Yüksək mədəniyyət,
xoş ünsiyyət, sadəlik
Nərgiz
Paşayeva özünü məhz bu keyfiyyətlərlə
sevdirə bilmişdir
Qazandığımız
uğurlarda, əldə etdiyimiz nailiyyətlərin əsasında
gərgin əmək, böyük zəhmət dayanır. Məqsədimizə,
arzularımıza doğru gedən yolda bizə dəstək
olan, hər ayağımız büdrəyəndə bizi
ayaqda saxlayan valideynlərimizlə yanaşı, yolumuzu
aydınladan müəllimlərimizin əməyi
danılmazdır. İstər orta məktəbdə, istərsə
də tələbəlik illərində dərs
aldığımız müəllimlərimizə hörmətimiz
sonsuzdur.
Yalnız
yaxşı pedaqoq kimi deyil, eyni zamanda xoş ünsiyyəti,
nəzakəti ilə tələbələrinin hörmətini
qazanan bir müəllim haqqında yazmaq nə qədər
xoş olsa da, bir o qədər də məsuliyyətlidir. Universitetin jurnalistika
fakültəsinin sonuncu kursunda idik. Bir gün auditoriyaya incə,
zərif bir xanım daxil oldu. Elə ilk andaca hamımızda
çaşqınlıq yarandı,
lakin onun kürsüyə doğru getdiyini görəndə
tələbə yoldaşımız deyil, müəllimimiz
olduğunu anladıq. Zahirən tələbələrindən
heç də fərqlənməyən, gənc olmasına
baxmayaraq, elə ilk gündən auditoriyanı ələ
almağı bacaran Nərgiz xanım yüksək mədəniyyəti,
xoş ünsiyyəti, əsl Azərbaycan qadınına xas
sadəliyi ilə yanaşı, həm də dərin biliyi,
geniş dünyagörüşü ilə qısa müddət
ərzində sevimli müəllimlərimizdən biri oldu.
Əməkdar
elm xadimi, AMEA-nın həqiqi üzvü, Rusiya Təhsil
Akademiyasının akademiki, Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan
Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi
adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin
Azərbaycan tərəfdən rəhbəri, akademik Nərgiz
Paşayeva 1962-ci il dekabr ayının 13-də Bakıda
akademik Arif Paşayevlə görkəmli şərqşünas-alim
Aida İmanquliyevanın ailəsində dünyaya göz
açmışdır. 1983-cü ildə indiki Bakı
Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə
diplomu ilə bitirdikdən sonra, aspiranturaya daxil olmuş və
1987-ci ildə "Sabir novatorluğu" mövzusunda namizədlik
dissertasiyasını müdafiə edərək filologiya elmləri
namizədi alimlik dərəcəsi almışdır. Həmin
ildən Bakı Dövlət Universitetinin filologiya fakültəsinin
"Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında
assistent, müəllim, baş müəllim, dosent, 1994-2008-ci
illərdə isə Bakı Musiqi Akademiyasının "Dil
və ədəbiyyat" kafedrasının müdiri vəzifəsində
çalışmışdır. 2004-cü ildə
"Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik
dərki" adlı doktorluq dissertasiyasını müdafiə
edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə,
2005-ci ildə isə professor elmi adına layiq
görülmüşdür.
2008-ci ildə
Prezident İlham Əliyevin Sərəncamı ilə
yaradılan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
Bakı filialına rektor təyin olunan Nərgiz
Paşayevanın universitetin Azərbaycanın ən
yaxşı ali məktəblərindən birinə
çevrilməsində əvəzsiz xidmətləri var.
2008-ci ildə üç: tətbiqi riyaziyyat, kimya və
filologiya fakültələri ilə fəaliyyətə
başlayan universitetdə sonradan psixologiya, iqtisadiyyat və
fizika fakültələri də açılıb.
2012-ci ildə
ilk azərbaycanlı qadın kimi Böyük Britaniyanın
İcmalar Palatasının məşhur
"Çörçill" zalında məruzə ilə
çıxış edən Nərgiz Paşayeva bir il sonra
Oksford Universitetində keçirilən elmi seminarda "Nizami
Gəncəvinin yaradıcılığı və elmi
irsi" mövzusunda məruzə etmişdir. Həmin il
oktyabrın 28-də isə universitetdə Azərbaycanın,
Qafqazın və Orta Asiyanın zəngin tarixi-mədəni
irsinin öyrənilməsinə xidmət edən mühüm
bir sənəd - Nizami Gəncəvi adına Azərbaycan və
Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasına
dair Anlaşma Memorandumu imzalanmışdır. MDU-nun Bakı
filialının rektoru britaniyalı alimlərlə müzakirələr
zamanı Azərbaycan ədəbiyyatı, tarixi və dili
haqda demək olar heç bir məlumat, araşdırma, tədris
vəsaitlərinin olmadığı, fənlərin tədris
edilmədiyi Oksford Universitetinin nəzdində Elmi Mərkəzin
açılmasını və Mərkəzə dahi Azərbaycan
şairi Nizami Gəncəvinin adının verilməsini təklif
etmişdir. Azərbaycan tarixini, dilini, ədəbiyyatını
təbliğ etmək məqsədilə yaradılan Mərkəz
barədə Nərgiz Paşayeva demişdir: "Məqsədimiz
Azərbaycan elminin təkcə öz dar məkanından deyil,
dünya müstəvisinə çıxa bilən platformadan
çıxış etməsinə nail olmaqdır. Beləliklə,
biz dünya elmi məkanının bir hissəsinə
çevrilmək imkanını qazanmış oluruq... Bu mərkəzin
dahi Nizaminin adını daşıması da simvolikdir. Bizim təqdimatımızda
Nizami birləşdirici bir simvol olmalıdır. Şeyx Nizami
dar çərçivəyə, dar coğrafi, etnik
mülahizəyə sığan fiqur deyil, böyük Şərqin
böyük mütəfəkkiridir. Bununla bərabər, o,
dünya mədəniyyətinin görkəmli nümayəndəsidir.
Nizaminin Azərbaycan alimləri tərəfindən işlənmiş
yetərli qiymətli əsərləri Oksfordda tədricən
yayılmalıdır. Ümumiyyətlə, Azərbaycan
nizamişünaslığı dünyada öz ədalətli
yerini tuta biləcək potensiala malikdir. Bu işlərin
hamısı bizə bağlıdır, müştərək
fəaliyyətimizin əsas qayəsidir".
Dünyanın
ali məktəbləri sırasında ilk yerlərdə olan
Oksford Universiteti kimi məşhur elm və təhsil
ocağında Elmi Mərkəzin
açılışından sonra sistemli şəkildə Azərbaycanın
elmi problemlərin həllinə başlanılmasında, elm
adamlarının əsərlərinin ingilis, fransız, alman
dillərində çap olunmasında Nərgiz
Paşayevanın böyük əməyi olmuşdur. Akademik Nərgiz
Paşayevanın təşəbbüsü ilə
açılan Mərkəz Azərbaycan şairi Nizami Gəncəvi
irsinin öyrənilməsi, təbliği sahəsində ən
möhtəşəm addım olmaqla yanaşı, ölkəmizin,
eləcə də Qafqazın və Orta Asiyanın zəngin
tarixi-mədəni irsinin, bu gün Azərbaycan ərazisində
mövcud olan qədim mədəniyyətlərin, dillərin
öyrənilməsi və Qərbin elmi-akademik dairələrinə
tanıdılması məqsədilə Oksford Universitetinin bir
hissəsi olaraq yaradılan ilk akademik elmi-tədqiqat mərkəzidir.
Peşəsində
əsl professional olmaq üçün bütün karyera pillələrini
keçən Nərgiz Paşayeva yüzlərlə tələbəsi
olan ali məktəbə rəhbərlik edir. Pedaqoji təcrübəyə
əsaslanan fəaliyyətində universitet böyük
nüfuz qazanmış, gənc nəslin arzusunda olduğu ali
təhsil müəssisəsinə çevrilmişdir.
Yüksək səviyyəli tədris prosesi, kadrların
seçilməsi sistemi, müasir logistika infrastrukturu və
avadanlıq təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə
artırır. Bu gün MDU böyük ənənələrə
malik, dünyanın nüfuzlu təhsil müəssisələrindən
biri, Rusiyanın aparıcı təhsil ocağıdır. Azərbaycan
elminin inkişafına mühüm təkan verən
universitetin açılış mərasimində
çıxış edən Nərgiz Paşayeva demişdir:
"Bugünkü pedaqoq müasir həyata düzgün
istiqamətlənməlidir. O, öz yetirməsinə, tələbəsinə
düzgün məsləhətlər verməyi bacarmalıdır.
Həmin gənc gələcəkdə müasir, hər
gün dəyişən mürəkkəb cəmiyyətdə
və dünyada özünə düzgün yol seçməlidir...
Çox istərdik vurğulayaq ki, burada təkcə tələbə
hazırlamağa deyil, həm də böyük elmə həvəs
göstərəcək, böyük elmdə qalacaq və bu
istiqamətdə özlüyündə çox zəngin olan
Azərbaycanımızın gələcəkdə də elmi
ictimaiyyətini və elm tarixini şöhrətləndirəcək
alimlər yetişdirməyə
çalışırıq". Bütün bunlar bir daha ali
məktəbi bitirdikdən sonra əvvəlcə assistent,
sonra müəllim, daha sonra isə baş müəllim kimi fəaliyyət
göstərən, 26 yaşında artıq elmlər namizədi,
ardınca dosent, kafedra professoru, prorektor və nəhayət,
rektor olan Nərgiz Paşayevanın Azərbaycan elminə
verdiyi dəyərin göstəricisidir.
İngiltərə-Azərbaycan
Cəmiyyətinin həmsədri, "Azərbaycan Mədəniyyətinin
Dostları" xeyriyyə fondunun idarə heyətinin
üzvü, "ÜNS" bədii yaradıcılıq səhnəsinin
yaradıcısı və bədii rəhbəri Nərgiz
Paşayeva "Qarabağnamə" və görkəmli bəstəkar,
xalq artisti, professor F.Əlizadənin "İntizar"
operasının librettosunun müəllifidir. Onun təşəbbüsü
ilə "Molla Nəsrəddin" jurnalı yenidən
çap olunmuş, "Səməd Vurğunun xatirələri"
kitabı, "Azərbaycan xalq çalğı alətləri"
kataloqu hazırlanmış və nəşr olunmuşdur.
Azərbaycan
elminin və təhsilin inkişafında böyük xidmətləri
dövlət tərəfindən yüksək qiymətləndirilmiş
və 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı
ilə akademik Nərgiz Arif qızı Paşayeva "Şərəf"
ordeni ilə təltif edilmişdir.
Mehparə ƏLİYEVA
Respublika .- 2023.- 13 dekabr (№ 272).-
S.7.