Döyüşlərdə mətinləşən
cəngavər oğullar
Ağamid Şirzad oğlu Ağacəfərlinin tale yazısı Vətən yolunda şəhidlik zirvəsinə ucalmaq idi. Uca, vüqarlı dağların qoynuna sığınan Lerik şəhərində 1995-ci ildə dünyaya göz açan, indi isə adı Azərbaycan xalqının dilində qəhrəmanlıq dastanına dönən Ağamid müstəqil həyata qədəm qoyanda bütün sevgisini, eşqini Vətəninə vermişdi. Elə 25 yaşında Tanrıdan gələn bu ilahi sevgi onu əbədiyyətə qovuşdurdu. İkinci Qarabağ müharibəsində Vətən naminə canından keçməklə zaman-zaman insanlara örnək olacaq şərəfli bir ömür yaşayır...
El-obada mərdliyi, vətənpərvərliyi, həyatsevərliyi, dürüstlüyü ilə yaşıdlarından seçilən Ağamid 2013-ci ildə hərbi xidmətə yollanır. İlk gündən layiqli övlad kimi Vətənə xidmət edir, kəşfiyyat bölüyünün şəxsi heyəti arasında keçirilən müxtəlif təlimlərdə, yarışlarda həmişə uğur qazanır. Bir neçə dəfə düşmənlə üz-üzə gəlir. Belə vaxtlarda göstərdiyi qəhrəmanlığı ilə sübut edir ki, özündən artıq sevdiyi Vətən uğrunda, millət yolunda hər an canından-qanından keçməyə, erməni dığalardan qisas almağa hazırdır.
Hərbi xidmətdən üzüağ, alnıaçıq qayıtdıqdan sonra Ağamid dinc əməkdən yapışır. Yaşamağı, həyatı çox sevsə də, ən böyük amalı müharibə meydanında düşmənlə döyüşüb Vətənini azad etmək olur. Məhz buna görə o, 2020-ci ilin sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinə könüllü, “Mütləq qalib gələcəyik” deyib gedir. Bilir ki, düşmənin 30 il əsarətdə saxladığı Vətən torpaqların taleyi bu haqq savaşımızdan asılıdır.
Vətən sevdalısı Füzulidə, Qubadlıda torpaq uğrunda gedən ağır döyüşlərdə kəşfiyyatçı kimi şücaət göstərir. Odun-alovun içinə girəndə düşmənin çox sayda əsgərini, döyüş texnikasını məhv edir. İgid əsgər oktyabrın 26-da düşmən gülləsinə tuş gələndə son nəfəsdə “Müqəddəs Vətən torpaqları murdar düşmən ayağı götürməz. Qələbə bizimdir” deyib şəhidlik zirvəsinə ucalır.
Vətən müharibəsində qəhrəmanlıq göstərib tarix yazan oğlunu dövlət də ucalıqda saxlayır. Onu ölümündən sonra “Füzulinin azad olnmasına görə” və “Vətən uğrunda” medallarına layiq görür.
Zəfər ORUCOĞLU
Respublika .-
2022.- 8 yanvar.- S.5.