Rənglər dünyasının SƏTTARI

 

Səttar Bəhlulzadə. Azərbaycanın bədii intibah dövrünü təcəssüm etdirən rəssam 1909-cu il dekabr ayının 15-də Bakının Əmircan qəsəbəsində doğulub, Azərbaycanın rəssamlıq tarixində silinməz iz qoyub. İlk təhsilini məhəllə məktəbində alıb. Sakit, ağırtəbiətli biri olan Səttar riyaziyyat fənninə daha böyük maraq göstərib. Bu səbəbdən hər kəs onun gələcəkdə böyük riyaziyyatçı olacağına inanıb. Lakin o öz sevdiyi, istədiyi yolla getməyə qərar verib. 1927-1931-ci illərdə Azərbaycan Rəssamlıq Məktəbində oxuyub. Bacarıqlı gənc yaradıcılığa o dövrdə məşhur rəssam Əzim Əzimzadənin rəhbərliyi ilə "Kommunist" qəzetində başlayıb. 1931-1933-cü illərdə burada onun müasir məzmunlu ilk karikaturaları çap olunub. 1933-1940-cı illərdə Moskva Dövlət Rəssamlıq İnstitutunda məşhur rəssamlar V.A.Favorski və Q.M.Şaqalın rəhbərliyi ilə rəssamlıq sənətinin, boyakarlığın sirlərini öyrənib.

 

Hələ gənc yaşlarında şəhərin küçələrini bəzəyən rənglərin kaleydoskopu mozaika naxışlı binalar, Bakının labirintli küçələrinin cazibəsi onun ilham mənbəyi olmuşdu. Səttar Bəhlulzadə 1941-1945-ci illərdə "Babək üsyanı" və "Fətəli xan" əsərlərini çəkir, bununla torpaqları uğrunda canını verməyə hazır tarixi şəxsiyyətləri təsvir edir. Vətənpərvərlik mövzusunda olan digər bir əsər isə "Bəzz qalasının müdafiəsi" adlanır. Bu əsər boyaların ahəngi, koloritin dürüstlüyü ilə fərqlənir. Sənətkar öz əsərlərində xalqının tarixiniruhunu boyaların dili ilə melodik bir şəkildə nəql etdirir. Onun rəsmləri Xəzər dənizinin ətri, qədim nağılların pıçıltısı hopmuş bir şəhəri əks etdirir.

 

Müharibədən sonra Səttar Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə daha çox yer ayrılır. 1946-1947-ci illərdə respublika bədii sərgilərində rəssamın Abşeron etüdləri - "Buzovnada neft mədənləri", "Əmircan", "Bakıda atəşfəşanlıq" və s. əsərləri nümayiş etdirilir. Onun "Qədim atəş" (1967), "Odlu torpaq", "Əbədi məşəllər", "Abşeron tağı" (1970) mənzərələrində fərdi təəssüratdan doğan lirik duyğular, həyəcanlar həlledici rol oynayır. Bəhlulzadə neftçilər haqqında əsərlərində neft mədənlərində əziyyət çəkənlərin zəhmətini və şücaətini əbədiləşdirmiş, onların məşəqqətini ağrılı cizgilərlə təsvir etmişdir.

 

Sənətkar Avropa incəsənətinin klassik ənənələrinə hakim olan, intibah ustalarının texnikalarını mənimsəsə də, o, öz əsərlərinə Azərbaycan mədəniyyətinin mahiyyətini aşılamağa, milli ənənələri innovasiyalarla mükəmməl şəkildə birləşdirməyə çalışıb. Onun sənəti qədimliklə müasirliyin vəhdətində güclənmiş, bənzərsiz olmuşdu. Sənətkarın ştrixləri xalq adət-ənənələrinin canlılığını, Azərbaycan mənzərəsinin ecazkar gözəlliyini, xalqının dözümlü ruhunu əks etdirirdi.

 

Yaradıcı fəaliyyətinə, sənətinə görə Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1960), Azərbaycan SSR Xalq rəssamı (1963) fəxri adlarına layiq görülən rəssama 1972-ci ildə isə Azərbaycan SSR Dövlət mükafatı verilib. Müasir Azərbaycan boyakarlıq sənətində mənzərə janrının yaradıcılarından, ən böyük ustadlarından biri olan Səttar Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat edib, Əmircana gətirilərək doğma kəndində dəfn olunub. Onun yaradıcılığı xalqımız üçün bənzərsiz mədəniyyət nümunəsidir. Dünya şöhrətli sənətkar Səttar Bəhlulzadənin adı mədəniyyət tarixində əbədi yaşayacaq.

 

Nurcan SÜLEYMANOVA

Respublika  2023.- 15 dekabr (№ 2724).- S.7.