Hünər və igidlik
nümunəsi
Vətən müharibəsində 44 gün ərzində cəbhədə şiddətli döyüşlərdə düşmən ciddi müqavimət göstərirdi, işğalçılar torpaqlarımızdan çıxmaq istəmirdilər. Ermənistan ordusunun otuz ilə yaxın möhkəmləndikləri istehkamları igid oğullarımız çox böyük fədakarlıqla dağıdaraq düşmənə sarsıdıcı zərbələr vurdular. O istehkamları yarıb keçmək, o müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi. Qürur və iftixarla bildiririk ki, əldə edilmiş qələbə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır.
Günü bu gün də ağdamlılar qələbə sevincini yaşayırlar, doğma yurd yerlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Qeyd edək ki, Vətən müharibəsində döyüşlərdə yüzlərlə ağdamlı silaha sarılaraq düşmənin başına od yağdırıb, Qarabağın azad edilməsi yolunda şəhid olub, yaralanıb. Onlardan biri də Azərbaycan Silahlı Qüvvələrin mayoru Novruz Ələddin oğlu Əsgərovdur. Şəhidin həyat yolu peşəkar hərbçi kimi doğma Vətəninə xidmətdə keçib.
Novruz Əsgərov 1980-ci il dekabrın 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. Quzanlı kənd tam orta məktəbini bitirdikdən sonra 1997-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub. Təhsil illərində Novruz hərb sənətinin sirlərinə dərindən bələd olur, fəal və əlaçı tələbə kimi tanınır. 2001-ci ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Sonra hərbi təhsilini qardaş Türkiyədə davam etdirib. Mayor Novruz Əsgərov xidmət illərində hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün beş medalla təltif olunub.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Düşmənin bu istiqamətdə yaratdığı istehkamların dağıdılmasında hünər göstərən Novruz ağır döyüşlərdə cəsarət və igidlik nümayiş etdirib.
Sentyabrın 27-də Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Qəhrəman mayor Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə mayor Novruz Əsgərov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.
Şəhidlər qan tökərək xalqımızın şərəfini və qürurunu ucaltdı, başımızı dikəltdi, yurd həsrətinə son qoydular. Adlarını hər birimizin qəlbinə həkk etdilər, vətəni və bayrağımızı ucaltdılar.
Salman ALIOĞLU
Respublika 2022.-
8 yanvar.- S.5.