarıdır. Aparılan məqsədyönlü işlər sayəsində dünyanın bütün aparıcı təşkilatları, beynəlxalq qurumlar münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul etdi. Bütün qərar və qətnamələrdə birmənalı şəkildə Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanındı. Etiraf edək ki, belə olmasaydı, münaqişənin ətrafında cərəyan edən proseslər böyük problemlər yarada bilərdi.

Nəhayət, ən əsas amil olan ordu quruculuğu idi. Ötən dövrdə yüksək diplomatik və siyasi səylər nəticəsində ordumuz ən müasir silahlarla təchiz olundu. Ölkəmizdə müdafiə sənayesi yaradıldı və bu gün 100-dən çox adda hərbi təyinatlı məhsul, o cümlədən müasir məhsullar istehsal edilir. Hərbçilərin maddi-məişət problemlərinin həlli də ordu quruculuğu prosesində vacib həlqələrdən biri olduğundan bu yöndə də xeyli işlər görüldü. Ordu quruculuğunun əsas amillərindən biri də döyüş qabiliyyətinin artırılmasıdır. Çünki texnikadan istifadə edən də, sinəsini qabağa verib, heç nədən qorxmadan düşmən üzərinə əlində silah yeriyən də, düşməni məhv edən də Azərbaycan əsgəri, Azərbaycan zabitidir. Qələbə də əsgərlərin, zabitlərin canı, qanı bahasına əldə olunur.

Müzəffər Ali Baş Komandan Şəhidlər Xiyabanında doğma xalqımıza Şuşa şəhərinin işğaldan azad olunması müjdəsini verərkən demişdir: "Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözümüz aydın olsun, dünya azərbaycanlıları!".

Bu sözlər hamımızı qürurlandırmaqla yanaşı, on illərlə işğalın çətinliklərini, əzablarını yaşayaraq mənəvi və fiziki iztirablar keçirən xalqın qısa müddətdə Qalib xalqa çevrilməyinin mənəvi üstünlüklərinə sahiblik hissi yaşadırdı.

Ölkədə hər hansı məsələ haqqında ictimai rəyin formalaşması çox vacib məsələdir. Daxildə konkret istiqamətdə formalaşmış fikir xarici ölkələrdəki ictimai rəyə daha güclü və çevik təsir göstərir. Əgər fərqli qurumların nümayəndələri, ayrı-ayrı sosial təbəqədən olan seçilmiş insanlar xarici ölkələrdə olarkən və ya əksinə, xarici ölkələrdən nümayəndələr Bakıda olarkən onlara məlum problemlə bağlı həqiqətləri, haqq-ədalətin bizim tərəfimizdə olmasını konkret faktlarla, dəlillərlə sübut etməyi bacarmalıdırlar. Təkcə mütəxəssislərin bu problemi bilməsi yetərli deyil. Yəni bu ümumxalq işinə çevrilməli, hamı imkanı daxilində həmin sahədən məlumatlı olmaqla beynəlxalq ictimai rəyin formalaşmasına birbaşa və ya dolayısı ilə müsbət təsir etməyi bacarmalıdır. Məsələnin təfərrüatına, onun siyasi, iqtisadi, ideoloji cəhətlərinə aid informasiya təminatı ilə bağlı mövcud olan konsepsiyadan, platformadan istifadə edilməklə beynəlxalq miqyasda ictimai rəyin formalaşdırılması üçün mütəxəssislərin səyləri, münasibətləri, rəyləri daha önəmlidir. Xaricdə yaşayan azərbaycanlılar da bu işdə mühüm həlqədir. Onlar və bizim mütəxəssislər, ziyalılar, xarici ölkələrin mütəxəssisləri, tarixçiləri, alimləri, siyasətçiləri, beyin mərkəzləri ilə ciddi əlaqələr yaratmaqla iş aparması da günün tələbidir.

Bizə bəzən elə gəlir ki, cəlb olunduğumuz problemi hamı bilir, dünya ictimaiyyəti də xəbərdardır ki, həqiqət bizim tərəfimizdədir. Reallıqda isə vəziyyət tərsinədir, problem haqqında yalan, uydurulmuş, qeyri-səhih məlumatlar əsas üstünlük təşkil edir. Düşmənlərimizin beynəlxalq ictimaiyyətə öz xeyirlərinə olan, səhv və təhrif edilmiş informasiyalar ötürməsi nəticəsində yaranan situasiyanı dəyişmək olduqca çətindir. Məlumatsız topluma nəyisə çatdırmaq, qeyri-səhih, səhv məlumatlarla zəhərlənmiş beyinlərdəki formalaşmış fikri sonradan doğru səmtə yönəltməkdən qat-qat asandır.

Planetar miqyasda informasiyalaşmış cəmiyyətin formalaşması prosesinin sürətlə getdiyi bəllidir. Bu cür tam informasiyalaşmış cəmiyyətlərdə isə əmək predmeti informasiya, əmək aləti isə informasiya-kommunikasiya texnologiyalarıdır (İKT). İnformasiya təhlükəsizliyinin ciddi şəkildə təminatı kimi əsas hədəflərə nail olmaq üçün İKT əmək alətindən lazımınca yararlanmaq daha məqsədəuyğundur. Müharibə dövründə isə bu işin məsuliyyəti dəfələrlə artmış olur. Hərb meydanında müzəffər sərkərdəlik qabiliyyəti ilə fərqlənən Ali Baş Komandan ikinci cəbhədə – informasiya meydanında da xüsusilə “master-klass”ları ilə dünyanın, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi.

44 günlük müharibə dövründə dünyanın aparıcı televiziyalarına, informasiya agentliklərinə, qəzetlərinə verdiyi müsahibələr zamanı Ali Baş Komandana yönələn qərəzli suallarda bilərəkdən, ya bilməyərəkdən bəzən məlumatsızlıq açıq-aşkar hiss olunurdu. Məhz buna görə də Müzəffər Ali Baş Komandan suallardakı qərəzə, aqressiyaya, təxribatyönümlülüyə baxmayaraq, cavablarının dürüstlüyü, doğruluğu, dəqiqliyi, elmi tutumluluğu, akademik üslubu və nitqinin səlistliyi, korrektliyi ilə qarşıdakına səbirlə cavab verməklə real informasiya təminatı yaradırdı. Müxbirlər problem haqqında ermənipərəstliklərini gizlətməklə tərəfkeşlik etmək naminə özlərini bilgisiz kimi göstərərək auditoriyanı daha da çaşdırmaq, düşmən tərəfin xeyrinə daha fəal olmaq üçün ritorik, əslində çaşdırıcı suallara üstünlük verirdilər. Bunun müqabilində müsahiblərinin təmkini, diplomatik gedişi və gözlənilməz əks-hücumları ilə qarşılaşdıqda vəziyyətdən çıxış üçün dərhal məzmunca fərqli suala keçirdilər.

Müdafiə etməyə çalışdıqları düşmən tərəf kimi biabırçı məğlubiyyətə uğrasalar da, onu etiraf etmək istəmirdilər.

Bir sözlə, həmin müsahibələr ikinci döyüş cəbhəsini xatırladırdı. Onlardan bir neçəsindən bəzi məqamları xatırlamaq dediklərimizin əyani təsdiqi olardı.

Prezident İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsindən:

Sual: Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, rəmzi məna daşıyır?

Cavab: Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir...

Aldığı sərrast cavabdan, sarsıdıcı “zərbə”dən özünə gələ bilməyən müxbir tarixin dolanbac yollarına baş vurub çaşqınlıq yaratmaq üçün növbəti sualla tarixə ekskurs etmək istəyir.

Sual: Onlar orada əsrlər boyu yaşamırlar? (erməniləri nəzərdə tutur).

Cavab: Xeyr, xeyr. Onlar Qarabağa 1805-ci, 1813-cü, 1828-ci illərdə imzalanmış Kürəkçay, Gülüstan və Türkmənçay sülh sazişlərindən sonra köçürülməyə başlayıblar...

Sual: Belə çıxır ki, tarixçilərin, Qafqaz regionu üzrə ekspertlərin əksəriyyəti səhv edirlər?

Cavab: Bəli, əlbəttə. Çünki sənədlərə baxın. Tarixçilər, hansı tarixçilər? Müxtəlif tarixçilər var və bəzən tarix siyasi üstünlüklərlə motivasiya olunur...

Sonra cənab Prezident özünəxas təmkinlə, dərin elmi təhlil qabiliyyətinə və bilik bazasına istinadən xronoloji ardıcıllıqla, mötəbər, tarixi sənədlərə və mənbələrə əsaslanaraq əsl tarixi müxbirə izah etdi. Verilən cavablar, eyni zamanda, dünya ictimaiyyətinə bir həqiqət mesajı, regiona dair tarix dərsi idi.

Hərb meydanında müzəffər sərkərdəlik qabiliyyəti ilə fərqlənən Ali Baş Komandan ikinci cəbhədə – informasiya meydanında da xüsusilə “master-klass”ları ilə dünyanın, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi.

"Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırdılar.

Aparıcıların marağında olan əsas məsələ Türkiyənin bu işdəki rolu idi, sualların əsas ana xəttini də o təşkil edirdi. Prezident İlham Əliyev həmişə olduğu kimi, yenə də obyektivliyi, məntiqli və kəsintisiz nitqi ilə tamaşaçı auditoriyasının rəğbətini qazandı.

Beynəlxalq ictimaiyyət qarşısında çıxış edərkən dəfələrlə rəzil duruma düşən N.Paşinyan bu dəfə də ənənəsini pozmayaraq suallar qarşısında aciz qalaraq heç bir fakta əsaslanmayan yalan və uydurmalar danışdı.

"Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenkonun bu barədə dedikləri daha xarakterikdir: Mən Azərbaycan və Ermənistan liderlərinin çıxışlarını diqqətlə dinlədim. İlham Əliyev şərtsiz olaraq dəqiq, tamamilə məntiqli, düzgün, ardıcıl çıxış etdi... Biz hamımız beynəlxalq hüququn tərəfdarıyıq. Beynəlxalq hüquq nöqteyi-nəzərindən, döyüş əməliyyatları Azərbaycanın ərazisində, Azərbaycan hərbi qüvvələri və erməni hərbi birləşmələri arasında aparılır.

"Əl-Cəzirə" televiziya kanalına müsahibəsindən:

Sual: Diplomatiya nə vaxtsa işləyə bilərmi? Yoxsa, sizin üçün yeganə həll müharibədir?

Cavab: Mən artıq demişəm ki, Ermənistan beynəlxalq hüquqa əməl etsə, ərazilərin bir hissəsindən vaxt cədvəlinə müvafiq olaraq dərhal çıxmağa başlasa, - əlbəttə ki, biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik, - diplomatiya işləyə bilər.

"CNN İnternational" televiziya kanalının "Conneect the World" verilişində yayımlanan müsahibəsindən:

Sual: ... Beləliklə, sözlərə əlavə ediləsi bir şey yoxdur. Mən Sizdən konkret olaraq soruşuram. Siz kasetli silahların Azərbaycan qüvvələri tərəfindən istifadə olunduğunu qəti şəkildə inkar edirsiniz, elədirmi? (Yenə də sual ritorikdir).

Cavab: Bəli, mən bunu inkar edirəm. Mən sizdən soruşmaq istəyirəm. Siz bu sualı Ermənistan prezidentinə vermisinizmi?

–Həmin vaxt bizdə belə məlumat yox idi.

–Məsələ də elə bundadır. Məsələ də elə bundadır ki, siz məndən soruşursunuz. Ondan soruşun. Soruşun ondan. Qoy "Amnesty İnternational" ondan nə etdiklərini soruşsun.

Qətiyyətin və dəmir mühakimənin qarşısında aciz qaldığını hiss edən müxbir, "lütfkarlıq"la - soruşaram. Təşəkkür edirəm, cənab, -  deməklə kifayətlənməyə məcbur oldu.

Fransanın "Figaro" qəzetinə müsahibəsindən:

Sual: Bu müharibəni durdurmaq üçün mümkün ən yaxşı vasitəçi kimdir? Bu, Rusiyadırmı? Mümkün ən yaxşı vasitəçi Rusiyadırmı?

Sualdakı təkrarçılıq və bununla istədiyini ala bilmək üçün təsdiqləyiciliklə yanaşı, qəti mövqedən təxribatçı yayındırmaçılıq da tam aşkardır.

Cavab: Bizim üç vasitəçimiz var. ATƏT onlara mandat verib. Rusiya, Fransa, ABŞ. Bu 3 vasitəçinin hər biri mühümdür...

Qısa və faktlarla zəngin cavabında BMT TŞ-nin üzvü olan hər üç ölkənin 28 ildə BMT TŞ-nin qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər təzyiq göstərmədiklərini qeyd etməklə bildirdi ki, bu problem həmin ölkələrin maraqlarının üst-üstə düşdüyü yeganə məsələdir.

(davamı növbəti saylarımızda)

Hümbət MUSAYEV.

Respublika  2022.- 29 sentyabr.- S.5.