Azad Mirzəcanzadə:
“Mənim ən böyük arzum budur ki, Azərbaycan öz
intellekti ilə dünya bazarına çıxsın!"
Dünyada demək olar ki, bütün
insanların ad günləri qeyd edilir. Uşaq ikən
yalnız valideynləri və ən yaxın qohumları, bir az
sonra sinif yoldaşları, yaşıdları, dostları həmin
gün onun yanında olurlar. Zaman keçdikcə bu insan ətrafındakılardan
seçilərək şəxsiyyətə çevrilə bilirsə, onun ad
günləri - 50, 60, 70 və s. illik yubiley tədbirləri
geniş çərçivədə keçirilir. Məşhur şəxsiyyətlərin
arasında elə
seçilmişlər də olur ki, onlar öz əməlləri,
xidmətləri, fərdi xüsusiyyətləri ilə
yalnız yubileylərində yox, hər ad günündə, bəlkə
də hər gün, hər saat
xatırlanırlar. Xalqımızın
XX əsrdə yetişdirdiyi belə xoşbəxt insanlardan
biri də universal zəka sahibi, zəngin məntiqi təfəkkürlü
görkəmli alim, aldığı məlumatı bir anda
aşılayıb yeni keyfiyyətlərlə ideyalar çoxluğuna
çevirmək bacarığına malik fitri istedad, geniş
elmi maraqları olan unikal şəxsiyyət, ən
mürəkkəb fikirləri
adi insanların başa düşəcəyi tərzdə
şərh edə bilən mahir pedaqoq və digər qeyri-adi
fenomenal xüsusiyyətləri ilə adı tarixə
yazılmış akademik Azad Mirzəcanzadədir.
Zənnimcə, o, Azərbaycan elmində elə bir iz qoyub getmişdir ki, bugünkü gənclik onu yaxşı tanıyır və bəlkə də onun titullarını və tərcümeyi-halını yazmağa ehtiyac yoxdur. Bu məqalədə qeyd edilməsə də, hamı bilir ki, 78 illik ömründə insan nə edə bilərsə, hamısının artıqlaması ilə öhdəsindən gəlmiş Azad Xəlil oğlu Mirzəcanzadə ölkəmizdə neft və qaz mədən mexanikası, texnikası, texnologiyası və işlənməsi üzrə fundamental elmi istiqamətlərin banisi, Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Təbiət Elmləri Akademiyası, Başqırdıstan Elmlər Akademiyası və Ukrayna Neft qaz Akademiyasının həqiqi üzvü, Fəxri neftçi, Fəxri qaz sənayesi işçisi, iki dəfə Azərbaycan Dövlət mükafatı, üç dəfə İ.M.Qubkin adına mükafat, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni, Azərbaycan Respublikasının "İstiqlal" ordeni laureatı, Azərbaycan Respublikasının Əməkdar elm və texnika xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.
Azərbaycan elminin
inkişafında mühüm tarixi xidmətləri, tətbiqi
mexanika və neft-mədən işləri sahəsində qiymətli
tədqiqatları olan, neftin çıxarılmasında
texnoloji proseslərin mexanikası, riyazi fizika
metodlarının neft sahəsində tətbiqini araşdıran akademik Azad Mirzəcanzadə
mürəkkəb və şərəfli bir həyat
yolu keçmişdir.
1928-ci il sentyabrın 29-da Bakıda anadan
olmuş Azad Mirzəcanzadə 1936-cı ildə 14 nömrəli
məktəbin birinci sinfinə getmişdir. Onun uşaqlıq
və gənclik dövrü İkinci Dünya müharibəsi illərinə
təsadüf etmişdir. Sonralar həmin məktəb hərbi
hospitala çevrildiyindən o, sinif yoldaşları ilə bərabər
18 nömrəli məktəbə
köçürülmüşdür. Məktəbdə
oxuduğu illərdə xüsusi riyazi qabiliyyəti ilə
seçilən Azad eksternat yolu
ilə imtahan verərək vaxtından əvvəl - 15
yaşında orta məktəbi bitirmişdir.
Müharibənin yaratdığı ağır şərait, anası - Asya xanım və bacısı - İradə xanımla birgə yaşadıqları çətin həyat onu hələ gənc yaşlarından zəhmətə, mübarizəyə alışdırmışdı. 15 yaşından axşam fəhlə-gənclər məktəbində riyaziyyatdan dərs deməklə ailəsinə kömək edən Azad bu fəaliyyətini 1944-1951-ci illərdə orta məktəbdə dərs deməklə davam etdirmişdir.
Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Sənaye İnstitutuna (indiki ADNSU) sənəd vermək istəyir. Yaşı az olduğundan onun sənədləri qəbul edilmir. Gənc Azad institutun rektoruna müraciət edir. Rektor institutun neft-mədən ixtisasında oxumaq istəyənlərin sayı az olduğundan, müstəsna hal kimi onun həmin fakültəyə qəbul olunmasına razılıq verir. Azadı dərin ağıl, böyük istedad sahibi hesab edən sinif yoldaşları bu "ədalətsiz" qərarla razılaşmır və hətta "neftçi" ixtisasına qəbul olmağa razılıq verdiyinə görə onu qınayırlar. Azad cavabında deyir: "siz yerin təkinin hansı elmi imkanlarının olduğunu başa düşmürsünüz".
O, 1948-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışmış, 1958-1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966-1969-cu illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olmuş, 1969-1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973-1989-cu illərdə keçmiş Ümumittifaq Elmi Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Dövlət Neft Akademiyası (indiki ADNSU) nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifələrində işləmişdir.
Azad Mirzəcanzadə həyatını
gənc nəslin təlim-tərbiyəsinə həsr edərək
1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) nəzəri mexanika kafedrasının dosenti,
1957-1959-cu illərdə professoru, 1959-cu ildən
ömrünün sonunadək Azərbaycan Dövlət Neft
Akademiyasında (indiki ADNSU) kafedra müdiri işləmişdir.
Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı,
Azad Mirzəcanzadə elmin təşkili və idarə
olunması prosesində fəal iştirak edərək
1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya
Komissiyasının sədri olmuş, 1993-2001-ci illərdə
Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik
etmişdir.
Özünəməxsus xarakteri
olan Azad Mirzəcanzadə ətrafındakı istedadlı
insanlara çox diqqətlə yanaşardı, ancaq daha
böyük uğurlar əldə etməsi naminə həmin
insan hətta gözəçarpacaq elmi nailiyyətlər əldə
edəndə belə, onu tərifləməzdi. Özünə
də, ətrafdakılara da tələbkarlıqla
yanaşan akademik deyərdi ki, "Mənim arzum özümdən
sonra yolumu davam etdirən, məndən çox bilən,
öz işini sevən professionallar yetişdirməkdən
ibarətdir".
Ondan soruşanda ki, tələbələrinizin
təhsilinə çox üstünlük verirsiniz, yoxsa
intizamına, belə deyərdi:
"Nə oxumaq, nə də intizam əsas deyildir, bunlar ancaq
nəticədir. Əsas isə insanın mənlik və
talantının olmasıdır. Bu iki amil olduqda təhsil də,
intizam da öz-özünə əmələ gəlir.
Düşünmədən cavab verdi ki,
heç bir elm sahəsi riyaziyyatdan
ayrı deyil! Ədəbiyyatın özündə də
riyaziyyat var. Yer üzündə elə bir sahə yoxdur ki, orada riyaziyyat olmasın. Riyaziyyat
bütün elmlərin açarıdır. İnformatika
riyaziyyatdır, fizika riyaziyyatdır, ədəbiyyat, tarix,
kimya, coğrafiya, biologiya
riyaziyyatdır.
Riyaziyyatsız nə var?
Heç nə! Ona görə də şagirdə birinci
riyaziyyatı sevdirmək lazımdır.
Yaxşı xatırlayıram, Qərbi
Azərbaycanın ucqar bir kəndində orta məktəbdə
oxuduğum 1960-cı illərdə bizə riyaziyyatdan dərs
deyən Mürsəl müəllim
böyük fəxrlə danışırdı ki, Bakıda
bir cavan riyaziyyatçı-alim meydana çıxıb, deyilənə
görə çox istedadlı adamdır, qeyri-adi zəkası
var, 23 yaşında (o dövrdə!!!) namizədlik, 29
yaşında doktorluq dissertasiyası müdafiə edib, 34 yaşında Akademiyanın
müxbir üzvü seçilib. Moskvanın və
Rusiyanın bütün alimləri ona heyran qalıblar.
Mürsəl müəllim ağızdolusu
danışdıqca biz kənd məktəbinin şagirdləri
ona heyranlıqla qulaq asır, haqqında
danışdığı Azad müəllimi görmək
arzusu ürəyimizi pörşələyirdi. O biri
uşaqları dəqiq deyə
bilmərəm, şəxsən mənim Bakıya gəlib ali
məktəbə daxil olmaq arzumu şərtləndirən səbəblərdən
biri də Azad Mirzəcanzadəni görmək ehtirası idi.
Ancaq mən onu ilk dəfə yaxından 1964-cü ildə
Bakıya gəlişimdən 33 il sonra - 1997-ci ildə Bakı
Dövlət Universitetinin rektoru olarkən görə bildim.
Himnimizin sözlərinin müəllifi, istiqlal şairimiz
Əhməd Cavadın oğlu Yılmaz Axundzadənin vasitəsilə
tanış olduq. Mən bu böyük
insanın nə qədər
unikal, qeyri-adi zəka
sahibi olduğuna məəttəl qaldım və uzun
müddət gözlədiyim bu günü görməyimdən
çox məmnun oldum, həm də 35 ildən artıq ürəyimdə saxladığım bir sualı
yarızarafat, yarıgerçək ondan soruşdum:
- Azad müəllim, bizə orta məktəb
müəllimimiz Sizi riyaziyyatçı
kimi tanıtmışdı.
Ancaq sonralar bildim ki, Siz neft-mədən ixtisası üzrə təhsil
almısınız və neft-qaz mexanikası sahəsində
mütəxəssissiniz. Mənə doğma olan
riyaziyyatın neftə nə qədər aidiyyəti var?
Düşünmədən cavab verdi ki,
heç bir elm sahəsi riyaziyyatdan
ayrı deyil! Ədəbiyyatın özündə də
riyaziyyat var. Yer üzündə elə bir sahə yoxdur ki, orada riyaziyyat olmasın. Riyaziyyat
bütün elmlərin açarıdır. İnformatika
riyaziyyatdır, fizika riyaziyyatdır, ədəbiyyat, tarix,
kimya, coğrafiya, biologiya
riyaziyyatdır.
Riyaziyyatsız nə var?
Heç nə! Ona görə də şagirdə birinci
riyaziyyatı sevdirmək lazımdır.
Sonralar bildim ki, Azad müəllim özü yaratdığı 147 nömrəli Texniki-humanitar liseydə hər şənbə şagirdlərə mühazirə oxuyarkən məşhur riyaziyyatçı A.Kolmoqorovun elmi işləri haqqında geniş məlumat verirmiş və onlara riyaziyyatı sevdirməyə çalışırmış. Musiqi alətlərində professional şəkildə ifa etməyi bacaran Azad Mirzəcanzadə musiqi melodiyalarının strukturunda, qanın kapilyarlarda və damarların hərəkətində, neftin boru kəmərləri ilə axını və məsamələrdə süzülməsində riyazi məntiq elementlərinin olmasını sübut edirdi.
Akademik Azad Mirzəcanzadə Qərbi Sibirdə, Tümen vilayətində, Tatarıstanda, Almaniyada, Başqırdıstanda, Əlcəzairdə, Vyetnamda, Çində və digər ölkələrdə geniş elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, 1962, 1965, 1966 və 1972-ci illərdə Polşada, 1965 və 1966-cı illərdə Almaniya Federativ Respublikasında, 1969, 1972 və 1986-cı illərdə Almaniya Demokratik Respublikasının Frayberq şəhərində keçirilən konfranslarda, 1967-ci ildə Azərbaycanın hökumət nümayəndə heyətinin tərkibində Kanada EKSPO-67 sərgisində, Yaponiya, Kanada, Rumıniya, Norveç və İngiltərədə keçirilən Beynəlxalq Elmi konqreslərdə, o cümlədən 1969-cu ildə Yaponiyanın Kioto şəhərində Beynəlxalq Hidravlik Tədqiqatlar Assosiasiyasının XIII konqresində iştirak etmiş və Əlcəzair, Suriya, Türkiyə, Bolqarıstan və Vyetnamda neft sənayesi işçilərinə mühazirələr oxumuş və məsləhətlər vermişdir. Azad müəllim 1973-1987-ci illərdə Başqırdıstan Dövlət Universitetində, 1979-cu ildən ömrünün sonuna qədər hər il Ufada Neft və neft məhsullarının nəqli, yığımı və hazırlanması Ümumittifaq Elmi Tədqiqat İnstitutunda "Neft və neft məhsullarının boru kəmərləri ilə nəqlində hidrodinamika, texniki diaqnostika və təhlükəsizlik məsələləri" və 1967-ci ildən başlayaraq Almetyevsk, Kiyev, Tümen, Bakı, İvano-Frankovsk, Krasnodar və s. kimi şəhərlərdə hər il "Yuyucu mayelərin və tamponaj məhlulların hidravlikası" mövzularında elmi seminarlar keçirmiş və mühazirələr oxumuşdur. 1975-1985-ci illər ərzində Tümen şəhərində keçirilən "Neft-qaz mexanikasının problemləri" seminarlarına rəhbərlik etmişdir. Belə geniş beynəlxalq nüfuzunun nəticəsi idi ki, dərs dediyi universitetdən kənara bir addım atmayan, Rusiyanın bir çox tanınmış alimləri Azad Mirzəcanzadənin dühası qarşısında heç bir söz demədən Bakıdakı elmi konfranslarda, simpoziumlarda məmnuniyyətlə iştirak edərdilər. Bunların sırasında SSRİ Elmlər Akademiyasının vitse-prezidenti akademik M.D.Millionşikov, akademiklər L.İ.Sedov, A.Y.İşlinski, S.A.Xristanoviç, P.A.Rebinder, X.A.Raxmatullin, A.A.İlyuşin, Q.Q.Çornıy, Yeryomenko, professorlar Q.İ.Barenblatt, L.A.Qalin, P.M.Oqibalov kimi dövrün məşhur alimləri var idi.
Yadımdadır ki, ABŞ-da, Çində, Norveçdə və Almaniyada xidməti ezamiyyətdə olarkən və həmin ölkələrdə Azad Mirzəcanzadənin görkəmli alim kimi tanındığını və dəyərləndirildiyini eşidərkən bir azərbaycanlı kimi qürur hissi keçirirdim.
Bu böyük alimin elmi irsinə
dünyanın nüfuzlu jurnallarında çap olunmuş 500-ə
yaxın elmi məqalə, 100-ə yaxın monoqrafiya, dərslik,
dərs vəsaiti, 50 ixtira və
elmi kütləvi əsərlər
daxildir.
Fikrimizcə, akademik Azad Mirzəcanzadə
dünyanın nadir alimlərindən biri, bəlkə də yeganə şəxsdir ki, elmi fəaliyyəti
ərzində 100-ə yaxın elmlər doktoru, 300-dən
çox elmlər namizədi yetişdirmişdir. Bu sahədə dünya üzrə dəqiq hesabat
aparılsaydı, Azad müəllim hətta Ginnesin rekordlar
kitabına da düşə bilərdi, çünki bir ömür ərzində bu qədər
doktorluq və namizədlik işinə rəhbərlik etmək,
400 ideya, yeni mövzu, istiqamət müəyyənləşdirmək,
onları həyata keçirmək üçün
qeyri-adi istedad sahibi, parlaq və fenomenal insan, yorulmaz və fədakar
alim, çoxşaxəli fəaliyyəti uzlaşdıran
şəxsiyyət olmaq lazım idi. Həm də
yetişdirdiyi alimlər yalnız
Azərbaycan vətəndaşları olmayıblar, 20-yə
yaxın ölkənin kadrları ilə paralel işləyərək
akademik Azad Mirzəcanzadə
ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsində
öz xidmətlərini göstərib. Qeyd edim ki, Azad
müəllimin rəhbərliyi ilə yalnız
Başqıdıstanda 34 nəfər elmlər namizədi, 18 nəfər
elmlər doktoru hazırlanmışdır. Ondan soruşanda
ki, bir rəhbərin 400 alim yetişdirməsi nə qədər
realdır? Cavabında belə deyərdi: "Mənim
yüzlərlə ideyalarım olmuşdur ki, həmin ideyalar həm
geologiya, həm qazma, həm neft və qazın
hasilatının, nəqlinin, mədən
mexanikasının və s. elm sahələrinin əsaslarının
formalaşmasına xidmət etmişdir. Beləliklə,
bir ideya bir neçə istiqamətin elmi bünövrəsinin təşkil edərsə,
onda burada qeyri-adi bir şey yoxdur".
Azad müəllim azad adam idi - zəkası
insan təxəyyülünün çata biləcəyi ən
uzaq nöqtələrinə qədər inkişaf etmiş bu
şəxsiyyətin məhdudiyyətsiz təfəkkürü kimi, hərəkətləri,
münasibəti, qərarları da çərçivəsiz
idi. Onun üçün kiminsə vəzifəsi,
hökmü, səlahiyyəti, yaxud imkanı, nüfuzu,
var-dövləti heç bir əhəmiyyətə malik
deyildi. Dünyanın ali, xüsusi istedadlı dahi şəxsiyyətlərin
əksəriyyəti kimi onun üçün də həqiqət,
ədalət, mərdlik, əyilməzlik hər şeydən
yüksək idi. Ali Attestasiya
Komissiyasının və Dövlət Elm və Texnika Komitəsinin sədrliyi kimi yüksək vəzifələrdən istefa verəndə də, Azərbaycan
Dövlət Neft Akademiyasının
(indiki Azərbaycan Dövlət
Neft və Sənaye Universiteti)
kafedra müdirliyindən
"papağını götürüb gedəndə"
də Azad müəllim heç kəsin qarşısında əyilmədi,
həmişə kişi jesti etdi. Onun nəinki sınmağını, hətta
bir balaca əyilməyini görmək istəyən bədxahlarının
arzusu isə həmişə ürəklərində
qaldı.
Gördüyü və həyata keçirdiyi
bu ölçüyəgəlməz işlərin, xidmətlərin
müqabilində Azad müəllim "Mən hələ
xalqıma çox borcluyam" deyirdi. Bu, əsl Azad Mirzəcanzadə
milli vətəndaşlığı idi. O,
öz mövqeyi, məhsuldar əməyi, parlaq ideyaları,
yüksək mədəniyyəti, mənəviyyatı, şəxsi
nümunəsi ilə bütün məsləkdaşlarını
elmi axtarışların əlçatmaz zirvəsinə
sövq edir, doğma Azərbaycanımıza vicdanla, ləyaqətlə
xidmət etməyə səsləyirdi.
Xatirimdədir, Azad müəllim Ali Attestasiya Komissiyasının sədri işlədiyi 9 il ərzində onu müxtəlif yollarla ələ almağa çalışan saxta alimlərin birini də yaxın buraxmırdı, bir insan kimi nə qədər humanist, xeyirxah olsa da, bu məsələdə çox sərtlik, prinsipiallıq nümayiş etdirirdi. Ən maraqlısı budur ki, ixtisas baxımından mexanik olsa da, bu adam o qədər zəngin və hərtərəfli biliyə malik idi ki, istər filologiya, tarix, hüquq, ya tibb sahəsi olsun, istərsə də elmin yeni istiqamətlərindən biri, AAK-a gələn dissertasiyaları özü vərəqləyib onun elmi səviyyəsini müəyyən edirdi, yalnız bundan sonra ekspert komissiyasına göndərirdi. Böyük zəhmət hesabına başa gəlsə də belə şəffaf, obyektiv və sərt yanaşması ilə Azərbaycan elmini təsadüfi adamlardan qoruyaraq milli təəssübkeşliyi sözdə yox, əməldə həyata keçirməyi bacardı.
Açıq deyirəm ki, əgər istəsəydi, Azad müəllim dövrünün ən imkanlı adamlarından biri ola bilərdi, ancaq ləyaqəti, milli mənafeyi hər zaman uca tutan bu müdrik şəxsiyyət imzasını var-dövlətə satmadı. Müdrik Azad müəllim əyri yollarla elmi dərəcə almaq istəyən adamlar haqqında deyirdi ki, "bunlar professor adını ancaq öləndə başdaşı üzərində yazdırmaq üçün istəyirlər". Mən şahidəm ki, hətta çox yüksək mənsəb sahibləri də, onunla bir məclisdə əyləşib əhvali-ruhiyyəsinin yüksək olmasından istifadə etmək arzusunda olanlar da Azad müəllimin sərt reaksiyası ilə rastlaşardı, sahibsiz, "qohum"suz, "adam"sız onlarla istedadlı alim isə çox qısa müddətdə dissertasiyasının təsdiqini alardı.
Onlarla, bəlkə də yüzlərlə
şahid var ki, bu fikirləri təsdiq edər. Mən onlardan
birini, görkəmli alim, Əməkdar hüquqşünas
Firudin Səməndərovun xatirələrini yada salmaq istəyirəm.
O danışırdı: "Bir gün mənə dedilər
ki, Azad Mirzəcanzadə səni öz yanına dəvət
edir. Doğrusu,
narahat oldum, şəxsən tanımasam da, onun qəribə
xasiyyətləri haqda eşitmişdim, bilirdim ki, nəinki
kitab, dissertasiya, hətta hansısa məqaləni oxuyub
bəyənməsə, amansız münasibət bildirəcək,
həm də vəzifədə
olan adamlara qarşı çox sərt mövqeyi var. Digər tərəfdən, təbiət elmləri sahəsində
mütəxəssis olsa da, bütün elmləri, o cümlədən
hüququ da yaxşı bilir,
pisi-yaxşını dəqiq ayırd edir, o zamanlar neçə-neçə
vəzifəli şəxsin namizədlik, doktorluq
dissertasiyasını plagiat, ya da zəif olduğuna
görə müəllifin gözləri qarşısında
cırıb zibil qabına atmışdı. "Görəsən hansı yazım
xoşuna gəlməyib, mənə nə deyəcək",
- fikirləşə-fikirləşə ehtiyatla
qapısını döydüm. Rus dilində "zaxodite"
(gəlin) qışqırtısından bir az da özümü itirib
içəri keçdim. "Kimsiniz, nə istəyirsiniz?"
soruşdu, özümü təqdim
edəndə ayağa qalxıb ikiəlli görüşdü,
yer göstərdi. "Cinayət
hüququ. Cinayət və cəza məsələləri"
kitabımla bağlı suallar verməyə başladı. Elə
suallar ki, bu sualları dünyanın cinayət hüququ
üzrə ən yaxşı mütəxəssisləri
fikirləşə bilərdi. Onun güclü
aurasının təsiri altında
özümü
böyük həyat təcrübəsinə malik insan,
universitetdə rektor, Hüquq fakültəsində dekan
işləmiş, uzun illər mühazirə oxumuş müəllimdən
daha çox 5-ci sinif uşağı kimi hiss edirdim. Digər
tərəfdən isə onun bu dərin, həm də bilavasitə
ixtisasla bağlı suallarına cavab verdikcə rənginin
açıldığını görüb özümə gəlirdim. Nəhayət,
soruşdu ki, niyə doktorluq işi müdafiə etməmisiniz?
Dedim ki, Azad müəllim, doğrusu, həmişə vaxt
problemim olub, ancaq gələn ilə planlaşdırıram.
"Xeyr", - dedi, "bu iş gələn ilə
qalmamalıdır. Siz yazdığınız kitablara və
intellektinizə görə həmin ada bu gündən layiqsiniz".
Düyməni basıb kimisə çağırdı, sənədlərin
hazırlanmasını tapşırdı, "bugünkü
tarixdən Siz elmlər
doktorusunuz, gedə bilərsiniz",
- deyib əlimi sıxdı.
Həqiqətən,
bir müddət sonra məni AAK-a dəvət edib həmin tarixlə Hüquq elmləri doktoru diplomunu təqdim
etdilər".
Xoş hisslərlə
xatırlayıram ki, onun Dövlət Elm və Texnika Komitəsinə
və Ali Attestasiya Komissiyasına rəhbərlik etdiyi
dövrdə mən də Azərbaycan təhsilinə rəhbərlik
etmişəm və bu səbəbdən onunla arabir
görüşürdük. Onun çox maraqlı, həm
də qəribə xüsusiyyətləri var idi. Məsələn, bu adam neft sənayesi üzrə
böyük mütəxəssis olsa da, iş otağında və
evində masasının üzərində yalnız Üzeyir
Hacıbəylinin şəkli olardı. Ali Attestasiya
Komissiyasının sədri olan zaman stolunun üstü dəftər-kitabla,
müxtəlif qeydlərlə, kağız-kuğuzla dolu
olardı. Çox səliqəsiz, üst-üstə
yığılmış bu kağız qalaqları adamı
darıxdırdı. Ancaq
Azad müəllim istənilən kitabı və ya
dissertasiyanı kağızların arasından o dəqiqə tapa bilirdi. Maraqlı
idi ki, iş masasının üstünü təmizləməyi,
oranı sahmana salmağı qadağan etmişdi. Deyərdi
ki, masanın üzərindəki qarışıqlıq onun
həyat tərzini, iş rejimini əks etdirir.
Akademikin elmi əsərləri və monoqrafiyaları ingilis, fransız, türk, polyak, rus, bolqar, Çin və digər onlarla dilə tərcümə edilmişdir. Hazırda dünyanın bir çox ölkələrində "Mirzəcanzadə məktəbi", "Mirzəcanzadə tənliyi", "Mirzəcanzadə modeli", "Mirzəcanzadə qanunu" və s. ifadələri elmi ədəbiyyatda geniş surətdə işlədilir və həmyerlimiz elmi əsərlərinə dünyada ən çox istinad edilən alimlər sırasındadır.
Gördüyü və həyata keçirdiyi
bu ölçüyəgəlməz işlərin, xidmətlərin
müqabilində Azad müəllim "Mən hələ
xalqıma çox borcluyam" deyirdi. Bu, əsl Azad Mirzəcanzadə
milli vətəndaşlığı idi. O,
öz mövqeyi, məhsuldar əməyi, parlaq ideyaları,
yüksək mədəniyyəti, mənəviyyatı, şəxsi
nümunəsi ilə bütün məsləkdaşlarını
elmi axtarışların əlçatmaz zirvəsinə
sövq edir, doğma Azərbaycanımıza vicdanla, ləyaqətlə
xidmət etməyə səsləyirdi.
Hesab edirəm ki, Azad Mirzəcanzadənin
adı Azərbaycan
xalqının son min ildə yetişdirdiyi Nizami Gəncəvi,
Nəsirəddin Tusi, Üzeyir Hacıbəyli, Lütfi Zadə,
Yusif Məmmədəliyev və digərləri kimi
dühalarla bir sırada çəkilməli
şərəfli adlardandır.
Özünün
məşhur ifadəsi ilə desək, bilmirəm "deyə
bildimmi?", Azad müəllim.
Misir MƏRDANOV,
AMEA-nın müxbir
üzvü, professor.
Respublika 2022.- 29 sentyabr.- S.13.