O, təbiəti sevib
sevdirdi
Həsən Əliyev bütün
dünyada ekologiya elmləri sahəsində güclü nəzəriyyəçi
və böyük mütəxəssis kimi tanınırdı
Təbiətin
füsunkar gözəlliyi sayılan meşələr onun
uşaq zehninə ilk yazılanlardan biri olmuş, təbiətə
məhəbbəti isə babası Comərd kişi
oyatmışdı. Torpağa bağlı olan bu insanın bir
vaxt: "Bitkilər də insan kimi canlıdır, onların
insan həyatındakı, ümumiyyətlə, təbiətdəki
rolu əvəzsizdir", - sözləri balaca Həsənin
uşaq yaddaşına möhkəm yazılmış, ədəbiyyatçı,
rəssam olmağı arzulayarkən taleyini təbiətə,
torpağa bağlamışdı. Əlinə qələm
alıb torpağın tədqiqinə başladığı
ilk anlardan anlamışdı ki, torpağın dərdi
böyükdür, onu görmək, düşünmək və
hiss etmək lazımdır. Sonralar torpaqla
bağlılığı artdıqca, onu "dinlədikcə"
belə bir qənaətə gəlmişdi: doğma ana
övladı üçün fəryad etdiyi kimi, torpaq da
öz dərd yükünü bölüşmək
üçün fəryad qoparır, ana övlad
üçün nə qədər şirindirsə, torpaq da
insan üçün o qədər əzizdir. Və insan
"ana torpaq", "ana Vətən" deyib
ömrünün ən son anında onu bağrına
basır, rahatlığını onda tapır.
Həsən
müəllim sonralar həyatın çətinlikləri ilə
üzləşib bir qədər "bərkiyəndə"
demişdi: "Yaşıllıq əhatəsində
insanı işıqlı fikirlər öz ağuşuna
alır, xoş əhvali-ruhiyyə, qurub-yaratmaq eşqi
güclənir. Məlum həqiqətdir ki, meşəni - Yer
kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür
etməsək, demək, bəşər də yoxdur.
Yaşıllığa ölçüsüz-biçimsiz
hücum insana qarşı yönəlmiş ən
ağır "müharibə"dir. İnsan ağlı,
insan zəhməti isə bu "müharibəni" dəf
etməyə qadirdir".
Uşaqlığı çətin keçmişdi Həsən müəllimin. 1907-ci il dekabrın 15-də Ermənistanın Sisian rayonunun Comərdli kəndində anadan olmuş, 1917-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində bütün Zəngəzur mahalının əhalisi kimi onun da ailəsi deportasiya edilmiş, Naxçıvana köçmüşdü. 1917-1924-cü illərdə müxtəlif işlərdə işləmiş, 1925-ci ildə kənd axşam məktəbinə daxil olmuşdu. 1930-cu ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu bitirmiş, təhsil aldığı illərdə Naxçıvan Muxtar Respublikası Torpaq Komissarlığının kənd təsərrüfatı zərərvericilərilə mübarizə şöbəsinin işçisi olmuşdu.
Bir müddət Naxçıvan Pambıq Birliyində, sonra Azpambıq birliyinin Gəncə dairəsi üzrə təlimatçısı vəzifəsində işləmiş, 1932-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki AKTA) bitirib Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun aspiraturasına daxil olmuş və 1934-cü ildə oranı bitirmişdir.
1934-cü ildə 27 yaşlı Həsən Əliyev Azərbaycan Kənd Təsərrüfatı Pambıqçılıq İnstitutunun Ucar rayonunun mərkəzində yerləşən Şirvan Zona-Təcrübə Stansiyasının direktoru vəzifəsinə təyin edilmiş, iki il sonra keçmiş SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Torpaqşünaslıq bölməsinin elmi işçisi vəzifəsinə işə götürülmüş, eyni zamanda həmin bölmənin elmi katibi vəzifəsini icra etmişdi. 1935-ci ildə Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin üzvlüyünə qəbul edilmiş, elmi-tədqiqat işi ilə yanaşı, ali məktəblərdə də dərs deməyə başlamış, 1937-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsində assistent vəzifəsində çalışmış, 1939-cu ildə keçmiş Ümumittifaq Coğrafiya Cəmiyyətinin üzvlüyünə daxil olmuşdur.
İkinci Dünya müharibəsində iştirak edən Həsən müəllim keçmiş SSRİ EA Azərbaycan filialının üzvü olmuş, coğrafiya bölməsinə rəhbərlik etmiş, 1944-cü ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır.
1949-1952-ci illərdə AMEA Botanika İnstitutunun direktoru vəzifəsində çalışan Həsən Əliyev 1952-ci ildə Azərbaycan Kənd Təsərrüfatı nazirinin birinci müavini və həmin il Azərbaycan KP MK-nın katibi vəzifəsinə irəli çəkilmişdir.
Meşə torpaqlarının coğrafiyası, respublika torpaq xəritələrinin hazırlanması, ekoloji problemlərin beynəlxalq aləmdə təbliği 1968-1987-ci illərdə Azərbaycan EA Coğrafiya İnstitutunun direktoru, 1987-1993-cü illərdə isə direktorun məsləhətçisi vəzifələrində işləyən Həsən Əliyevin əsas tədqiqat sahəsi idi. Ömrünü təbiəti mühafizə problemlərinin həllinə həsr etmiş, milli kadrların yetişdirilməsində, onların hərtərəfli inkişafında mühüm rol oynamışdır. "Azərbaycan təbiəti" jurnalının yaradıcısı və baş redaktoru, coğrafiya üzrə bir sıra elmi şuraların üzvü, Azərbaycan Coğrafiya Cəmiyyətinin, Təbiəti Mühafizə Cəmiyyətinin prezidenti olmuş, Yunanıstan, Kanada, Polşa, ABŞ, Rumıniya, İsveç, Macarıstan, Yaponiya, AFR və s. ölkələrdə elmi yaradıcılıq mübadilələri aparmışdır. 1976-cı ildə Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiya heyətinin üzvü olmuşdur.
Elmdəki xidmətlərinə, ictimai-siyasi fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülmüş, "Lenin", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı", "Oktyabr inqilabı" ordenləri, Vavilov adına qızıl medal və s. təltif edilmişdir. Bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilmiş, 1974-cü ildə elmdə xidmətlərinə görə ona "Əməkdar elm xadimi" adı, 1978-ci ildə təbiətin mühafizəsi və Azərbaycanın təbii ehtiyatlarından səmərəli istifadə üzrə kompleks işlərinə görə Dövlət mükafatı verilmişdir. Mindən çox elmi və elmi-kütləvi məqalənin, o cümlədən "Pirsaat düzənliyi torpaqları və perspektivləri", "Böyük Qafqazın şimali-şərq hissəsinin meşə və meşə-bozluq torpaqları", "Böyük Qafqazın şərq hissəsinin litogen torpaqları", "Tuqay meşələrini qoruyaq", "Həyəcan təbili", "Qəhvəyi meşə torpaqları" və s. əsərlərin müəllifidir.
Həsən Əliyev nəinki Azərbaycan, həmçinin dünyada torpaqşünaslıq, təbiəti mühafizə və ekologiya elmləri sahəsində güclü nəzəriyyəçi və böyük mütəxəssis kimi tanınırdı. Onun "Həyəcan təbili" klassik kitabı bütün təbiətsevər xalqımıza bir çağırış və milli kitab oldu. Quru meliorasiya və fitomeliorasiya tətbiqi metodları Azərbaycanda aqrar islahatların inkişafında gərəkli təcrübə mənbəyi idi.
Akademikin 1982-ci ildə dərc edilmiş "Həyəcan təbili" əsəri respublikamızda təbiətin mühafizəsi və bərpası işlərinin canlanmasına çox böyük təkan vermişdi. Həsən müəllim bu sanballı əsərində yazırdı: "Mən dünyanın bir çox ölkələrini gəzdim, lakin Qafqazın təbiəti qədər gözəl, romantik, dilbər guşəyə rast gəlməmişəm. Qafqazda da təbiət ən gözəl nemətlərini bizim respublikaya bəxş etmişdir... Meşə böyük sərvət, əvəzsiz nemətdir... Təbiətdə heç bir ünsürün "təklik eqoizmi" yoxdur. Bir ünsür digərinə söykənəkdir və ya digərindən söykənəcək istəyir".
Beləcə, Həsən müəllim təbiəti sevdi, sevdirdi. Onun ömür yolunu bütün varlığı ilə sevdiyi Azərbaycan təbiətinin göy qurşağına bənzətdilər, çünki onun rəng çalarlarında yaşamağın, xalqa ləyaqətlə xidmət etməyin hikməti, möcüzəsi həkk olunmuşdu. Azərbaycan adlı məmləkətə və bu məmləkətin insanlarına böyük məhəbbətin toplandığı bir ürək idi, Həsən müəllim, özü boyda bir ürək. Xalq şairi Məmməd Araz demiş: "Həsən Əliyevi həmişə əliqələmli, qoltuğu kitablı görmüşük. Həmişə axtarışda, həmişə qayğıda...".
Zümrüd QURBANQIZI
Respublika 2023.- 15 dekabr (№ 2724).- S.7.